Azərbaycan, Bakı, 29 may /Trend/
Rusiya ilə münasibətlər Azərbaycan üçün çox vacibdir. Trend-in məlumatına görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüoğlu "Parlament qəzeti"nin mətbuat mərkəzindəki görüşdə deyib.
Səfir bildirib: "Rusiya ən böyük şimal qonşumuzdur. Münasibətlərimizdə Dağlıq Qarabağ münaqişəsindən başqa, heç bir problem yoxdur".
P.Bülbüloğlu qeyd edib ki, Azərbaycanda sərt kredit siyasəti aparılır və MDB ölkələri arasında ən kiçik xarici borc Azərbaycana məxsusdur.
O, iki xalq arasında qurulmuş mehriban, qarşılıqlı hörmət ənənələrinin qorunmasının vacibliyini bildirib: "Bundan başqa, Azərbaycanda heç bir rus məktəbi və ya universiteti bağlanmayıb".
P.Bülbüloğlu deyib ki, iki ölkənin Xarici İşlər nazirlikləri çox sıx əməkdaşlıq edir, prezidentlərin səfəri Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyəsindən xəbər verir: "Ötən il ərzində iki ölkə arasında əmtəə dövriyyəsi 3,5 milyard dollar olub. Bu, ciddi rəqəmdir".
Səfir əlavə edib ki, bununla belə, Azərbaycan müstəqil siyasət yürüdür, beynəlxalq təşkilatlarda milli maraqlara uyğun səs verir.