...

AŞ PA-nın yaz sessiyasında Sərsəng su anbarı ilə bağlı qətnamə layihəsi müzakirə olunacaq

Siyasət Materials 2 Aprel 2014 17:40 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyasında erməni işğalçılarının nəzarətində olan Sərsəng su anbarının regionda yaratdığı fəsadlarla bağlı məsələ müzakirə olunacaq.
AŞ PA-nın yaz sessiyasında Sərsəng su anbarı ilə bağlı qətnamə layihəsi müzakirə olunacaq

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir E.Mehdiyev/

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyasında erməni işğalçılarının nəzarətində olan Sərsəng su anbarının regionda yaratdığı fəsadlarla bağlı məsələ müzakirə olunacaq. Bu barədə Trend-ə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafina Yardım Assosiasiyasının (AVCİYA) mətbuat xidmətindən bildirilib.

AVCİYA prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanov tərəfindən təqdim edilmiş və 14 Avropa ölkəsini təmsil edən deputatlar tərəfindən imzalanmış qətnamə layihəsinə aprelin 6-da Avropa Şurasının Prezidentlər Komissiyasında baxılacaq.

Qətnamə layihəsində Azərbaycanın cəbhəyanı rayonlarının (Ağcabədi, Ağdam, Bərdə, Goranbay, Tərtər, Yevlax) 400 mindən artıq mülki əhalisinin kəskin su qıtlığı səbəbindən gündəlik olaraq ciddi humanitar, iqtisadi, ekoloji və bioloji təhdidlərlə üz-üzə qalması bildirilir.

Qətnamə layihəsində, həmçinin bu dağətəyi rayonların meliorasiya şəbəkəsinin uzun illər ərzində yaz-yay mövsümündə Tərtər çayı üzərində inşa edilmiş Sərsəng su anbarından qidalandığı önə çəkilir, su anbarı işğal edildikdən sonra meliorasiya şəbəkəsinin isti aylarda susuzluqdan əziyyət çəkməsi, ilin soyuq aylarında isə suyun bilərəkdən buraxılması nəticəsində əhalinin evlərinin və fermer təsərrüfatlarının su altında qalması xüsusi qeyd olunur.

E.Süleymanov bildirib ki, Avropa Şurası Parlament Assambleyası sərhədlərdən asılı olmayaraq, sudan sərbəst istifadəni bütün vətəndaşların əsas hüququ hesab edir. Bu səbəbdən də qətnamə layihəsində Assambleyanın bu məsələni araşdırmaq və problemin səbəblərini müəyyənləşdirmək məqsədilə məruzəçi təyin etməyə çağırışı, problemə dair məruzənin hazırlanması və problemi aradan qaldırmaq məqsədilə beynəlxalq ictimaiyyəti dərhal və konkret tədbir görməyə çağıran qətnamə qəbul edilməsini məqsədəuyğun hesab etməsi kimi müddəalar öz əksini tapıb.

Qeyd edək ki, AVCİYA 2013-cü ilin may ayından etibarən Sərsəng su anbarının işğal altında qalmasının yaratdığı və yarada biləcəyi humanitar faciə, iqtisadi, ekoloji, bioloji böhranla bağlı genişmiqyaslı beynəlxalq layihəyə başlayıb. Bu müddət ərzində dünya mətbuatında mövzu ilə bağlı 3 mindən artıq məqalə çap olunub, humanitar faciə ərazilərində yaşayan on minlərlə insanın müraciətləri, harayı AŞ PA, Avropa Parlamenti, ATƏT və başqa nüfuzlu beynəlxalq təşkilatların ünvanlarına göndərilib, beynəlxalq ictimaiyyət layihə barədə məlumatlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti