Azərbaycan, Bakı, 4 dekabr /Trend/
Baş nazir Rəcəb Tayyib Ərdoğanın Türkiyə vətəndaşları üçün Avropa İttifaqı (Aİ) ilə viza rejiminin sadələşdirilməsi müqabilində readmissiya haqqında sazişin imzalanmasına razılıq verməsindən sonra Ankara və Brüssel viza sazişi üzrə konkret addımlar atmaq niyyətindədirlər. Bu barədə Trend Türkiyə mətbuatına istinadən məlumat verir.
Türkiyə üçüncü ölkələrin vətəndaşları üçün readmissiya haqqında sazişi bəyənəcək, eyni zamanda, "yol xəritəsi"nə uyğun olaraq, Türkiyə vətəndaşları üçün Avropa İttifaqı ilə vizasız rejim üzrə danışıqlara başlanılacaq.
Readmissiya haqqında saziş həyata keçirildikdən sonra Avropa İttifaqı Türkiyə vətəndaşları üçün viza rejiminin sadələşdirilməsinə razılıq verməsə, Ankara prosesi dayandıra bilər.
Əgər proses sazişin imzalanmasından sonra lazımi qaydada davam etsə, Türkiyə vətəndaşları 3 ildən sonra Avropaya vizasız gedə biləcəklər.