Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir S.Əliyev/
Oktyabrın 31-də Heydər Əliyev Mərkəzində Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu işə başlamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak etmişlər.
Bakı Beynəlxalq Humanitar Forumu ən geniş humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkandır. Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün ideal yerdir.
Forum XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavab axtarmaq, humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq üçün beynəlxalq miqyasda nüfuzlu elmi-siyasi platformadır.
Forumun həmsədrləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putindir.
Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda dünyanın 70-dən çox ölkəsindən rəsmi şəxslər, sabiq prezidentlər, tanınmış elm, mədəniyyət xadimləri, Nobel mükafatı laureatları iştirak edirlər.
Dövlətimizin başçısı Forumun açılışında nitq söylədi.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Forum iştirakçılarına müraciəti oxundu.
BMT-nin baş katibi Pan Gi Munun forum iştirakçılarına müraciəti diqqətə çatdırıldı.
UNESCO-nun baş direktoru xanım İrina Bokovanın Forumun iştirakçılarına video müraciəti təqdim olundu.
Sonra İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri çıxış etdi.
Daha sonra Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəl çıxış edərək forum iştirakçılarını salamladı.
Forum işini plenar iclasla davam etdirir.
İki gün davam edəcək Forumda səkkiz sahə üzrə "dəyirmi masa"lar təşkil ediləcək: "Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları", "İqtisadi inkişafın humanitar aspektləri", "Elmi innovasiyalar və onların təhsil mühitinə transferi", "Multikulturalizm və özgünlük: cəmiyyətdə dəyər konsensusu axtarışında", "Postmodern dövrdə milli özünüdərk", "Davamlı inkişaf və ekoloji sivilizasiya", "Molekulyar biologiya və biotexnologiyanın nailiyyətləri: nəzəriyyədən təcrübəyə", "Qloballaşan informasiya məkanında medianın aktual məsələləri".
Bakı Beynəlxalq Humanitar Forumu bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədi ilə hər il tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı qaliblərini və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan tədbirdir.
Forumun məqsədi "dəyirmi masa"lar vasitəsilə dialoqun qurulmasıdır. Forumun vəzifəsi ideyalar, nəzəri və praktiki bilik mübadiləsi, konstruktiv debat və müzakirələr üçün platforma formalaşdırılmasıdır.