...

Prezident İlham Əliyev: İyirmi birinci əsr türk dünyasının əsri olacaq - Türkiyə və Azərbaycan bu istiqamətdə liderlik rolunu öz üzərinə götürüb (FOTO)

Siyasət Materials 13 Noyabr 2013 16:33 (UTC +04:00)
"Qardaş Türkiyədə yenidən olmağımdan çox məmnunam. Prezident seçkiləri ilə əlaqədar etdiyiniz təbrikə görə çox minnətdaram və təbii ki, prezident seçkilərindən sonra ənənəvi olaraq ilk rəsmi səfərim Türkiyəyə edilən səfərdir. Bu bir ənənədir".
Prezident İlham Əliyev: İyirmi birinci əsr türk dünyasının əsri olacaq - Türkiyə və Azərbaycan bu istiqamətdə liderlik rolunu öz üzərinə götürüb (FOTO)

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

"Qardaş Türkiyədə yenidən olmağımdan çox məmnunam. Prezident seçkiləri ilə əlaqədar etdiyiniz təbrikə görə çox minnətdaram və təbii ki, prezident seçkilərindən sonra ənənəvi olaraq ilk rəsmi səfərim Türkiyəyə edilən səfərdir. Bu bir ənənədir". Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Ankarada Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının üçüncü iclasından sonra Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla birgə keçirdiyi mətbuat konfransında çıxışı zamanı deyib.

İ.Əliyev bildirib ki, bu ənənəni biz yaratdıq: "Və əminəm ki, bizdən sonra gələnlər də bu ənənəyə sadiq qalacaqlar: "Bu belə də olmalıdır. Çünki Türkiyə və Azərbaycan dünya çapında bir-birinə ən yaxın olan ölkələrdir. Bəlkə də dünyada ikinci belə ölkələr tapmaq çox çətindir ki, bir-birinə bu qədər bağlı olsun, bir-birinə bu qədər dəstək versin. Bu dəstək bizi gücləndirir. Türkiyənin bu inkişafı bizim inkişafımızdır. Türkiyənin gücü bizim gücümüzdür. Bu gün mən əziz qardaşımı, Baş naziri son illər ərzində onun liderliyi ilə əldə edilmiş bütün uğurlar münasibətilə ürəkdən təbrik etdim. Bu tarixi uğurlardır, böyük uğurlardır".

Prezident vurğulayıb ki, son on il ərzində Türkiyə böyük və şərəfli yol keçib:

"Türkiyə ağır iqtisadi vəziyyətdən şərəflə çıxa bilmişdir. Bu gün dünya çapında Türkiyə güclü dövlətlər sırasındadır və "Böyük 20-liy"in üzvüdür. Dünyada gedən proseslərə Türkiyənin təsir imkanları getdikcə artır, gələcəkdə daha da artacaq. Türkiyənin razılığı olmadan bizim bölgəmizdə heç bir təşəbbüs həyata keçirilə bilməz. Bu bizi sevindirir, bizi gücləndirir. Biz də öz növbəmizdə çalışırıq ki, Türkiyə-Azərbaycan əlaqələri bundan sonra yalnız yüksələn xətlə inkişaf etsin. Bugünkü Strateji Əməkdaşlıq Şurasının toplantısı da bu birliyin təzahürüdür. Hörmətli Baş nazirin dediyi kimi, toplantı əsnasında iki mühüm məsələ bir an içərisində öz həllini tapmışdır. Bu onu göstərir ki, bizim bir-birimizə olan hörmət, məhəbbət, bağlılıq o qədərdir ki, istənilən məsələ asanlıqla öz həllini tapa bilər. Biz çalışırıq və çalışmalıyıq ki, dövlətlərarası əlaqələr, iş adamları arasında əlaqələr, mədəni əlaqələr inkişaf etsin, eyni zamanda, insanlar arasında olan bağlılıq daha da sıx olsun. Tale elə buyurdu ki, 70 il ərzində biz bir-birimizdən ayrı düşmüşdük. Ancaq bu ayrılıq xalqlarımızın qəlbində olan sevgini söndürə bilməmişdir".

Dövlət başçısı qeyd edib ki, Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra dərhal Türkiyə ilə əlaqələr qurdu: "Türkiyə bizim müstəqilliyimizi tanıyan ilk ölkə olmuşdur. O gündən bu günə qədər biz daima Türkiyənin dəstəyini hiss edirik. Bu bizə əlavə güc verir və xüsusilə də bizim üçün ən vacib olan məsələdə - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində daima Türkiyəyə arxalanırıq, güvənirik. Əminik ki, Türkiyə daima bu məsələdə bizim yanımızda olacaqdır. Bildiyiniz kimi, uzun illərdir ki, torpaqlarımız işğal altındadır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra edilmir və ədalətsizlik davam edir. Bu gün bəzi hallarda Təhlükəsizlik Şurasının fəaliyyətsizliyi haqqında söhbət aparılır. Yəni qərar qəbul etməməkdə suçlandırılır. Ancaq bizim məsələmizdə qərar qəbul edilmişdir. Sadəcə olaraq bu qərarın icrası üçün mexanizmlər yoxdur. Biz ümid edirik ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Bunu etmək üçün biz daha da güclü olmalıyıq və biz bu məsələlər üzərində çalışırıq və Türkiyə-Azərbaycan əlaqələri bizim gücümüzü daha da artırır".

Prezidentin sözlərinə görə, dünən Türkiyənin hərbi sənayesinin inkişafı ilə bağlı göstərilən təqdimat onu çox təsirləndirdi: "Türkiyə bu gün bu sahədə də dünyada söz sahibidir. Türkiyədə istehsal olunan hərbi texnika dünyanın ən yüksək səviyyəsindədir".

İ.Əliyev bildirib ki, Azərbaycan və Türkiyəni birləşdirən ortaq tarixdir, mədəniyyət münasibətlərimizin möhkəm təməlidir: "Bu təməl üzərində biz gözəl bina tikirik, inşa edirik və əziz qardaşımın qeyd etdiyi kimi, bu binanın içində böyük transmilli layihələr var. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşası ilə biz sadəcə olaraq Azərbaycan neftini Türkiyəyə çatdırmaqla öz işimizi məhdudlaşdırmadıq. Bu bir dəhlizin açılması idi ki, bu dəhlizr vasitəsilə bu gün böyük layihələr icra edilir. "Marmaray" layihəsinin icra edilməsi münasibətilə bir daha Sizi, əziz qardaşım, təbrik edirəm! Bu sizin tarixi xidmətinizdir, türk xalqı qarşısında gördüyünüz işlər arasında daima tarixdə qalacaqdır. Siz bu layihənin həyata keçirilməsi ilə qitələri birləşdirdiniz, xalqları birləşdirdiniz və Türkiyənin uzunmüddətli gəlirlərini təmin etdiniz. Əlbəttə, Bakı-Tbilisi-Qars dəmiryolu da bu böyük layihənin tərkib hissəsidir".

Dövlət başçısı qeyd edib ki, Azərbaycan və Türkiyəni gələcəkdə böyük işlər gözləyir: "Biz bu işlərə hazırıq. TANAP layihəsinin həyata keçirilməsi Avropanın enerji xəritəsini tamamilə yenidən quracaqdır. Bu xəritədə Türkiyə və Azərbaycanın rolu xüsusi yer tutacaqdır. Çünki TANAP layihəsi dünya miqyasında enerji layihələri arasında ən böyük layihələrdən biridir. Bunu biz edəcəyik. Bu məsuliyyəti, siyasi yükü, maliyyə yükünü Türkiyə və Azərbaycan öz üzərinə götürmüşdür. Biz burada da birgə səylərlə liderlik nümayiş etdirdik. Bizim liderliyimiz sayəsində bir çox ölkələr fayda götürəcək. Çünki bugünkü dünyada enerji siyasətini xarici siyasətdən ayırmaq mümkün deyil. Biz bütün işləri birgə qururuq, birgə müzakirə edirik və Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının mahiyyəti və üstünlüyü ondan ibarətdir ki, toplantılar əsnasında bir çox məsələlər öz həllini tapır. Bu gün və bundan əvvəl olduğu kimi, gələcəkdə Bakıda keçiriləcək toplantıda da yeni qərarların verilməsinə nail olacağıq. Eyni zamanda, qarşılıqlı sərmayə qoyuluşu ilə bağlı bir-iki söz demək istərdim. Bu, çox gözəl bir göstəricidir".

İ.Əliyev qeyd edib ki, Azərbaycanın xaricə qoyulan və qoyulacaq ən böyük sərmayələri Türkiyəyə yatırılan sərmayələrdir: "Türkiyədən Azərbaycana qoyulan sərmayələr bizim iqtisadi inkişafımızı sürətləndirir. Bu sərmayələr qarşılıqlı etimad, inam, dostluq, qardaşlıq üzərində qoyulan sərmayələrdir. Mən deyəndə ki, bizim münasibətlərimizin təməlində qardaşlıq dayanır, bax, həyata keçirilən layihələr bunu təsdiqləyir. Qardaşlıq, dostluq əbədidir, əbədi olacaqdır. İyirmi birinci əsr türk dünyasının əsri olacaqdır. Türkiyə və Azərbaycan bu istiqamətdə liderlik rolunu öz üzərinə götürüb. Əminəm ki, birgə səylərlə biz böyük uğurlara gələcəkdə də imza atacağıq. Bir daha, əziz qardaşım, qonaqpərvərliyə, məhəbbətə görə Sizə minnətdaram. Qardaş türk xalqına bundan sonra da rifah, tərəqqi, xoşbəxtlik arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti