...

Tehranda 28 May - Respublika Günü qeyd olunub (FOTO)

Siyasət Materials 27 May 2014 13:45 (UTC +04:00)
2014-cü il mayın 26-da Azərbaycanın İran İslam Respublikasındakı (İİR) səfirliyində 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil olunub.
Tehranda 28 May - Respublika Günü qeyd olunub (FOTO)

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir T.Cəfərov/

2014-cü il mayın 26-da Azərbaycanın İran İslam Respublikasındakı (İİR) səfirliyində 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil olunub.

Azərbaycanın İrandakı səfirliyindən Trend-ə verilən məlumata görə, qəbulda ölkə rəsmiləri, İran hökumətinin və parlamentinin üzvləri, İİR-də akkreditə olunmuş diplomatik korpusların və beynəlxalq təşkilatların rəhbərləri, Tehran ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mərasimdə İranın rabitə naziri, Azərbaycan-İran hökumətlərarası müştərək komissiyasının həmsədri Mahmud Vaezi, İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Ramazanəli Sobhanifər, Xarici İşlər Nazirliyinin rəsmiləri, o cümlədən İİR XİN-in MDB və Qafqaz ölkələri üzrə Baş İdarəsinin, İİR XİN-in Mülk, bina və təminat baş idarəsinin rəisləri, Zəncan vilayətinin valisi, XİN-in MDB ölkələri üzrə 3-cü idarəsinin rəis müavini, həmin idarənin Azərbaycan üzrə eksperti Məhəmmədhüseyn Əkbəri, Zəncan Ticarət Palatasının sədri, Rabitə Nazirliyinin beynəlxalq əlaqələr idarəsinin rəisi və digər İran rəsmiləri iştirak ediblər.

Səfirliyin həyətində quraşdırılmış böyük monitorda Azərbaycanın tarixi-mədəni abidələri, adət-ənənələri, mədəni irsi və s. haqqında film nümayiş olunub.

Azərbaycan və İranın dövlət himnlərinin səslənməsindən sonra açılış nitqi ilə çıxış etmiş Azərbaycan Respublikasının İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov Respublika Günü haqqında ətraflı məlumat verib, əsası 1918-ci il mayın 28-də qoyulmuş Azərbaycan Demokratik Respublikasının (ADR) müsəlman Şərqində ilk demokratik, parlamentli respublika olması barədə məlumat verib, çox qısa müddət - cəmi 23 ay ərzində mövcud olmasına baxmayaraq, ADR-in ordu sisteminin formalaşdığı, insanların demokratik hüquq və azadlıqlarının bərqərar olunduğu və digər mütərəqqi işlərə imza atıldığını diqqətə çatdırıb.

Səfir Cavanşir Axundov Sovet Ittifaqının süqutundan sonra, Azərbaycan Respublikasının müstəqilliyini yenidən bərpa etdikdən sonra da, ADR dövründə olduğu kimi, qonşu dövlətlərlə səmimi dostluq münasibətləri qurmağa üstünlük verdiyini, bu baximdan dini, mədəni, tarixi, coğrafi yaxınlığı və bağlılıqları olan İranla münasibətlərə xüsusi önəm verildiyini vurğulayıb.

Daha sonra İranın rabitə naziri Mahmud Vaezi çıxış edərək dost, qardaş Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə təbrik edib, İran İslam Respublikasının Azərbaycan Respublikası ilə ikitərəfli münasibətlərin intensivləşdirilməsinə böyük əhəmiyyət verdiyini bildirib. Nazir Mahmud Vaezi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cu ilin aprelində İrana rəsmi səfərinin iki dövlətin münasibətlərində yeni bir səhifə açdığını qeyd edib, bu münasibətlərin bundan sonra daha da yüksələn xətlə inkişaf edəcəyinə ümidvar olduğunu söyləyib.

Tədbirdə gənc azərbaycanlı xanəndələrin ifasında Azərbaycan muğamları və xalq mahnıları səsləndirilib.

27 may 2014-cü il tarixində keçirilmiş qəbulda İİR ictimaiyyətin nümayəndələri, şairlər, rəssamlar, yazıçılar, jurnalistlər, həkimlər, Tehran şəhərində fəaliyyət göstərən araşdırma mərkəzlərinin nümayəndələri, iş adamları və İranda təhsil alan azərbaycanlı və xarici tələbələr iştirak ediblər.

Tədbirlər zamanı Azərbaycan Dövlət Filarmoniyasının solisti Qönçə Mehdiyevanın rəhbərliyi altında musiqi qrupunun səsləndirdiyi Azərbaycan muğamları və xalq mahnıları tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Azərbaycan muğamının ifasını hərarətli alqışlarla qarşılayan tədbir iştirakçıları böyük zövq aldıqlarını dəfələrlə dilə gətiriblər. Azərbaycan muğamının canlı ifası İranda yaşayan etnik Azərbaycanlılar tərəfindən xüsusi hərarətlə qarşılanıb. Tədbirlərdə muğam ifaçıları ilə yanaşı Aşıq Səlcuq Şahbazinin rəhbərlik etdiyi "Dədə Qorqud" aşıqlar qrupu konsert proqramı ilə çıxış edib, bu da öz növbəsində tədbirlərdə iştirak edən qonaqların marağına səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti