...

Mübariz Əhmədoğlu: "Rusiyanın strateji müttəfiqi olmaq üçün əvvəlcə onun səfirini öldürməlisən"

Siyasət Materials 3 Aprel 2014 13:01 (UTC +04:00)
Rusiyanın strateji müttəfiqi olmaq üçün onun səfirini öldürməyi, metrosunda terror hadisəsi törətməyi, SSRİ kimi imperiyasını dağıtmağı, saxta pul kəsməklə iqtisadi diversiyalar törətməyi bacarmaq lazımdır.
Mübariz Əhmədoğlu: "Rusiyanın strateji müttəfiqi olmaq üçün əvvəlcə onun səfirini öldürməlisən"

Azərbaycan, Bakı, 3 aprel /Trend/

"Rusiyanın strateji müttəfiqi olmaq üçün onun səfirini öldürməyi, metrosunda terror hadisəsi törətməyi, SSRİ kimi imperiyasını dağıtmağı, saxta pul kəsməklə iqtisadi diversiyalar törətməyi bacarmaq lazımdır. Eləcə də dünyada hələ ki, heç kəsin tanımadığı çərkəz soyqırımını tanımalısan. Çərkəz soyqırımını tanımaq üçün uzun müddət Rusiyanın Şimali Qafqazındakı vəziyyəti digər dövlətlərlə müzakirə etməlisən. Çünki Şimali Qafqaz Rusiyanın ən həssas regionudur və bu regionda da çərkəz məsələsi açar məsələdir". Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq bildirib ki, bütün bu işləri ermənilər ediblər. Ona görə indi alnı açıq şəkildə özlərini Rusiyaya strateji müttəfiq hesab edirlər, eləcə də Rusiya da Ermənistanı özünün yeganə strateji müttəfiqi hesab edir: "Ermənistanın atdığı addımlar və Rusiyanın ona göstərdiyi qayğı Ermənistan Rusiya strateji münasibətlərinin böyük perspektivi olduğunu göstərir. Şimali Qafqazda xaotik vəziyyət başlasa, bu Rusiya ilə Ermənistanın strateji müttəfiqliyini daha da möhkəmləndirəcək, çünki SSRİ-ni dağıtdıqdan sonra Ermənistanla Rusiya arasında strateji müttəfiqlik daha da gücləndi. Rusiya ermənilərin əli ilə dağılmağa başladıqda Rusiya-Ermənistan strateji müttəfiqliyi apogeyə yaxınlaşacaq. Vaxtilə İranda şah və Britaniya səfiri ilə birləşib rus səfiri A.Qriboyedovu ölümündə iştirak etməklə ermənilər bu gün Rusiya xarici işlər nazirinin faktiki sahibinə çevriliblər".

M.Əhmədoğlu qeyd edib ki, SSRİ-nin dağılması Dağlıq Qarabağdan başladığı üçün ruslar Qarabağı ermənilərə bağışladılar. Qonşularını qorxutmaq üçün Ermənistan ərazisində RF-in hərbi bazasıını yerləşdirdi: "Azərbaycan belə işləri bacara bilməz. Ona görə də özünü Rusiyanın strateji müttəfiqi adlandıra bilməz. Heç Rusiya da Azərbaycanı strateji müttəfiq hesab etmir. Azərbaycanın Rusiya ilə siyasəti günahkar siyasətidir və cəzalanmalıdır, çünki Azərbaycan 1991-ci ilin 17 mart referendumunda SSRİ-nin qalmasına səs verdi. Azərbaycan əhalisi indinin özündə də rus dillidir, rus dilini təhqir etmir. 17 mart referendumunda ermənilər kimi SSRİ-nin dağılmasına və 1-2 il bundan qabaq rus dilinin təhqir edilməsi ilə bağlı kampaniya aparsaydı bəlkə də Rusiyanın strateji müttəfiqliyinə namizədliyini irəli sürə bilərdi, amma yəqin ki bu mümkün deyil. Çünki Ermənistan bu gün Qafqazda vəziyyəti gərginləşdirən istiqamətdə addımlar atır. Hiss olunur ki, Rusiyanın belə siyasətdən ehtiyacı var. Azərbaycan isə Qafqazda vəziyyəti sabitləşdirmək istiqamətində fəaliyyət göstərir.Rusiyanın bu siyasətdən ehtiyacı yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti