...

Ulu öndər Heydər Əliyevin xatirəsi Ukraynada anılıb (FOTO)

Siyasət Materials 11 May 2014 19:08 (UTC +04:00)
Azərbaycanın Ukraynadakı səfirliyinin Heydər Əliyev salonunda ümummili liderimiz Heydər Əliyevin anadan olmasının 91-ci il dönümünə həsr olunmuş “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur” mövzusunda "dəyirmi masa" keçirilib.
Ulu öndər Heydər Əliyevin xatirəsi Ukraynada anılıb (FOTO)

Azərbaycan, Bakı, 11 may /Trend/

Azərbaycanın Ukraynadakı səfirliyinin Heydər Əliyev salonunda ümummili liderimiz Heydər Əliyevin anadan olmasının 91-ci il dönümünə həsr olunmuş "Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur" mövzusunda "dəyirmi masa" keçirilib.

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Heydər Əliyev öz zəngin təfəkkürü ilə bəşər tarixinin nadir şəxsiyyətlər salnaməsinə əbədi imza atmış dahilik simvoludur. Ulu öndərin anadan olmasının 91-ci ildönümü münasibətilə keçirilən "dəyirmi masa"da çıxışına bu fikirlə giriş verən Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. Dahi Heydər Əliyevin dövlətçilik ideologiyasında Azərbaycan diaspor strategiyasının inkişafına, insan kapitalının və milli mənəvi dəyərlərin zənginliyinə xüsusi diqqət verildiyini bildirən səfir bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Tədbirdə Ukraynanın tanınmış ictimai xadimi Anatoli Raxanski, professorlar Aydın Salmanov, Fərhad Turanlı, Arif Quliyev, Azərbaycan Dövlət Neft Şirkətinin Ukrayna nümayəndəliyinin sədr müavini Həzi Aslanov, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov və digər şəxslər çıxış edərək ulu öndər Heydər Əliyevin tək Azərbaycan deyil, o cümlədən Ukrayna dövləti və xalqı qarşısındakı böyük xidmətlərindən bəhs ediblər. Azərbaycanın inkişaf edərək beynəlxalq arenada nüfuz sahibinə, Cənubi Qafqazda isə lider dövlətə çevrilməsinin dahi Heydər Əliyev şəxsiyyətinin adı ilə bağlı olduğunu diqqətə çatdırıblar.

Sonra ulu öndərin parlaq xatirəsi Kiyev şəhərindəki Heydər Əliyev parkında möhtəşəm heykəlinin önünə tər çiçəklər qoyulmaqla yad olunub.

Anım mərasimində Azərbaycanın Ukraynadakı səfiri E.Mədətli çıxış edərək dahi Heydər Əliyevin xatirəsini yad etmək üçün bir araya gələn Belarus, Türkiyə, Gürcüstan, Türkmənistan, Rumıniya, Moldova, Pakistan və Əfqanıstan səfirlərinə, GUAM beynəlxalq təşkilatının rəhbərliyinə, Ukraynanın dövlət və hökumət nümayəndələrinə, Azərbaycan Dövlət Neft Şirkətinin Ukrayna nümayəndəliyinin əməkdaşlarına, gənclər və Azərbaycan diasporunun fəallarına minnətdarlığını bildirib.

Anım mərasimində Türkiyənin Ukraynadakı səfiri Yönet Can Tezel, Belarusun Ukraynadakı səfiri Valentin Veliçko, Türkmənistanın Ukraynadakı səfiri Nurverdi Amanmuradov, Rumıniyanın Ukraynadakı Kornel İoneska, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadov, Ukrayna Azərbayycanlı Gənclər Birliyinin sədri Anar Tahirov, UAGB-nin sədr müavini İlhamə Alahverdiyeva, Ukrayna Azərbaycan Ağsaqqallar Şurasının sədri Firudin Məmmədov və digər şəxslər çıxış edərək ümummili lider Heydər Əliyevin zəngin və şərəfli həyat yolundan danışıblar. Ömrünü xalqımızın və dövlətimizin xoş və parlaq gələcəyinə həsr etmiş Heydər Əliyev dühasının minilliklər boyu əziz tutulacağını bildiriblər.

Tədbirdən sonra xarici ölkə səfirlərinin Azərbaycanın Ukraynadakı səfirliyində səfir E.Mətədli tərəfindən qəbulu keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti