Azərbaycan, Bakı, 16 may /Trend/
Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyinə rəsmən başlaması münasibətilə Mədəniyyət və Turizm nazirliyinin və ölkəmizin Avropa Şurası yanındakı Daimi nümayəndəliyinin təşkilatçılğı ilə Strasbuqda istedadlı piano ifaçısı İsfar Sarabskinin etno-caz konserti olub. Bu barədə Trend-ə cümə axşamı Daimi nümayəndəlikdən məlumat verilib.
Konsertdən əvvəl çıxış edən nümayəndəliyin rəhbəri səfir Emin Eyyubov ölkəmizin Avropa Şurasının qərarverici orqanı olan Nazirlər Komitəsinə sədrliyə başlaması, Azərbaycanın cari ilin may-noyabr ayındakı sədrlik dövründə ölkəmizlə bağlı müxtəlif tədbirlərin təşkili, konsertin də məhz bu əlamətdar hadisə münasibətilə təşkil edilməsi, gənc cazmen İ.Sarabskinin 2009-cu ildə Montrödə keçirilən beynəlxalq caz fesivalının qalibi olması, müasir cazla xalqımızın ənənəvi muğam musiqisinin sintez edilərək caz-muğam musiqi janrının yaranması barədə tamaşaçılara məlumat verib.
Səfir eyni zamanda Türkiyədə kömür mədənində baş vermiş faciə ilə əlaqədar başsağlığı verib, belə ağır məqamda Azərbaycan xalqının qardaş Türkiyə xalqı ilə həmrəy və dərdlərinə şərik oluqlarını diqqətə çatdırıb.
Konsertdə İ.Sarabski və onu müşaiyyət edən musiqiçilər tamaşaçılara maraqlı konsert proqramı təqdim ediblər. Onların çıxışları rəğbətlə qarşılanıb.
Konsertdə Avropa Şurasının rəsmləri, Avropa Şurası yanında və Strasburqda akkreditə olunan diplomatik korpusun əməkdaşları, yerli ictimaiyyətin nümayəndələri, Azərbaycan və türk diasporalarının təmsilçiləri, yerli və xarici jurnalistlər və Strasburq Universitetində təhsil alan tələbələrimiz iştirak ediblər.
Sonda mühüm hadisə ilə bağlı rəsmi ziyafət verilib. Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanovun rəhbərliyi altında azərbaycanlı aşpazlar tərəfindən hazırlanmış zəngin Azərbaycan mətbəxinin ləziz nümunələri iştirakçılara təqdim olunub.
Ziyafətdə T.Əmiraslanov Azərbaycanın zəngin mədəniyyətinin tərkib hissəsi olan milli mətbəximiz haqqında məlumat verib.