...

Prezident Administrasiyası: Bu gün QHT sektorunda ən çox layihə həyata keçirən qrup gənclər təşkilatlarıdır (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 1 Mart 2014 12:01 (UTC +04:00)
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun illik yekun hesabat konfransı keçirilib.
Prezident Administrasiyası: Bu gün QHT sektorunda ən çox layihə həyata keçirən qrup gənclər təşkilatlarıdır (ƏLAVƏ OLUNUB) (FOTO)

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir E.Mehdiyev/

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun illik yekun hesabat konfransı keçirilib. Trend-in məlumatına görə, konfransda Fondun iki il ərzində həyata keçirdiyi 4 qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilmiş layihələr, onların hesabatlılıq vəziyyəti, göstərdiyi nəticələr müzakirə olunub.

Fondun illik təqdimatı ilə çıxış edən icraçı direktor Fərhad Hacıyev deyib ki, hazırda Fondun saytında 290 gənclər təşkilatı, 2438 fərdi gənc qeydiyyatdan keçib: "Ümumilikdə isə birinci qrant müsabiqəsi çərçivəsində 176 layihə müraciətlərindən 129, ikinci qrant müsabiqəsi zamanı 387 layihədən 170, üçüncü qrant müsabiqəsi zamanı daxil olan 421 layihədən 331 layihə və yalnız fərdi gənclər üçün elan olunan dördüncü qrant müsabiqəsi çərçivəsində 668 fərdi müraciətdən 391 layihə dəstəklənib. Beləliklə 4 müsabiqənin nəticəsi olaraq ümumi müraciətlərin sayı 1641 təşkil edib və onlardan 1021 layihə maliyyə dəstəyi alıb. Bu isə ümumi müraciətlərin 62 fazini təşkil edib".

Daha sonra tədbirdə çıxış edən Fondun Müşahidə Şurasının sədri, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov Fondun iki qrant müsabiqəsi haqqında danışıb.

T.Süleymanov qeyd edib ki, Fond əsasən iki müsabiqə çərçivəsində layihələri maliyyələşdirib: "İkinci qrant müsabiqəsinə ötən ilin aprel ayının 3-də və üçüncü qrant müsabiqəsinə sentyabr ayının 5-də yekun vurulub. Bu iki qrant müsabiqəsi çərçivəsində 501 layihə maliyyələşdirilib. Bunlardan 284-ü gənclər təşkilatlarının, 217-si isə fərdi gənclərin irəli sürdükləri layihələrdir".

Onun sözlərinə görə, bu 501 layihənin maliyyələşməsi üçün Fond tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına təxminən 3,6 milyon manat maliyyə vəsaiti ayrılıb: "Bu layihələr daha çox gənclərin intellektual inkişafına, vətənpərvərlik tərbiyəsinə, gənc nəslin sağlam inkişafının təmin olunmasına, region gənclərinin fəallığının artırılmasına, gənclər təşkilatlarının beynəlxalq əlaqələrinin genişlənməsinə yönəlmiş layihələr olub".

T.Süleymanov qeyd edib ki, bu gün QHT sektorunda ən çox layihə həyata keçirən qrup məhz gənclər təşkilatlarıdır, çünki dövlət tərəfindən gənclər təşkilatlarına daha çox yardım göstərilir: "QHT sektorunda gənclər təşkilatları yeganə kateqoriyadır ki, həm Gənclər və İdman Nazirliyi tərəfindən, həm Gənclər Fondu tərəfindən, həm də Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən dəstək göstərilir. Digər kateqoriyaların heç biri dövlətdən bu qədər yardım almır. Məhz bunun nəticəsidir ki, bu gün gənclər təşkilatları ən aktiv fəaliyyət göstərən QHT kateqoriyasına daxildir".

PA rəsmisi əlavə edib ki, bütövlükdə 501 layihənin əksəriyyətinin icra vəziyəti qənaətbəxş hesab olunur: "Amma təəssüflər olsun ki, bəzən layihələrin icrasının gedişində bir sıra qüsurlar, nöqsanlar və çatışmazlıqlarla, müqavilə şərtlərinin pozulması ilə qarşılaşırıq və yəqin ki, bugünkü iclasda görülmüş işlər, qazanılmış uğurlarla yanaşı, layihələrin icrasında yol verilmiş nöqsanlar haqqında da söhbət açılacaq".

Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev isə Azərbaycanda gənclərə göstərilən dövlət qayğısı haqqında danışıb.

İ.Babayev vurğulayıb ki, Azərbaycanda gənclər təşkilatlarına ayrılan maliyyə yardımı bir çox Avropa ölkələrində olduğundan çoxdur. Onun sözlərinə görə, Avropa Gənclər Fondu il ərzində bütün Avropa gənclər təşkilatları üçün 3 milyon avro maliyyə ayırırsa, təkcə Azərbaycan gənclər və İdman Nazirliyinin xətti ilə gənclər təşkilatlarına 5 milyon manat vəsait ayrılır.

Nazir müavini qeyd edib ki, bəzən hansısa xarici təşkilatların hesabatlarında Azərbaycanda ictimai fəallığın olmadığı qeyd edilir: "Ancaq açıqlanan rəqəmlər, göstəricilər gənclər təşkilatlarına, QHT sektoruna verilən dəstəyin göz önündə olduğunu ortaya qoyur".

Daha sonra gənclər təşkilatları fəaliyyətləri və həyata keçirdikləri layihələri haqqında məlumat veriblər.

Sonda F.Hacıyev və T.Süleymanov gənclər təşkilatlarının layihələrin icrası zamanı yol verdiyi nöqsanlar haqqında danışıb və bu nöqsanların aradan qaldırılmasının vacibliyini vurğulayıb.

Qeyd olunub ki, nöqsanları aradan qaldırmayan gənclər təşkilatları bir il müddətində Fondun müsabiqələrində iştirak etmək hüququndan məhrum ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti