...

Ramil Usubov türkiyəli həmkarı ilə görüşüb

Siyasət Materials 24 Oktyabr 2013 19:09 (UTC +04:00)
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov oktyabrın 24-də ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Əmniyyət Genel Müdiri (Milli Polis Təşkilatının rəhbəri) Mehmet Kılıçların başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Ramil Usubov türkiyəli həmkarı ilə görüşüb

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov oktyabrın 24-də ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Əmniyyət Genel Müdiri (Milli Polis Təşkilatının rəhbəri) Mehmet Kılıçların başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qonaqları səmimiyyətlə salamlayan nazir Türkiyə Respublikasının Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olduğunu xatırladaraq ölkələrimiz arasında əlaqələrin inkişafının ümummilli liderimiz Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu, bütün sahələri əhatə edən bu strateji ortaqlıq və qardaşlıq münasibətlərinin getdikcə dərinləşdiyini, qardaş ölkənin Milli Polis Təşkilatı rəhbərinin bu səfərinin hər iki ölkənin DİN-ləri arasında əməkdaşlığın daha da genişlənəcəyinə xidmət edəcəyini bildirmişdir.

Daha sonra nazir DİN-in funksional vəzifələri, mövcud kriminogen durum, müstəqilliyin ilk illərində qarşılaşdığımız problemlər, Ermənistanın təcavüzkarlıq siyasəti nəticəsində ərazi bütövlüyümüzün pozulması, torpaqlarımızın işğalı, 1 milyondan artıq soydaşımızın doğma yurdlarından qaçqın düşməsi, silahlı qrupların hakimiyyət uğrundakı mübarizəsi, həmin dövrdə cinayətkarlığın pik həddə çatması, cəzasızlıq mühitinin hökm sürməsi, respublikamızın vətəndaş müharibəsi təhlükəsi ilə üzləşməsi barədə qısa məlumat vermişdir.

Nazir demişdir ki, yalnız ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ali hakimiyyətə tarixi qayıdışından sonra onun rəhbərliyi altında cəmiyyət həyatının bütün sahələrində, hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının cinayətkarlıqla mübarizə, ictimai qayda və ictimai təhlükəsizliyin təmini sahəsində həyata keçirdikləri qətiyyətli tədbirlər nəticəsində Azərbaycanda sabitlik, əmin-amanlıq bərpa edilmiş, kriminogen durum nəzarətə götürülmüşdür. Bildirilmişdir ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin son illərdəki sürətli inkişafını şərtləndirən əsas amillərdən olan sabitlik yaradılmış və onun dönməzliyi təmin olunmuşdur. Daxili işlər naziri xatırlatmışdır ki, indi ölkəmiz nəinki MDB, eləcə də Şərqi Avropa məkanında əhalinin hər yüz min nəfərinə düşən cinayətlərin sayına görə sonuncu yerlərdən birini tutur. Kriminoqen durumun tam nəzarətə götürülməsi, sabitliyin bərpası ilk növbədə vətəndaşlarımızın, həmçinin əcnəbilərin təhlükəsiz, əmin-amanlıq şəraitində yaşayıb fəaliyyət göstərmələrinə, külli miqdarda xarici sərmayənin Azərbaycan iqtisadiyyatına qoyulmasına əlverişli şərait yaratmışdır.

General-polkovnik Ramil Usubov respublikamızda cinayətkarlıqla mübarizədə və ictimai təhlükəsizliyin qorunması sahəsində danılmaz xidmətləri olan polisin fəaliyyətini tənzimləyən, Avropa standartlarına uyğunlaşdırılmış, bir sıra mötəbər beynəlxalq təşkilatların və ekspertlərin müsbət rəylərini almış mükəmməl hüquqi-normativ baza yaradıldığını diqqətə çatdırmışdır.

Bildirilmişdir ki, daxili işlər orqanları əməkdaşlarının peşəkarlığının daha da artırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində görülən işlər sistemli şəkildə həyata keçirilir. Bu məqsədlə son illər Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların xətti ilə bir sıra inkişaf etmiş dövlətlərdə, o cümlədən Türkiyə Respublikasında keçirilən müxtəlif treninqlərdə və seminar-müşavirələrdə 3000-dən çox əməkdaşımız iştirak etmiş, həmçinin dost və qardaş ölkənin ali məktəblərində yüzlərlə həmvətənimiz, o cümlədən hərbi qulluqçular və əməkdaşlarımız təhsil alırlar.

Dövlətlərimizin başçılarının siyasi iradəsi və qarşılıqlı səfərləri nəticəsində dost və qardaş ölkələrimiz arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasından məmnunluğunu ifadə edən cənab Ramil Usubov rəhbərlik etdiyi qurumun qardaş Türkiyənin hüquq-mühafizə orqanları ilə münasibətlərin daha da inkişaf etdirilməsinə böyük önəm verdiyini bildirmişdir. Nazir ölkəmizdə ordu quruculuğunda, o cümlədən DİN Daxili Qoşunlarının formalaşmasında, ən müasir tələblərə cavab verən silahlı birləşməyə çevrilməsində, şəxsi heyətin peşəkarlığının daha da yüksəldilməsində Türkiyə tərəfinin böyük zəhməti olduğunu xüsusi vurğulamış və buna görə minnətdarlığını bildirmişdir. O, Türkiyə Respublikasının Milli Polis Təşkilatı rəhbərinin başçılıq etdiyi nümayəndə heyətinin bu səfərinin əməkdaşlığın daha da genişlənməsinə təkan verəcəyinə əminliyini ifadə etmişdir.

Problemlərə toxunan cənab Ramil Usubov transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan terrorçuluqdan ölkəmizin daim əziyyət çəkdiyini, müstəqilliyin ilk illərində erməni millətçiləri və terrorçu qrupları tərəfindən azərbaycanlılara qarşı 32 terror aktı törədildiyini xatırlatmış, eyni zamanda, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qeyri-qanuni miqrasiya ilə mübarizə kimi qlobal problemlərlə mübarizənin ölkəmizdə də diqqət mərkəzində dayandığını, onrlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyü vurğulamışdır.

Səmimi qəbula, xoş sözlərə və ətraflı məlumata görə təşəkkür edən Türkiyə Respublikasının Əmniyyət Genel Müdiri (Milli Polis Təşkilatının rəhbəri) Mehmet Kılıçlar qısa zaman kəsiyində respublikamızın qürur duyulacaq səviyyədə sürətli bir inkişaf yolu keçməsindən, ulu öndər Heydər Əliyevin "bir millət, iki dövlət" adlandırdığı Azərbaycan ilə Türkiyə arasında əlaqələrin genişlənməsindən məmnunluğunu bildirmişdir. O demişdir ki, dost və qardaş ölkələrimiz dünyada və bölgədə daimi sülhün bərqərar edilməsi, əmin-amanlığa və sabitliyin yaradılmasına ciddi əngəl olan qlobal problemlərə, o cümlədən mütəşəkkil cinayətkarlığın bütün təzahürlərinə qarşı hər zaman vahid mövqedən və birgə səylərlə çıxış edir. Qonaq ölkələrimizin polis təşkilatları arasındakı əlaqələrin bundan sonra daha da inkişaf etdirilməsində və genişləndirilməsində maraqlı olduqlarını diqqətə çatdırmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti