Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir T.Cəfərov/
Azərbaycan və İran arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası may ayında Tehranda keçiriləcək. Trend-in IRNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin İran parlamentinin Meşginşəhr şəhəri üzrə nümayəndəsi Yunis Əsədi və bu şəhərin icra başçısı əvəzi İbrahim İmami ilə görüşündə deyib.
M.Pakayin, həmçinin aprelin 3-5-də Bakıda turizm sərgisinin keçiriləcəyini və bu sərgidə Ərdəbil əyalətinin stendinin olacağını bildirib: "İki ölkənin sərhəd zonalarında yaşayan əhalinin iqtisadi və ictimai əlaqələrinin inkişaf etdirilməsi İranın Azərbaycandakı səfirliyinin proritet proqramlarındandır".
Səfir bildirib ki, Meşginşəhr şəhəri Azərbaycanın Biləsuvar və Cəlilabad rayonları ilə sərhəddə yerləşir və ikitərəfli əməkdaşlıq üçün müxtəlif sahələrdə əlverişli şərait var.