...

Prezident İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi şəhərciyində aparılan yenidənqurma işləri ilə tanış olub, idman kompleksinin açılışında iştirak edib (FOTO)

Siyasət Materials 18 Yanvar 2014 16:55 (UTC +04:00)
Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi şəhərciyində aparılan tikinti və yenidənqurma işləri ilə tanış olmuş, Xidmətin idman kompleksinin açılışında iştirak etmişdir.
Prezident İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi şəhərciyində aparılan yenidənqurma işləri ilə tanış olub, idman kompleksinin açılışında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 18 yanvar /Trend/

Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi şəhərciyində aparılan tikinti və yenidənqurma işləri ilə tanış olmuş, Xidmətin idman kompleksinin açılışında iştirak etmişdir.

Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general-polkovnik Vaqif Axundov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin hərbi şəhərcikdəki abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Sonra Prezident İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin Situasiya Mərkəzinin fəaliyyəti ilə tanış oldu.

Dövlətimizin başçısına son illər hərbi şəhərcikdə həyata keçirilən tikinti və yenidənqurma işləri barədə məlumat verildi. Qeyd olundu ki, hərbi şəhərciyin ərazisində kommunikasiya xətləri yenidən qurulmuş, ərazidəki köhnə tikililər sökülərək yeni binalar inşa edilmişdir. Yeni tikilən beşmərtəbəli iki binada xidmətin əməkdaşlarının fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. Bundan əlavə, futbol meydançasında yenidənqurma işləri həyata keçirilmiş, bütün idman qurğuları hamısı, o cümlədən qaçış zolağı yenilənmiş, tribuna yenidən qurulmuşdur.

Sonra Prezident İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin idman kompleksinin rəmzi açılışını bildirən lenti kəsdi.

Kompleksin girişində ulu öndər Heydər Əliyevin barelyefi vurulmuş, Ümummilli Liderin və Prezident İlham Əliyevin ölkədə idmanın və Olimpiya hərəkatının inkişafına göstərdikləri diqqət və qayğıdan bəhs edən fotoguşə yaradılmışdır.

Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundov məlumat verdi ki, 8 min kvadratmetr ərazisi olan kompleksdə idmanın bütün növləri ilə məşğul olmaq üçün hər cür şərait vardır. Burada yüksək standartlara malik üzgüçülük hovuzu yaradılmışdır. Xidmətin əməkdaşlarının kompleksdə təlim keçmələri üçün bütün imkanlar mövcuddur.

Dövlətimizin başçısı xidmətin əməkdaşlarının istifadəsində olan xüsusi geyim formalarına və ləvazimatlarına baxdı. Qeyd olundu ki, bu müasir avadanlıqlar vasitəsilə sualtı mühafizə tədbirlərinin təşkili yüksək səviyyədə həyata keçirilir. Müxtəlif növ dalğıc kostyumları, hidrokostyum, sualtı xüsusi avtomat, fənər və kompyuter saatı, həmçinin nəfəstənzimləyici, məsafəölçən, siqnalgücləndirici, sualtı videoçəkiliş aparatı, sualtı minaaxtaran və digər avadanlıqlar əməkdaşlara xidməti lazımi formada həyata keçirməyə imkan verir.

Diqqətə çatdırıldı ki, kompleksdə müasir avadanlıqla təchiz olunan tibb məntəqəsi də vardır. Buradakı təlimat zalları yüksək səviyyədə qurulmuşdur. Kompleksdə bir sıra idman növləri ilə məşğul olmaq üçün də lazımi şərait yaradılmışdır.

Dövlətimizin başçısı əlbəyaxa döyüş zalında şəxsi heyətin nümunəvi çıxışlarına baxdı.

Məlumat verildi ki, trenajor zalı ən müasir avadanlıqla təchiz olunmuş kompleksdə basketbol, voleybol və digər kütləvi idman yarışlarının keçirilməsi üçün 360 tamaşaçı yerlik zal da yaradılmışdır.

Kompleksdə yaradılan şəraitlə tanış olduqdan sonra Prezident, Ali Baş Komandan İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin şəxsi heyəti ilə görüşdü.

Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general-polkovnik Vaqif Axundov şəxsi heyət adından dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Sonda xatirə şəkli çəkdirildi.

Xatırladaq ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsinin təşkili ilə bağlı imzaladığı Fərmanla yaradılan bu qurum təsis edildiyi gündən etibarən digər hüquq mühafizə orqanları kimi, ölkəmizdə sabitliyin və əmin-amanlığın təmin olunması, dövlətin təhlükəsizliyinin qorunması istiqamətində mühüm işlər görmüşdür. Azərbaycanın sürətli iqtisadi inkişafı, enerji sektorunda əldə edilən uğurlar, ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı rolun getdikcə artması, şaxələndirilmiş enerji marşrutlarının təhlükəsizlik məsələləri Xüsusi Dövlət Mühafizə Xidmətinin qarşısına yeni vəzifələr qoymuşdur. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Xüsusi Dövlət Mühafizə Xidmətinin tərkibində İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsinin yaradılması qurumun fəaliyyətini daha da genişləndirmişdir. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Xüsusi Dövlət Mühafizə Xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi, şəxsi heyətin peşəkarlığının daha da artırılması, qurumun ən müasir texniki avadanlıqla təchiz olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməyə başlanmışdır.

Dövlətimizin başçısının Sərəncamı ilə Xüsusi Dövlət Mühafizə Xidmətinin Müasir Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Mərkəzi yaradılmışdır. Mərkəzdə dövlət orqanlarının internet informasiya resurslarının, operativlik və təhlükəsizlik tələblərinə cavab verən və hazırda Avropa ölkələrinin əksəriyyətində istifadə edilən "TETRA" radiorabitə sistemi tətbiq olunur. 2013-cü ilin aprelində Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycanın xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin mühafizəsinin təmin edilməsi məqsədilə Xüsusi Dövlət Mühafizə Xidmətinin tərkibində Diplomatik Nümayəndəliklərin Mühafizəsi İdarəsinin yaradılması qurumun üzərinə yeni vəzifələr qoymuşdur.

Xüsusi Dövlət Mühafizə Xidməti son illər Azərbaycanda gedən sürətli inkişaf prosesləri, ölkədə nəhəng infrastruktur layihələrinin icrası, dövlət orqanlarının işinin keyfiyyətcə yeni mərhələyə daxil olması və digər beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi ilə bağlı üzərinə düşən vəzifələri yüksək peşəkarlıqla həyata keçirir. Şəxsi heyətin sosial həyat şəraitinin yaxşılaşdırılması, xidmətin səviyyəsinin daha da yüksəldilməsi ilə əlaqədar tədbirlər də ardıcıl olaraq davam etdirilir. Xüsusi Dövlət Mühafizə Xidmətinin idman kompleksinin tikilməsi və bu çərçivədə bir çox digər tədbirlərin həyata keçirilməsi bunun bariz nümunəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti