...

Səfir: Bu ilin mart ayından Azərbaycanın Kolumbiyada diplomatik nümayəndəliyi fəaliyyətə başlayacaq

Siyasət Materials 17 Mart 2014 10:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir S.Əhmədova/

Cari ilin mart ayından Azərbaycanın Kolumbiyada diplomatik nümayəndəliyi fəaliyyətə başlayacaq. Trend-in Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı səfirliyinə istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın Meksikada və eyni zamanda Kolumbiyadakı səfiri İlqar Muxtarov Kolumbiyanın xarici işlər naziri xanım Maria Angela Holquin Kuellar (Maria Angela Holguín Cuellar) ilə görüşü zamanı bildirib.

Səfir İ.Muxtarov bu ölkəyə təyin olunmuş müvəqqəti işlər vəkili Ramil Fərzəliyevi qarşı tərəfə təqdim edib.

Səfir İ.Muxtarov Azərbaycan Meksikadakı səfirliyinin Kolumbiyadakı ofisinin fəaliyyətə başlamasının əlaqələrin intensivləşdirilməsinə, xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə xidmət edəcəyini qeyd edib. Səfir İ.Muxtarov bu ili iki ölkə arasında əlamətdar il kimi xarakterizə edərək, Kolumbiyanın Azərbaycanda səfirlik açmasının da Azərbaycan tərəfindən məmnuniyyətlə qarşılandığını bildirib.

Azərbaycan səfiri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Kolumbiya Konqresinin ədalətli mövqedən çıxış etdiyini qeyd edərək, Kolumbiya Senatının 2012-ci ildə "Azərbaycan ərazisinin qanunsuz işğal edilməsi" haqqında və 2013-cü ildə Kolumbiya Konqresinin Nümayəndələr palatasının Xocalı soyqırımını da pisləyən "Ermənistan-Azərbaycan münaqişəsi" haqqında qərarlarına görə Kolumbiya tərəfinə bir daha minnətdarlıq bildirib.

Nazir Kuellar 2013-cü ildə Azərbaycana səfərini, eləcə də Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən qəbul edildiyini məmnuniyyətlə xatırladığını, Kolumbiyanın Azərbaycanla əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduğunu, ikitərəfli əlaqlərin bütün sahələrində faydalı əməkdaşlıq üçün kifayət qədər potensialın mövcudluğunu qeyd edərək, Azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşlərində bu istiqamədə müzakirələr aparıldığını deyib.

Daha sonra səfir İ.Muxtarov iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi münasibətilə cari ilin payızında Kolumbiyada Azərbaycan Mədəniyyəti Günlərinin keçiriləcəyini bildirərək, Kolumbiyanın aidiyyəti qurumlarının bununla bağlı lazımi dəstəyi göstərəcəyinə ümidvar olduğunu qeyd edib. Azərbaycan səfiri Kolumbiyanın cari ildə də Azərbaycanda bu kimi tədbirlər keçirməsini arzu etdiyini həmsöhbətinə çatdırıb.

Görüş zamanı iki ölkə arasında mövcud dost münasibətlərin daha da dərinləşdirilməsi və ikitərəfli sahələrdə əlaqələrin gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti