...

Prezident İlham Əliyev: Azərbaycan gələn il Avropa Oyunlarını yüksək səviyyədə keçirəcək (FOTO)

Siyasət Materials 22 Yanvar 2014 08:03 (UTC +04:00)
Yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göygöl Olimpiya İdman Kompleksinin açılışında iştirak etmişdir.
Prezident İlham Əliyev: Azərbaycan  gələn il Avropa Oyunlarını yüksək səviyyədə keçirəcək (FOTO)

Azərbaycan, Bakı, 22 yanvar /Trend/

Yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göygöl Olimpiya İdman Kompleksinin açılışında iştirak etmişdir.

Son 10 ildə Azərbaycan idman sahəsində də mühüm nailiyyətlər əldə etmişdir.

Prezident İlham Əliyevin idmana diqqəti sayəsində Azərbaycan artıq idman ölkəsi kimi bütün dünyada layiqli yerini tutmuşdur. Bu gün müstəqil Azərbaycanın idmançıları dünya miqyasında böyük uğurlar qazanırlar. Ölkəmiz dünya idman ailəsinə möhtəşəm mərkəz kimi daxil olmuşdur. İndi istər Bakı, istərsə də bölgələrdə region və beynəlxalq əhəmiyyətli idman yarışları ən yüksək səviyyədə keçirilir. Bu məsələdə regionlardakı müasir idman qurğuları müstəsna rol oynayır. Dövlət siyasətinin nəticəsi olaraq indi bütün rayonlarda gözəl və hər cür şəraiti olan idman strukturu yaradılır. Bunlardan biri də, Göygöldə yaradılan Olimpiya İdman Kompleksidir. Belə komplekslər bir daha sübut edir ki, ölkədə idmanın kütləviliyini artırmaq, gənclərin idmana marağını təmin etmək və bu sahədə yeni-yeni qələbələr qazanmaq üçün dövlət tərəfindən məqsədyönlü işlər həyata keçirilir. Azərbaycanda idman sahəsinə göstərilən diqqət artıq bütün dünyada böyük rəğbətlə qarşılanır. Bunun nəticəsidir ki, 2015-ci ildə ilk Avropa Oyunları və 2017-ci ildə İslam Həmrəyliyi Oyunları Azərbaycanda keçiriləcəkdir.

Prezident İlham Əliyev Göygöl Olimpiya İdman Kompleksinin açılışını bildirən rəmzi lenti kəsdi. Dövlətimizin başçısına yeni kompleks haqqında məlumat verən gənclər və idman naziri Azad Rəhimov bildirdi ki, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na əsasən Göygöl Olimpiya İdman Kompleksinin tikintisinə 2010-cu ilin sonunda başlanmışdır. Binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Göygöl rayonunda ictimaiyyətin nümayəndələri, həmçinin idmançılarla görüşlərini əks etdirən fotolardan ibarət guşələr yaradılmışdır. Zallar ən müasir idman qurğuları ilə təchiz olunmuşdur. Burada müasir üzgüçülük hovuzu da tikilmişdir. Kompleksdə güləş, universal idman, şahmat və boks zalları, məşqçilər üçün otaqlar, konfrans zalı və digər zəruri otaqlar mövcuddur. Müxtəlif idman tədbirlərinin keçirilməsi üçün hər cür şəraitlə təchiz edilən universal idman zalı 780 tamaşaçı üçün nəzərdə tutulmuşdur.

Kompleksin infrastrukturu da ən müasir tələblərə cavab verir. Beynəlxalq standartlara uyğun inşa edilən kotteclərdə istirahət üçün ən yüksək şərait yaradılmışdır.

Kompleksin açıq futbol stadionu da vardır. FİFA standartlarına cavab verən stadionun ətrafında yüngül atletika yarışları üçün qaçış zolağı salınmışdır. Stadionda 1300 tamaşaçı tutumu olan üstüörtülü tribuna tikilmişdir.

Dövlətimizin başçısına məlumat verildi ki, Göygöl rayonunun idmançıları beynəlxalq və respublika səviyyəli idman yarışlarında mühüm nailiyyətlər qazanmışlar. Hazırda rayonda idmanın müxtəlif növləri üzrə 2 Avropa və 14 dünya çempionu vardır.

Göygöl Olimpiya İdman Kompleksi ilə tanışlıqdan sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən Prezident İlham Əliyev dedi: "Göygöldə Olimpiya Mərkəzi tikilibdir. Bu gün bu mərkəzin açılışını birlikdə qeyd edirik. Sizi təbrik edirəm. Burada idmanla məşğul olmaq üçün bütün imkanlar vardır. Mən soruşuram deyirlər ki, ümumiyyətlə, Göygöl rayonunda idman obyektləri, idmanla məşğul olmaq üçün imkan olmamışdır. İndi belə gözəl imkan vardır. Ən yüksək səviyyədə tikilibdir - hovuz, oyun, məşq zalları, artıq burada gözəl memarlıq özünü göstərir. Bir də ki, kotteclər, mehmanxana. Yəni, rayonun inkişafı üçün bu mərkəzin çox böyük əhəmiyyəti vardır. Burada şahmat dərnəyi fəaliyyət göstərəcəkdir.
Ona görə, biz Göygöl idmançılarından yaxşı nəticələr gözləyirik. Gərək yaxşı nəticələr, qələbələr olsun, həm ölkə çempionatlarında, həm də beynəlxalq turnirlərdə".

Prezident bildirib ki, indi belə şəraitdən sonra gərək yaxşı da nəticələr olsun: "Çünki Azərbaycanda idman sürətlə inkişaf edir. Biz idman aləmində yüksək zirvələrə qalxmışıq. Azərbaycan indi idman dövlətidir, çoxlu medallarımız, idmançılarımız, dünya, Olimpiya çempionları vardır. Keçən il təkcə bir il ərzində Olimpiya idman növləri üzrə dörd dünya çempionumuz olmuşdur. 2012-ci ildə Yay Olimpiya Oyunlarında böyük qələbə qazanmışıq. Universiadada gənc idmançılarımız Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırmışlar. Yəni, biz idman ölkəsi kimi özümüzü artıq təsdiq etmişik. Gərək bu müsbət dinamika davam etsin. Buna nail olmaq üçün gərək uşaqlar, yeniyetmələr hər yerdə, hər bir rayonda idmanla məşğul olsunlar. Biz bu şəraiti yaradırıq.
Göygöl Olimpiya İdman Kompleksi Azərbaycanda tikilən sayca 41-ci regional kompleksdir. Artıq Bakıdan başqa 41 şəhərdə idmanla məşğul olmaq üçün gözəl imkanlar vardır".

İlham Əliyev qeyd edib ki, Bakıda isə Avropa Oyunlarına hazırlıq gedir: "Yeni idman obyektləri tikilir - Olimpiya Stadionu, Su İdmanı Sarayı, Stend Atıcılığı Mərkəzi, Gimnastika Kompleksi. Əvvəllər tikilmiş idman obyektləri təmir edilir. Biz gələn il Avropa Oyunlarını yüksək səviyyədə keçirməliyik və əminəm ki, keçirəcəyik.
Ona görə, indi Göygöldə idmanla bağlı problemlər öz həllini tapacaqdır. Burada gözəl məşq prosesi təşkil edilməlidir. Eyni zamanda, yığma komandalarımız da gəlib burada təlim-məşq toplantılarında iştirak etməlidirlər. Bir sözlə, əminəm ki, Göygöl Olimpiya Kompleksinin gözəl gələcəyi olacaqdır.
Bütövlükdə, rayonda bu gün bir neçə tədbirdə iştirak etmişəm. Onların içərisində əlbəttə ki, su-kanalizasiya layihəsini xüsusi qeyd etmək istəyirəm. Siz yaxşı bilirsiniz ki, Göygöl rayonunda su təchizatı həmişə böyük problem olub. Təmiz, keyfiyyətli içməli su həmişə problem olub. Bu problem artıq aradan qaldırılıb. İndi ölkəmizdə ən təmiz və keyfiyyətli sulardan biri artıq Göygölə verilir. Şəhər içməli su ilə tam təmin edilir. Bu su kəmər boyu yerləşən yeddi kəndə də verilir. Gələcəkdə başqa kəndlərin su problemi də həll ediləcəkdir. Bu, tarixi layihədir, tarixi nailiyyətdir. Çünki bu ərazidə, bu rayonda heç vaxt keyfiyyətli su olmamışdır Bax, Azərbaycan dövlətinin siyasəti və gücü bunda özünü göstərir".

Dövlət başçısı qeyd edib ki, insanların sağlamlığı, rahat yaşamaları üçün Azərbaycan dövləti bu böyük layihələri icra edir: "Dağlardakı mənbədən 25 kilometr uzunluğunda kəmər çəkilib, böyük vəsait xərclənibdir. Dağların arasında süni göl, yəni, su hövzəsi yaradıldı ki, burada yaşayan sakinlər təmiz su içsinlər. Mənə verilən məlumata görə, şəhərin qaz problemi də 100 faiz həll edilib. Göygöl şəhəri 100 faiz qazlaşdırılıbdır. Kəndlərin yarısı da qazlaşdırılıbdır. Bu da heç vaxt olmamışdır. İndi biz buraya da qaz çəkdik, 100 faiz təmin olundu.
Elektriklə bağlı problemlər həll edilibdir. Kənd yolları tikilir. Bir layihə icra edilir, daha bir layihə icra ediləcəkdir. Təkliflər verilib. Elə etməliyik ki, burada bir dənə də təmirsiz kənd yolu qalmasın.
Bütün rayon infrastrukturu inkişaf edir və yeniləşəcəkdir.
Əlbəttə ki, rayonun aqrar potensialı çox böyükdür. Bu istiqamətdə hələ görüləsi işlər çoxdur. Turizm potensialı da vardır. Ancaq turizm potensialının inkişafı, ondan səmərəli şəkildə istifadə etmək üçün şərait olmalıdır. Yol, qalmağa yer, infrastruktur olmalıdır. Bunları da biz yaradırıq və yaradacağıq.
Göygöl rayonunun inkişafı üçün əlavə təbdirlər də görüləcək, vəsait də ayrılacaqdır ki, burada işlər həmişə yaxşı getsin.
Əvvəlki səfərlərimdə xəstəxananın açılışında bərabər olmuşuq. Bu gün Bayraq Meydanının təqdimatı keçirilmişdir. Bu da çox önəmli məsələdir. Bizim bayrağımız dövlətçiliyimizin rəmzidir. İndi hər şəhərdə bayraq meydanı vardır. Bu da müasir Azərbaycanın yenilikləridir. Bakıda və hər bir şəhərdə. Bütün digər istiqamətlər üzrə Bakıda nə varsa, bütün şəhərlərdə də olmalıdır. Deyə bilərəm ki, Bakı hələ 100 faiz su ilə təmin edilməyib. Bakıda görülən son işlər hesabına biz davamlı suyun verilməsini ancaq 78 faiz səviyyəsinə qaldıra bilmişik. Amma Göygöldə 100 faizdir. Qazlaşdırma Bakıda 96 faiz, Göygöldə 100 faizdir. Bunlar regional proqramın icrası nəticəsində mümkün olmuşdur. İki proqram icra edilibdir. Üçüncü proqram da yaxın gələcəkdə qəbul ediləcəkdir. O da beşillik proqram olacaqdır. Orada hər bir rayon, o cümlədən Göygöl rayonu üzrə konkret beşillik fəaliyyət planı öz əksini tapacaqdır. Hər bir vətəndaş proqramı oxuya bilər ki, onun rayonunda hansı işlər gözlənilir. Artıq proqram daha çox yerlərdən gələn təkliflər əsasında tərtib edilir. Sakinlərin müraciətləri nəzərə alınır. Bildiyiniz kimi, dövlət və hökumət orqanlarının vəzifəli şəxsləri mütəmadi qaydada bölgələrə ezam olunurlar, sakinlərlə görüşürlər, onların problemlərini eşidirlər və həll edirlər. Bax, növbəti proqram da sakinlərdən gələn təkliflər əsasında formalaşıbdır. Növbəti beş il ərzində qalan infrastruktur, sosial məsələlər öz həllini tapacaqdır, o cümlədən məktəb tikintisi. Hələ ki, Göygöldə də təmirsiz məktəblər, digər sosial və infrastruktur layihələr vardır.
Bu gözəl obyektin - idman kompleksinin açılışı münasibətilə sizi bir daha təbrik edirəm, sizə cansağlığı, uğurlar arzulayıram".

Rayon ictimaiyyəti adından çıxış edən Vidadi Rzayev ölkənin bütün regionları kimi, Göygölə də göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq edərək dedi: "Möhtərəm cənab Prezident, Sizi Göygöl rayon ictimaiyyəti, gəncləri və idmançıları adından salamlayır, rayonumuza "Xoş gəlmisiniz!" deyirəm.
Cənab Prezident, ulu öndərimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi Siz respublikamızı daim xoşbəxt gələcəyə aparırsınız. Respublikaya rəhbərlik etdiyiniz 10 il ərzində ölkəmizin siması kökündən dəyişmiş, Azərbaycan dünyanın heç bir ölkəsinin nail ola bilmədiyi sürətli inkişaf yolu keçmişdir.
Cənab Prezident, Sizin qayğınız sayəsində bütün sahələr kimi, idman da sürətlə inkişaf edir. Siz Azərbaycanda idmanın kütləviliyini təmin edirsiniz. Bununla da ölkədə sağlam nəsil formalaşdırırsınız.
Artıq dünyada idman ölkəsi kimi tanınan Azərbaycanda müasir idman qurğuları tikilmiş, Olimpiya hərəkatı geniş vüsət almışdır. Yaradılan müasir infrastruktur Azərbaycan idmançılarına dünya və Avropa birinciliklərində möhtəşəm qələbələr qazandırmışdır. Biz səbirsizliklə 2015-ci ildə Avropa Oyunlarının Azərbaycanda keçirilməsini gözləyirik. Bu oyunların Azərbaycanda keçirilməsi barədə qərar Sizin uğurlu siyasətinizin nəticəsidir. Bu, çox böyük tarixi hadisə, ölkəmizin möhtəşəm uğurudur. Mehriban xanımın bu oyunların təşkilati işlərini öz üzərinə götürməsi isə digər möhtəşəm beynəlxalq tədbirlərdə olduğu kimi, bu tədbirin də çox yüksək səviyyədə keçəcəyinə bizdə heç bir şübhə qoymur. Ona görə də Sizə və Mehriban xanıma bütün göygöllülər adından dərin minnətdarlığımızı bildiririk.
Cənab Prezident, bu gün açılışını etdiyiniz Göygöl Olimpiya İdman Kompleksinə gənclərin böyük axını olacaqdır. Bu idman kompleksində gənclərimiz idmanın müxtəlif bölmələrində məşğul olub öz ustalıqlarını artıracaq, tezliklə Azərbaycan yığma komandasının tərkibində Avropa, dünya birinciliklərində ölkəmizin bayrağını yüksəklərə qaldıracaqlar. Buna əmin ola bilərsiniz.
Mən Sizə göygöllülər adından bir daha minnətdarlığımı bildirir, uzun ömür, cansağlığı arzulayıram".

Prezident İlham Əliyev: Sağ olun.

Sonda xatirə şəkli çəkdirildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti