...

Azərbaycanda müharibə əlilləri, veteranlar və şəhid ailələri Prezidentin fərmanını yüksək qiymətləndiriblər

Siyasət Materials 18 Mart 2014 17:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart /Trend/

Son illər ölkəmizdə əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Vətəndaşların sosial müdafiəsinin yaxşılaşdırılması ölkədə həyata keçirilən sosialyönümlü siyasətin əsas istiqamətlərindən biridir. Bu istiqamətdə görülmüş tədbirlər sistemində ünvanlılıq prinsipinə əməl olunub, aztəminatlı, ailə başçılarını itirən, eləcə də, şəhid ailələri, xüsusi qayğıya ehtiyacı olanlar dövlətin diqqət və qayğısı ilə əhatə olunublar.

Ümumiyyətlə, ölkədəki davamlı tərəqqi ən çox sosial müdafiəyə ehtiyacı olan təbəqənin zəruri tələbatlarını ödəmək üçün yeni imkanlar yaradır. Bu baxımdan, əlil və şəhid ailələrinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Bu kateqoriyadan olan insanlar üçün müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binalarının tikilib istifadəyə verilməsi bunun əyani təsdiqidir. Eyni zamanda, dövlət başçısı tərəfindən imzalanan müvafiq fərman və sərəncamlara əsasən, əlillərə ödənilən pensiya və müavinətlərin məbləği hər il artırılıb. Martın 17-də isə dövlətimizin başçısı bu məqsədlə növbəti fərmanları imzalayıb.

Beləliklə, "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün artırılması və "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərmana əsasən, "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün həcmi aprel ayının 1-dən artırılıb. Yeni fərmana əsasən, sözügedən müavinətin aylıq məbləği I qrup müharibə əlillərinə 150 manat, II qrup müharibə əlillərinə 130 manat, III qrup müharibə əlillərinə 100 manat müəyyənləşdirilib.

Həmçinin, dövlət əlil vətəndaşların çoxsaylı sosial proqramlara, o cümlədən, reabilitasiya, pulsuz istirahət, texniki-bərpa və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunmasını həyata keçirir. Əlil vətəndaşlara dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq Nazirlər Kabineti tərəfindən əlillərin sosial müdafiəsi ilə bağlı nəzərdə tutulmuş Dövlət Proqramının maliyyələşdirilməsi təmin olunub. "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanı da əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərin, 1941-1945-ci illərdə keçmiş sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş, müharibə illərində orden və medallarla təltif edilmiş şəxslərin, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinin, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə" medalı, "Leninqrad mühasirəsində yaşayan" döş nişanı ilə təltif edilmiş şəxslərin, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərin və keçmiş SSRİ silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri kimi iştirak etmiş şəxslərin rifah halını yaxşılaşdırmaq və onlara dövlətin dəstək və davamlı qayğısının bariz nümunəsidir. Sözügedən fərmana əsasən, müvafiq şəxslərə verilən sosial müavinətlərin həcmi 45 manat müəyyənləşdirilib.

Bundan başqa, martın 17-də imzalanan digər fərmanla əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib.

Dövlət başçısının dünən imzaladığı sərəncama əsasən isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (tibb təhsilində əsas və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqı 2014/2015-ci tədris ilindən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Göründüyü kimi, Azərbaycanda həyata keçirilən sosial siyasət ölkənin hər bir vətəndaşını əhatə edir. Sözsüz, dövlətimizin başçısının müvafiq sərəncam və fərmanları ölkə ictimaiyyəti, o cümlədən, müharibə veteranları, şəhid ailələri, müharibə əlilləri tərəfindən də yüksək qiymətləndirilir. Respublika Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik Mehdi Mehdiyev deyib ki, Prezidentin fərmanına əsasən, "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün aylıq məbləği artırılaraq I qrup müharibə əlillərinə 150 manat, II qrup müharibə əlillərinə 130 manat, III qrup müharibə əlillərinə 100 manat müəyyən edilib. O, müharibə əlilləri, veteranlar və şəhid ailələri adından dövlətimizin başçısına minnətdarlığını bildirərək qeyd edib ki, bu addım bütün əlillər üçün əsl bayram hədiyyəsi oldu.

M.Mehdiyevin sözlərinə görə, dövlətimizin başçısının bu sərəncam və fərmanları şəhid ailələrinin, əlillərin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir. Birlik sədri deyib ki, müharibə veteranlarının da müavinətlərinin artırılması dövlətin bu istiqamətdə həyata keçirdiyi tədbirlərin ardıcıl olduğunu, müharibə iştirakçılarına yüksək diqqət və qayğı göstərildiyini sübut edir.

M.Mehdiyev bildirib ki, ümumiyyətlə, Azərbaycanda Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yüksək dövlət qayğısı göstərilir: "Bu siyasətin əsası isə ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli liderimiz tərəfindən 1994-cü il avqust ayının 26-da imzalanan "Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında" fərman müharibə əlillərinin sosial ehtiyaclarının ödənməsi istiqamətində atılan ilk addım oldu. Həmin fərmanın imzalanması ilə müharibə iştirakçılarının, əlillərinin sosial müdafiəsini gücləndirmək məqsədilə tədbirlərə start verildi. Bu gün bu siyasət yeni mərhələyə qədəm qoyub. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir".

İctimai Birliyin sədri həmçinin vurğulayıb ki, bu diqqətin əsas göstəricilərindən biri də müharibə əlillərinin, şəhid ailələrinin mənzil probleminin həlli istiqamətində görülən mütərəqqi işlərdir. Ötən dövr ərzində minlərlə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri mənzillə təmin edilib: "Bununla yanaşı, hərəkət-dayaq sistemi pozulmuş əlillərimizin reabilitasiyası, müalicəsi istiqamətində atılan addımlarla bərabər, onların minik avtomobilləri ilə təmin olunması yönündə də mühüm işlər görülüb. Dünən isə möhtərəm Prezidentimiz müharibə əlilləri və şəhid ailələrinin övladlarının təhsil haqlarının dövlət hesabına ödənilməsi ilə bağlı müvafiq sərəncam verdi. Bu sərəncam yüzlərlə ailəyə sevinc bəxş etdi".

Lakin bu da son deyil. M.Mehdiyev deyib ki, hazırda dövlət müharibə əlillərinin, şəhid ailələrinin, veteranların sosial müdafiəsini gücləndirmək məqsədilə ardıcıl tədbirlər görür və yaxın gələcəkdə daha bir neçə yeniliyin şahidi olacağıq: "Biz də hər an cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin əmrlərini icra etməyə, onun tapşırığı ilə Vətənimizin bütövlüyü və torpaqlarımızın azad olunması üçün sipər olmağa hazırıq".

I qrup müharibə əlili Razi Həsənov deyib ki, dövlətimizin başçısının bu fərmanları bütün müharibə əlilləri, onların ailəsi üçün əsl bayram hədiyyəsi oldu. Yüksək diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlığını bildirən R.Həsənov əlavə edib ki, müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləğinin artırılması bu kateqoriyadan olan insanların sosial müdafiəsinin gücləndirilməsinə, onların həyat şəraitinin əsaslı şəkildə yaxşılaşdırılmasına xidmət edir: "Prezidentimiz Öz fəaliyyətilə həmişə sübut edib ki, O, hər bir azərbaycanlının Prezidentidir. Dövlət başçımız bütün vətəndaşlara qayğı göstərir, onların problemlərinin həlli istiqamətində ardıcıl işlər görür. Mənə dövlətimiz ev və avtomobil hədiyyə edib. İndi də təqaüdümüz artırıldı. Bundan başqa, dövlətimizdən nə istəməliyik ki? Mən əlbəttə ki, dövlətimizin siyasətindən çox razıyam".

II qrup müharibə əlili Ələkbər Ələkbərov bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı döyüşlərdə fiziki sağlamlığını itirmiş vətəndaşlar, həmçinin, Böyük Vətən müharibəsi əlilləri, hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olmuş şəxslərin həyat səviyyəsinin yaxşılaşdırılması daima dövlətin diqqət mərkəzindədir. Prezidentin martın 17-də imzaladığı fərmanlar da bunu sübut edir: "Çox sevindirici haldır ki, mütəmadi olaraq şəhid ailələri, müharibə əlil və veteranlarının, 20 Yanvar və Çernobıl əlillərinin müavinətləri artırılır, mənzil-məişət şəraitləri yaxşılaşdırılır, pulsuz müalicə və müayinələrin təşkili həyata keçirilir. Buna görə dövlət başçısı, cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk".

Respublika Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Binəqədi rayon şöbəsinin sədri, II qrup müharibə əlili İlham Qayıbzadə, öz növbəsində, dövlət başçısının bu addımını yüksək dəyərləndirib, ona minnətdarlığını bildirib. O da qeyd edib ki, Prezident İlham Əliyevin bayram ərəfəsində imzaladığı sərəncam və fərmanlar müharibə əlilləri, veteranlarına əsl Novruz hədiyyəsidir. Dövlətin əlil, veteran və şəhid ailələrinə, milli qəhrəmanların ailə üzvlərinə göstərdiyi qayğı və diqqətdən söz açan İlham Qayıbzadə xatırladıb ki, ötən ilin avqustunda Milli qəhrəmanların ailə üzvlərinin pensiyasının baza hissəsi 30 manat artırılaraq 200 manata, şəhid ailəsi üzvlərinin pensiyasının baza hissəsi isə 27 manat 75 qəpik artırılaraq 185 manata çatdırılıb: "Döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmətdə olmuş hərbi qulluqçuların pensiyasının baza hissəsinin artımı 16 manat 50 qəpik təşkil edib. Böyük Vətən müharibəsi iştirakçılarının pensiyasının baza hissəsi isə, 28 manat 50 qəpik artıb. Böyük Vətən müharibəsi əlillərinə gəldikdə isə pensiyasının baza hissəsində artım I qrup əlillərdə 37 manat 50 qəpik, II qrup əlillərdə 31 manat 50 qəpik, III qrup əlillərdə isə 28 manat 50 qəpik olub. Bunlar isə bir daha sübut edir ki, dövlətin diqqət və qayğısı ardıcıldır".

Öz növbəsində, veteran Taleh Əhmədov da Böyük Vətən çüharibəsi iştirakçıları, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial müdafiəsi sahəsində, onların sosial problemlərinin həlli istiqamətində mühüm işlərin görüldüyünü deyib. Dövlət başçısının bu sahədə həyata keçirdiyi siyasətdən məmnun olduğunu bildirən T.Əhmədov son 10 ildə ölkə Prezidentinin fərman və sərəncamları ilə əlilliyə görə əmək pensiyalarının orta aylıq məbləğinin 9,6 dəfə, sosial müavinətlərin məbləğinin 3,7 dəfə artırıldığını xatırladıb.

II qrup müharibə əlili İsgəndər Zeynalov isə bildirib ki, Azərbaycanda həyata keçirilən sosial siyasət ölkənin hər bir vətəndaşını əhatə edir. Müharibə əlilləri və şəhid ailələrinə göstərilən diqqət və qayğı da bu qəbildəndir. Onun sözlərinə görə, Azərbaycan müharibə şəraitindədir. Belə halda vətəndaşlar, gənclərimizin vətənpərvər ruhda yetişməsi önəmli amillərdən biri və ən başlıcasıdır. Dövlətimizin də bunu nəzərə alaraq, şəhid ailələrinin mənzil və məişət problemlərinin həllini öz üzərinə götürməsi nümunəvi, təqdirəlayiq haldır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti