...

28 May - Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbriklər davam edir

Siyasət Materials 29 May 2014 20:19 (UTC +04:00)
Dünya ölkələrinin liderləri, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri 28 May - Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edirlər.
28 May - Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbriklər davam edir

Azərbaycan, Bakı, 29 may /Trend/

Dünya ölkələrinin liderləri, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri 28 May - Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edirlər.

Çin Xalq Respublikasının Sədri Si Cinpinin təbrik məktubunda deyilir: "Zati-aliləri, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə, dost Azərbaycan xalqına və Hökumətinə Çin Xalq Respublikasının xalqı, Hökuməti adından və şəxsən öz adımdan səmimi təbriklərimi və xoş arzularımı bildirirəm.

Son illərdə ölkənizdə siyasi və ictimai sabitliyin möhkəmləndirilməsini, iqtisadiyyatın dinamik inkişafını, xalqın firavan yaşayışının təmin olunmasını və Azərbaycanın beynəlxalq statusunun daim yüksəlməsini müşahidə etmək bizi çox sevindirir. Əminəm ki, Zati-alinizin rəhbərliyi ilə Azərbaycan xalqı öz ölkəsinin inkişafı yolunda daim yeni-yeni uğurlar əldə edəcəkdir.

Bu gün bizim dostluq münasibətlərimizin sarsılmaz əsası vardır və ölkələrimiz qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi əzmindədir. Bir neçə gün bundan əvvəl Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dördüncü Zirvə Toplantısında iştirakınız zamanı biz səmimi və faydalı görüş keçirdik. Görüşdə biz ikitərəfli münasibətlərin gələcək inkişafı və hər iki tərəfi maraqlandıran ümumi məsələlər barədə geniş fikir mübadiləsi apardıq, bir sıra mühüm məsələlərə dair ümumi anlaşmaya nail olduq.

Mən Azərbaycan ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm. Mən qarşılıqlı etimadın dərinləşməsinə, praktiki əməkdaşlığın möhkəmlənməsinə, humanitar dialoqun genişlənməsinə və Çin-Azərbaycan münasibətlərinin inkişafına Sizinlə birgə öz töhfələrimi verməyə hazıram.

Zati-aliləri, Azərbaycana tərəqqi və qüdrət, xalqınıza xoşbəxtlik və əmin-amanlıq, Sizə möhkəm cansağlığı arzu edirəm".

XXX

BMT-nin baş katibi Pan Gi Mundan: "Zati-aliləri, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi, xalqınızı və hökumətinizi təbrik etməkdən çox məmnunam.

Hər bir ölkənin öz mədəniyyətini, tarixini və nailiyyətlərini qeyd etməsi çox vacibdir. Çünki bu, dünyamızı zəngin, möhkəm və dinamik edən müxtəlifliyin əsasıdır. Həmçinin getdikcə qloballaşan dünyada bir-birimizə bağlı olduğumuzu qəbul etməyimiz eyni dərəcədə zəruridir. Ərazisindən və ya sərvətindən asılı olmayaraq bütün üzv dövlətlər Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin müddəalarını həyata keçirmək üçün özünəməxsus rol oynayır.

Biz son illərdə, xüsusilə də Minilliyin İnkişaf Məqsədlərinə çatmaqda sevindirici tərəqqinin şahidi olmuşuq. Lakin 2015-ci ilədək müəyyən edilmiş son tarixə qədər bir çox işlər görülməlidir. 2015-ci ildən sonrakı dövrün gündəliyini müəyyənləşdirmək və iqlimlə bağlı iddialı razılığı əldə etmək üçün də çox işlər görülməlidir. Həmin il bir-biri ilə sıx əlaqəli bu vacib məqsədlərə çatmaq üçün birgə səylərimiz baxımından çox mühüm olacaqdır.

Mən ölkənizin fəal iştirakına və liderliyinə güvənməyə davam edəcəyəm. Biz yalnız ümumi amallar üçün çalışaraq ortaq məqsədlərimiz olan sülh, tərəqqi və insan hüquqlarında irəliləyiş əldə edə bilərik.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi rica edirəm".

XXX

Gürcüstanın Prezidenti Giorgi Marqvelaşvilidən: "Zati-aliləri, Sizi və Azərbaycan xalqını əlamətdar bayram - Respublika Günü münasibətilə təbrik edirəm.

Gürcüstan ölkələrimiz arasında ənənəvi dostluğa, ortaq məqsədlərə və maraqlara söykənən ikitərəfli və çoxtərəfli əməkdaşlığı yüksək dəyərləndirir.

Mən qəti əminəm ki, Gürcüstan ilə Azərbaycan Respublikası arasındakı əlaqələr dövlətlərimizin qarşılıqlı mənafeyi naminə daha da möhkəmlənəcək, regionda sülhün, sabitliyin və rifahın güclənməsinə xidmət edəcəkdir.

Cənab Prezident, bir daha ürəkdən gələn təbriklərimi Sizə çatdıraraq, qardaş Azərbaycan xalqına uğurlar arzu edirəm".

XXX

Yaponiyanın İmperatoru Akihitodan: "Zali-aliləri, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi, xoşbəxtliyiniz və ölkənizin xalqının rifahı üçün xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram".

XXX

Rumıniyanın Prezidenti Trayan Beseskudan: "Cənab Prezident, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə Rumıniya xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi və tərəqqi arzularımı ifadə etməkdən böyük şərəf hissi duyuram.

Rumıniya Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığının güclənməsini fəal şəkildə dəstəkləyir. Eyni zamanda, Rumıniya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş və bu tərəfdaşlığın həyata keçirilməsi üzrə Birgə Fəaliyyət Planı vasitəsilə davamlı olaraq inkişaf etmiş dostluq əlaqələri ölkələrimizin iqtisadi əməkdaşlığının inkişafı üçün mövcud potensialdan tam istifadəyə əsas yaradır.

Əminəm ki, biz Rumıniya-Azərbaycan iqtisadi əlaqələrinin dərinləşdirilməsinə birlikdə nail olacağıq. Mən böyük məmnuniyyətlə Sizi bu il Rumıniyaya səfərə dəvət etdiyimi bir daha diqqətinizə çatdırıram.

Cənab Prezident, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

XXX

Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyevdən: "Zati-aliləri, Azərbaycanın milli bayramı - 28 May - Respublika Günü münasibətilə ən səmimi salamlarımı və xoş arzularımı qəbul edin.

Bolqarıstan ölkələrimiz arasındakı dostluq münasibətlərini yüksək qiymətləndirir. Qəti əminəm ki, xalqlarımızın rifahına xidmət edən, sıx əməkdaşlığa və inama əsaslanan bu münasibətlərin inkişafını gələcəkdə də davam etdirəcəyik.

Sizi tezliklə Bolqarıstan torpağında salamlayacağıma ümid edirəm.

Bu xoş fürsətdən istifadə edərək Sizə bir daha ehtiramımı bildirirəm. Zati-aliləri, Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm".

XXX

Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevdən: "Möhtərəm İlham Heydər oğlu, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizi əmin etmək istəyirəm ki, Azərbaycanın timsalında öz etibarlı dostunu və müttəfiqini görən Qırğız Respublikası qarşılıqlı hörmətə və etimada əsaslanan hərtərəfli Qırğızıstan-Azərbaycan əməkdaşlığının daha dinamik inkişafına və möhkəmlənməsinə çalışacaqdır.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və firavanlıq, qardaş Azərbaycan xalqına sülh, həmrəylik və rifah diləyirəm".

XXX

Monteneqronun Prezidenti Filip Vuyanoviçdən: "Zati-aliləri, 28 May - Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Monteneqro ilə Azərbaycan arasında əlaqələr həmişə səmimi dostluğa əsaslanmışdır. Əminəm ki, gələcək əməkdaşlığımız, dövlətlərimiz və xalqlarımız arasında əlaqələr daha da möhkəmlənəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək, beynəlxalq aləmdə ölkələrimiz arasında nümunəvi əlaqələrin göstəricisi olan əməkdaşlığımızın inkişafına verdiyiniz şəxsi töhfələrinizi yüksək qiymətləndirdiyimizi bir daha ali diqqətinizə çatdırmaq istərdim. Ümumbəşəri dəyərlərə hörmət prinsipinə müştərək yanaşmamız qlobal sabitlik və tərəqqinin bərqərar olması istiqamətində atdığımız addımların göstəricisidir.

Möhtərəm Prezident, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".

XXX

Malayziyanın XIV Ali Başçısı Əl-Mutasimu Billahi Muhibbuddin Tuanku əl-Hac Abdul Halim Muadzam Şah ibni əl-Mərhum Sultan Badlişahdan: "Zali-aliləri, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi Malayziyanın Kralı və Kraliçası adından səmimi qəlbdən təbrik edirik. Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimizi və arzularımızı çatdırırıq.

Dua edirik ki, Uca Allah Zati-alinizə və Azərbaycan Respublikasının xalqına daim davamlı inkişaf, sülh və tərəqqi bəxş etsin".

XXX

Tailandın Kralı Bhumibol Adulyadejdən: Hörmətli cənab Prezident, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırıram. Sizə cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzu edirəm".

XXX

Mərakeşin Kralı VI Məhəmməddən: "Zali-aliləri, əziz qardaşım, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırır, Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə firavanlıq arzu edirəm.

Fürsətdən istifadə edərək qardaş xalqlarımız arasında qarşılıqlı hörmətə, məhsuldar əməkdaşlığa və ölkələrimizin fəal həmrəyliyinə əsaslanan əlaqələrdən məmnunluq duyduğumu bildirmək istəyirəm.

Mən Qadir Allahdan xalqlarımızın istəklərinə nail olmaları, daha xeyirli və təhlükəsiz gələcəkləri, sülh və sabitliyi, inkişaf, tərəqqi, birlik və həmrəylikləri üçün dua edirəm".

XXX

Ukrayna Prezidenti vəzifəsini icra edən, Ukrayna Ali Radasının sədri Aleksandr Turçinovdan: "Hörmətli cənab Prezident, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi Ukrayna xalqı adından və şəxsən öz adımdan təbrik edirəm.

Ukrayna Azərbaycan ilə münasibətlərin hərtərəfli inkişafına xüsusi diqqət yetirir. Əminəm ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq bundan sonra da qarşılıqlı anlaşma və etimad əsasında möhkəmlənəcəkdir.

Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni uğurlar, dost Azərbaycan xalqına sülh və firavanlıq arzu edirəm".

XXX

Latviyanın sabiq Prezidenti (1999-2007), Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Madrid Klubunun prezidenti Vayra Vike-Freyberqadan: Hörmətli cənab Prezident, xahiş edirəm, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə həyat yoldaşım, professor İmants Freyberqsin və mənim ən səmimi təbriklərimi qəbul edin. Sizə ən xoş arzularımızı çatdırır, möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə tükənməz güc, davamlı uğurlar, xalqınıza isə rifah, xoşbəxtlik və çiçəklənmə diləyirik".

XXX

İnquşetiya Respublikasının rəhbəri Yunusbek Yevkurovdan: "Hörmətli İlham Heydər oğlu, Sizi dövlət bayramınız - Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm.

Sizin dövlətinizin mənafelərinə şəxsi sədaqətiniz, fəal həyat mövqeyiniz öz xalqına təmənnasız xidmətin parlaq nümunəsidir.

Bu gün Siz bütün qüvvənizi, biliyinizi və təcrübənizi Azərbaycan Respublikasının rifahı naminə sərf edərək planlarınızı yüksək səviyyədə real işlərə çevirirsiniz.

Sizin yüksək peşəkarlığınız, müasir siyasi təfəkkürünüz, məqsədyönlü işiniz Azərbaycanda sosial-iqtisadi inkişafa, onun sakinlərinin həyat səviyyəsinin və rifahının yüksəlməsinə şərait yaradır.

Sizə və Azərbaycan Respublikasının bütün sakinlərinə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, sülh və firavanlıq arzu edirəm".

XXX

Dağıstan Respublikası Xalq Məclisinin sədri, Hökumətlərarası Komissiyanın həmsədri Xizri Şixsəidovdan: "Hörmətli İlham Heydər oğlu, Milli bayramınız - Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Dağıstan və Azərbaycan xalqları arasında tarixən yaranmış mehriban qonşuluq ənənələrini, çoxtərəfli Rusiya-Azərbaycan münasibətlərinin inkişaf səviyyəsini yüksək qiymətləndirərək əmin olduğumu bildirirəm ki, Dağıstan ilə Azərbaycanın dostluğu, qarşılıqlı anlaşması və əməkdaşlığı daha da möhkəmlənəcək və inkişaf edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və əmin-amanlıq, qardaş Azərbaycan xalqına sülh, sabitlik və firavanlıq arzu edirəm".

XXX

Dağıstan Respublikası Dərbənd Rayon Administrasiyasının başçısı Qurban Qurbanovdan: "Çox hörmətli İlham Heydər oğlu, şanlı dövlət bayramı - Respublika Günü münasibətilə Sizi və Sizin şəxsinizdə bütün Azərbaycan xalqını 150 minlik Dağıstan azərbaycanlıları adından ürəkdən təbrik edirəm.

1918-ci ildə Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan tarixində ən parlaq səhifələrdən biridir. Bu əlamətdar hadisədən sonra keçən illər parlaq hadisələrlə və Azərbaycan xalqının böyük nailiyyətləri ilə əlamətdar olmuşdur.

Biz, Dağıstan azərbaycanlıları öz xalqımıza, öz etnik vətənimiz olan Azərbaycana münasibətdə vətənpərvərlik hisslərini rəhbər tutaraq fikirlərimizi, amallarımızı və hərəkətlərimizi həmişə Azərbaycan ilə, onun xalqı ilə bağlamışıq, onun kədərinə şərik olmuşuq, uğurlarına sevinmişik.

Müstəqil Azərbaycanın memarı və qurucusu ümummilli lider Heydər Əliyevdir. Müasir Azərbaycanda ümumi sabitlik və milli həmrəylik şəraitinin yaradılması, keçmiş SSRİ-nin ən zəif müttəfiq respublikalarından birinin dünyada söz və nüfuz sahibi olan ölkələr sırasına çıxarılması üzrə möhtəşəm işləri Ulu Öndər başlamışdır.

Çox hörmətli İlham Heydər oğlu, bütün Azərbaycan xalqı kimi biz də Sizin şəxsinizdə Heydər Əliyevin işinin layiqli davamçısını görürük. Heydər Əliyevin Azərbaycanın, Azərbaycan xalqının daha da firavanlaşmasına yönəlmiş siyasətini inamla davam etdirdiyinizə görə Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.

Sizin rəhbərliyinizlə Azərbaycan sosial-iqtisadi inkişaf və siyasi sabitliyin qorunub saxlanması sahəsində böyük uğurlar qazanmışdır. Sizin öz dövlətinizin mənafelərinə şəxsi sədaqətiniz, fəal həyat mövqeyiniz xalqına təmənnasız xidmətin parlaq nümunəsidir.

Siz Rusiya ilə Azərbaycan arasında tarixən formalaşmış mehriban qonşuluq münasibətlərinə, xalqlarımız arasında qardaşcasına dostluğun möhkəmlənməsinə və inkişafına dəyərli töhfələr verirsiniz.

Sizə möhkəm cansağlığı və əmin-amanlıq, çoxmillətli Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram".

XXX

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru Joze Qratsiano da Silvadan: "Zati-aliləri, icazə verin, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı adından və şəxsən öz adımdan Sizə cansağlığı və xoşbəxtlik, ölkənizə isə sülh və tərəqqi arzularımı çatdırım".

XXX

Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun prezidenti İsmayıl Safidən: "Zati-aliləri, icazə verin, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun Direktorlar Şurasının bütün üzvləri adından təbrik edim.

Müstəqilliyini bərpa etdiyi qısa müddət ərzində Azərbaycan xalqı demokratik, konstitusiyalı və iqtisadi cəhətdən müstəqil dövlət qura bildi. Biz bütün Azərbaycan xalqına cansağlığı, xoşbəxtlik, rifah və tərəqqi arzulayaraq ümidvar olduğumuzu ifadə edirik ki, ölkənizdə hər zaman sülh, qarşılıqlı anlaşma və insanlar arasında dostluq olacaqdır.

Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək Sizə ən dərin ehtiramımı çatdırıram".

XXX

Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodinadan: "Çox hörmətli İlham Heydər oğlu, icazə verin, Sizi dövlət bayramınız - Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edim, Sizə möhkəm cansağlığı, əmin-amanlıq, Azərbaycanın hərtərəfli inkişafı və firavanlığı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayım".

XXX

"Mir" Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşindən: "Zati-aliləri, Azərbaycanın dövlət bayramı - Respublika Günü münasibətilə Sizi "Mir" Dövlətlərarası Teleradio Şirkətinin kollektivi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

İcazə verin, Sizə möhkəm cansağlığı, nikbinlik, Azərbaycan xalqının əmin-amanlığı və firavanlığı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayım.

Sizi əmin edirik ki, "Mir" Teleradio Şirkəti Azərbaycan Respublikasının həyatını və ölkənizdə baş verən hadisələri bundan sonra da obyektiv və geniş işıqlandıracaqdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti