...

Bakıda Tacikistan vətəndaşları prezident seçkilərində səs verirlər

Siyasət Materials 6 Noyabr 2013 11:09 (UTC +04:00)
Azərbaycanda müvəqqəti yaşayan Tacikistan vətəndaşları bu ölkənin Bakıdakı səfirliyində yaradılan seçki məntəqəsində prezident seçkilərində səs verirlər.
Bakıda Tacikistan vətəndaşları prezident seçkilərində səs verirlər

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycanda müvəqqəti yaşayan Tacikistan vətəndaşları bu ölkənin Bakıdakı səfirliyində yaradılan seçki məntəqəsində prezident seçkilərində səs verirlər.

Çərşənbə günü səfirlikdən Trend-ə verilən məlumata görə, seçki məntəqəsi saat 7:00-da açılıb. Saat 10:30-a olan vəziyyətə görə, seçicilərin artıq 10 faizi səs verib.

Diplomatik missiyanın məlumatına görə, səfirliyin konsul uçotunda 80 Tacikistan vətəndaşı durur.

Çərşənbə günü Tacikistanda prezident seçkiləri üzrə səsvermə başlayıb. Məntəqələr yerli vaxtla saat 06:00-dan 20:00-dək (Bakı vaxtı ilə saat 05:00-dan 19:00-dək) açıq olacaq.
Səsvermə hüququna 4 milyon 35 min Tacikistan vətəndaşı malikdir. Səsvermə dövlətin ərazisindəki 3158 məntəqədə və ölkə hüdudlarından kənarda 61 məntəqədə keçiriləcək.

Prezidentliyə 6 namizəd, o cümlədən hazırkı Prezident Emomali Rahmon qeydiyyata alınıb.

Tacikistan Prezidenti postu uğrunda, həmçinin Kommunist Partiyasının katibi, parlamentin deputatı İsmoil Talbakov, Demokratik Partiyanın sədri Saidcafar İsmonov, Sosialist Partiyasının sədri Abdulhalim Qaffarov, Aqrar Partiyanın nümayəndəsi Tolibbek Buxoriyev və İqtisadi İslahatlar Partiyasının sədri Olimcon Boboyev mübarizə aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti