...

Suriya hökuməti və müxalifəti Humsda atəşkəsin uzadılması barədə razılığa gəliblər

Siyasət Materials 11 Fevral 2014 04:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 fevral /Trend/

Suriya hökuməti və müxalifət nümayəndələri BMT və Suriya Ərəb Qızıl Aypara Cəmiyyətinin birgə humanitar aksiyasının keçirildiyi Hums şəhərində atəşkəsin müddətinin uzadılması barədə razılığa gəliblər. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə BMT baş katibinin humanitar məsələlər üzrə müavini Valeri Amos bildirib.

V.Amos bəyanatında qeyd edib: "Mən münaqişə tərəflərinin Humsda köhnə şəhərin ərazisində atəşkəsin müddətinin daha 3 gün uzadılması barədə razılıq əldə etməsini alqışlayıram".

Qeyd edək ki, ötən həftə hökumət və müxalifət dinc sakinlərin şəhəri tərk etməsinə imkan vermək və humanitar yardımın çatdırılmasını təmin etmək üçün Humsda üç gün ərzində hərbi fəaliyyəti dayandırmaq barədə razılığa gəlmişdilər. Ötən cümə günü şəhərdən yüzlərlə dinc sakini çıxarmaq və humanitar yardımı çatdırmaq mümkün olub. Lakin əməliyyat zorakılığın artması səbəbindən çətinləşib. Belə ki, bazar günü şəhərin rayonlarından biri artilleriya zərbəsinə tuş gəlib, nəticədə 5 nəfər ölüb. Bir gün əvvəl isə Humsa gedən humanitar karvanın atəşə tutulması barədə məlumatlar yayılmışdı.

Suriyaya, xüsusilə də Hums şəhərinə humanitar yardımların çatdırılması ilə bağlı vəziyyət ölkə hökuməti və müxalifət nümayəndələrinin Cenevrədəki danışıqlarda həll etməyə çalışdığı əsas problemlərdən biridir.

Suriyada 100 mindən çox insanın həyatına son qoyan (BMT-nin məlumatına görə - red.) silahlı münaqişə 2011-ci ilin mart ayından davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti