...

Fransa XİN-in arxivində ermənilərin xalqımıza qarşı törətdiyi qətliamlara dair çox mühüm sənəd aşkarlanıb

Siyasət Materials 31 Yanvar 2014 12:46 (UTC +04:00)
Fransa Xarici İşlər Nazirliyinin arxivində ermənilərin xalqımıza qarşı törətdiyi tarixi cinayətləri sübuta yetirən sənəd aşkarlanıb.
Fransa XİN-in arxivində ermənilərin xalqımıza qarşı törətdiyi qətliamlara dair çox mühüm sənəd aşkarlanıb

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir S.Əhmədova/

Fransa Xarici İşlər Nazirliyinin arxivində ermənilərin xalqımıza qarşı törətdiyi tarixi cinayətləri sübuta yetirən sənəd aşkarlanıb.

Trend-in Azərbaycanın Los Anceles şəhərindəki Baş Konsulluğunun Facebook səhifəsinə istinadən verdiyi məlumata görə, ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi qətliamları və tarixi cinayətləri sübuta yetirən bu sənəd Fransanın vaxtilə Tbilisidə fəaliyyət göstərən Qafqaz üzrə ali komissarı (səfiri) Damien de Martel tərəfindən Fransanın Xarici İşlər Nazirliyinə (XİN) göndərilmiş və hazırda Fransa XİN-in arxivində saxlanılan məktubudur.

Məktubda Ali Komissar Ermənistanda, paytaxt Yerevan ətrafında yaşayan qadın və uşaqlar da daxil olmaqla, 4 000 azərbaycanlının 1920-ci ilin iyun ayında erməni ordusu tərəfindən necə kütləvi qırğına məruz qaldığı göstərilir.

Bu məktub Fransanın Qafqaz üzrə ali komissarı Damien de Martel tərəfindən 20 iyul 1920-ci ildə Fransanın Xarici İşlər Nazirliyinə göndərilib.

Sözügedən bu tarixi sənəddən çıxarışda deyilir: "...Bu hərbi əməliyyatlara gəldikdə isə, Ermənistandan yenicə qayıtmış şahidlərdən əməliyyatların necə aparıldığına dair bir sıra məlumatlar əldə etmişəm. İyun ayının axırlarında İrəvanın cənubunda erməni qoşunları 40 000-dən çox müsəlmanın [azərbaycanlının] məskunlaşdığı 25 tatar [azərbaycanlı] kəndini mühasirəyə almışlar. Paytaxta yaxın ərazidə yaşayan və hər hansı müstəqillik iddiasında olmayan buradakı əhali həmişə sakit və sülhpərvər həyat tərzi sürüb. Onları top atəşləri ilə yaşadıqları kəndlərdən qovaraq Araz çayına töküblər. Boşalan kəndləri isə qısa zamanda gəlmə ermənilər işğal edib. Bu hadisə zamanı erməni əsgərlər tərəfindən qadın və uşaqlar da daxil olmaqla 4 000 nəfər Araz çayına tökülərək öldürülüb".

Bu sənədi maraqlı edən birinci amil ondan ibarətdir ki, həmin dövrdə ermənilər bir tərəfdən fransızları köməyə çağıraraq, onları bolşeviklərdən qorumağa və hətta Türkiyədəki "tarixi erməni torpaqlarını" işğal etməyə səsləyir.

Digər tərəfdən isə sözügedən sənəddən də görüldüyü kimi, Fransanın Qafqaz üzrə ali komissarı azərbaycanlılara qarşı törədilmiş qətliamları təsdiqləyir. Bir sözlə, fakt öz faktlığında qalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti