...

Vladimir Putin: Bakı Beynəlxalq Humanitar Forumunun nüfuzu ildən-ilə artır

Siyasət Materials 31 Oktyabr 2013 12:58 (UTC +04:00)
Bakı Humanitar Forumu kimi belə iri beynəlxalq tədbirin nüfuzu ildən-ilə artır. Trend-in məlumatına görə, bu barədə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin oktyabrın 31-də Bakıda açılış mərasimi keçirilən III Bakı Beynəlxalq Humanitar Forumunun qonaqlarına və iştirakçılarına ünvanladığı müraciətdə deyilir.
Vladimir Putin: Bakı Beynəlxalq Humanitar Forumunun nüfuzu ildən-ilə artır

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir S. Əliyev/

Bakı Humanitar Forumu kimi belə iri beynəlxalq tədbirin nüfuzu ildən-ilə artır. Trend-in məlumatına görə, bu barədə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin oktyabrın 31-də Bakıda açılış mərasimi keçirilən III Bakı Beynəlxalq Humanitar Forumunun qonaqlarına və iştirakçılarına ünvanladığı müraciətdə deyilir.

Müraciəti Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdko oxuyub.

Müraciətdə deyilir: "Rusiya və Azərbaycan dövlət başçılarının himayədarlığı altında keçirilən forum bu dəfə dünyanın onlarla ölkəsindən olan görkəmli siyasətçiləri, alimləri, yaradıcı elitanın nümayəndələrini bir araya gətirib. Gündəlikdə olan məsələlər getdikcə daha müxtəlifnövlü və sıx olur".

Rusiya Prezidentinin müraciətində deyilir ki, gündəliyin birləşdirici xarakteri, iştirakçıların elm, təhsil, mədəniyyət və incəsənət sahələrində qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi üzrə ümumi səyləri dəyişməz olaraq qalır.

Müraciətin mətnində bildirilir: "Əminəm ki, forumda məzmunlu və faydalı diskussiyalar, yeni ideya və təşəbbüslər praktikada öz əksini tapacaq".

Qeyd edək ki, oktyabrin 31-dən noyabrın 1-dək Bakıda III Bakı Beynəlxalq Humanitar Forumu keçirilir. III Bakı Beynəlxalq Humanitar Forumunda dünyanın 70-dən çox ölkəsindən rəsmi şəxslər, sabiq prezidentlər, tanınmış elm, mədəniyyət xadimləri, Nobel mükafatı laureatları iştirak edirlər.

İki gün davam edəcək Forumda səkkiz sahə üzrə dəyirmi masalar təşkil ediləcək: "Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları", "İqtisadi inkişafın humanitar aspektləri", "Elmi innovasiyalar və onların təhsil mühitinə transferi", "Multikulturalizm və özgünlük: cəmiyyətdə dəyər konsensusu axtarışında", "Postmodern dövrdə milli özünüdərk", "Davamlı inkişaf və ekoloji sivilizasiya", "Molekulyar biologiya və biotexnologiyanın nailiyyətləri: nəzəriyyədən təcrübəyə", "Qloballaşan informasiya məkanında medianın aktual məsələləri".

Bakı Beynəlxalq Humanitar Forumu bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədi ilə hər il tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan tədbirdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti