...

Prezident İlham Əliyev: Ukrayna Azərbaycan üçün yaxın, etibarlı və strateji tərəfdaşdır (FOTO)

Siyasət Materials 18 Noyabr 2013 22:50 (UTC +04:00)
Ukrayna Azərbaycan üçün yaxın tərəfdaş, etibarlı tərəfdaş, dost ölkə və strateji tərəfdaşdır. Bizim münasibətlərimiz praktiki olaraq iqtisadiyyatın bütün sahələrini, sosial sahəni əhatə edir.
Prezident İlham Əliyev: Ukrayna Azərbaycan üçün yaxın, etibarlı və strateji tərəfdaşdır (FOTO)

Azərbaycan, Bakı, 18 noyabr /Trend/

Ukrayna Azərbaycan üçün yaxın tərəfdaş, etibarlı tərəfdaş, dost ölkə və strateji tərəfdaşdır. Bizim münasibətlərimiz praktiki olaraq iqtisadiyyatın bütün sahələrini, sosial sahəni əhatə edir.

Viktor Fyodoroviçin qeyd etdiyi kimi, biz beynəlxalq təşkilatlarda fəal qarşılıqlı əlaqə saxlayırıq. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 18-də Kiyevdə mətbuata bəyanatla çıxışında deyib.

Prezident ilk növbədə səfərə dəvətə, ona və Azərbaycan nümayəndə heyətinin üzvlərinə göstərilən qonaqpərvərliyə, eləcə də prezident seçkilərində qələbə münasibətilə təbriklərə görə, Ukrayna Prezidenti Viktor Fyodoroviç Yanukoviçə təşəkkürümü bildirib:

"Qeyd etmək istərdim ki, mənim bu səfərim inauqurasiya mərasimindən bir ay sonra baş tutur. Fikrimcə, bu fakt özü çox şeyə dəlalət edir. Fürsətdən istifadə edib Ukraynanı ATƏT-də artıq başa çatmaqda olan uğurlu sədrliyi münasibətilə təbrik etmək, həmçinin bildirmək istərdim ki, bu il Azərbaycanın BMT Təhlükəsizlik Şurasında üzvlüyü də başa çatır. Bu, bizim ölkələrimizin nüfuzunun göstəricisidir. Biz dünya siyasətinin qlobal məsələlərinin həllində fəal iştirak edir və buna öz töhfəmizi veririk".

Dövlət başçısı bildirib ki, Ukrayna və Azərbaycan müstəqil xarici siyasət kursunu həyata keçirən ölkələrdir: "Bizim ölkələr öz aralarında fəal qarşılıqlı əlaqə saxlayır, bütün beynəlxalq təşkilatlarda həmişə bir-birini dəstəkləyir.

Bu gün biz qarşılıqlı maraq doğuran məsələlərin geniş spektrini - iqtisadi və humanitar sahələrlə bağlı məsələləri müzakirə etdik. Bizim yaxşı planlarımız, nazirliklər səviyyəsində yaxşı əlaqələrimiz vardır. Yanacaq-energetika sektorunun məsələləri bizim münasibətlərin gündəliyində həmişə xüsusi yer tutmuşlar. Bu gün biz gələcəkdə bu sahədə hansı yolla daha sıx kooperasiya qura biləcəyimizi müzakirə etdik. Çünki bizim fəal qarşılıqlı əlaqə saxlaya biləcəyimiz istiqamətlər çoxdur. Azərbaycan enerji ehtiyatlarının istehsalçısı kimi, Ukrayna isə istehlakçısı və tranzit ölkə kimi bir sıra ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayırlar. Buna görə də Xəzər və Qara dəniz regionlarının əməkdaşlığı, o cümlədən energetika sahəsində əməkdaşlıq məhz bizim birgə fəaliyyətimizin nəticəsidir. Azərbaycan uzun illərdir ki, öz enerji ehtiyatlarının Qara dəniz, Aralıq dənizi bazarlarına və dünya bazarlarına etibarlı nəql olunmasını və çatdırılmasını təmin edir".

İlham Əliyev vurğulayıb ki, hərbi-texniki sahədə də yaxşı əməkdaşlıq ənənələri vardır: "Biz burada da etibarlı tərəfdaşlarıq və bir-birimizi çoxdan sınamışıq. Hesab edirəm ki, bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün potensial vardır. Müştərək elmi araşdırmalar sahəsində də yaxşı perspektivlər vardır.

Bu gün imzalanmış sazişlər də əsas diqqəti, bizim fikrimizcə, yaxşı potensialın olduğu sahələrə yönəldir. Bunlar regionlararası əməkdaşlıq məsələləridir. Zənnimcə, bizim regionların yaxınlaşması üzrə səylərimizi artırmalıyıq və qardaşlaşmış şəhərlər kimi yaxşı praktikaya ciddi münasibət bəsləməliyik. Aqrar siyasətlə bağlı məsələlər bizim üçün əlbəttə, Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından vacibdir. Bu sahədə Ukraynanın həm istehsal, həm də ixrac potensialı çox böyükdür.

Başqa sözlə desək, əməkdaşlığın bir sıra sahələrində bizim yaxşı, müsbət nəticələrimiz vardır".

Prezident qeyd edib ki, Azərbaycanda Ukraynanı tanıyırlar, sevirlər: "Bakı Slavyan Universitetində Ukrayna dili öyrənilir. Yəni, humanitar sahədə də bütün işlərimiz yaxşıdır. Bu gün biz humanitar sahədə münasibətlərimizin daha da inkişaf etdirilməsi, o cümlədən ölkələrimizin mədəniyyət günlərinin keçirilməsi yollarını müəyyən etdik ki, mədəniyyətlərarası dialoq inkişaf etsin. Bunun üçün yaxşı perspektivlər vardır.

Deməliyəm ki, səfərin nəticələrindən çox məmnunam. Viktor Fyodoroviçlə biz regional, beynəlxalq problemlərin ən mühüm məsələlərinə dair ətraflı fikir mübadiləsi apardıq. Viktor Fyodoroviçin qeyd etdiyi kimi, baxışlarımız üst-üstə düşür. Biz dostuq, tərəfdaşıq və güman edirəm ki, bu səfərin yekunlarına əsasən tərəfdaşlığımız daha yüksək səviyyəyə çatacaqdır.

Qonaqpərvərliyə görə Viktor Fyodoroviçə bir daha təşəkkür etmək, qardaş Ukrayna xalqına firavanlıq və tərəqqi diləmək istəyirəm. Təşəkkür edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti