...

Bəxtiyar Aslanbəyli: “Cənub Qaz Dəhlizinin reallaşdırılması ilə bağlı Azərbaycanın üzləşə biləcəyi mümkün risk faktorları AB tərəfindən lazımınca dəyərləndirilməlidir”

Siyasət Materials 5 İyun 2014 10:45 (UTC +04:00)
Rumıniyanın paytaxtı Buxarestdə Harvard Universitetinin “Qara Dəniz bölgəsində təhlükəsizlik” təlim proqramı keçirilir.
Bəxtiyar Aslanbəyli:  “Cənub Qaz Dəhlizinin reallaşdırılması ilə bağlı Azərbaycanın üzləşə biləcəyi mümkün risk faktorları AB tərəfindən lazımınca dəyərləndirilməlidir”

Azərbaycan, Bakı, 5 iyun /Trend/

Rumıniyanın paytaxtı Buxarestdə Harvard Universitetinin "Qara Dəniz bölgəsində təhlükəsizlik" təlim proqramı keçirilir. 15 il əvvəl Harvard Universitetinin təşəbbüsü ilə təsis edilən bu proqram bölgədə mövcud olan təhlükəsizlik təhdidlərinin aradan qaldırılmasında regional aktorların rolunun artırılması imkanlarını tədqiq və təşviq edir. Rumıniya Prezident Administrasiyasının himayəsi ilə keçirilən bu ilki proqram "Enerji təhlükəsizliyi: problemlərin həllində innovativ qərarlar" mövzusuna həsr edilib.

Trend-in məlumatına görə, təlimin ilk günü Rumıniya Prezidenti Trayan Basesku iştirakçıları və məruzəçiləri öz iqamətgahında qəbul etdi və Qara Dəniz bölgəsində təhlükəsizlik durumu və başlıca təhdidlər barədə çıxış etdi. Daha sonra təlim Rumıniya parlamentinin binasında davam etdi və iştirakçılar Rumıniya Baş Naziri Viktor Pontanın, NATO Baş katibinin müavini Sorin Dukarunun, Avropa Parlamentinin deputatlarının çıxışlarını dinlədilər və müzakirələr apardılar. Ümumiyyətlə, bir həftə ərzində davam edəcək təlim proqramında iştirakçı və mühazirəçi qismində 16 ölkədən 70-ə qədər dövlət rəsmisi, diplomat, akademik dairələrin nümayəndələri, habelə Avropa Birliyi və NATO-nun rəsmiləri və ekspertləri iştirak edir.

Təlim proqramına mühazirəçi qismində dəvət olunan BDU-nun Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müəllimi Bəxtiyar Aslanbəyli bu gün "Enerji təhlükəsizliyinin regional perspektivləri" sessiyasında mühazirə ilə çıxış etdi. B. Aslanbəyli Qara dəniz və Cənubi Qafqaz bölgələrinin təhlükəsizlik durumunu müqayisə edərək ümumi məqamlara və təhdidlərə diqqət çəkdi.

Ekspert həmçinin Avropa ölkələrinin enerji təminatı ilə bağlı mövcud layihələrin bu bölgələrin təhlükəsizllik durumuna təsiri imkanları barədə danışdı. Xəzər hövzəsinin enerji ehtiyatlarının Avropaya nəqli, Cənub Qaz Dəhlizi və bu dəhlizin reallaşmasında bölgə ölkələrinin rolunu şərh edən B. Aslanbəyli bu prosesdə Azərbaycanın aparıcı mövqeyini xüsusilə vurğuladı.

"Cənub Qaz Dəhlizinin tikintisi yalnız Şah Dəniz yatağından Avropaya ildə 10 milyard kub metr qazın nəqli üçün əhəmiyyətli deyil. Bu tranzit infrastrukturunun reallaşması gələcəkdə qeyri-Şah Dəniz həcmlərinin Avropaya nəqli baxımından da əhəmiyyətlidir. Məhz bu səbəbdən, Cənub Qaz Dəhlizi sadəcə Azərbaycanın enerji ehtiyatlarının Avropaya çatdırılması üçün vacib layihə deyil, həm də Avropanın enerji təminatının daha geniş diversifikasiyasına xidmət edəcək və Avropaya yeni mənbələrdən yeni həcmlərin nəqlini mümkün edə biləcək strateji layihə kimi qiymətləndirilməlidir. " - deyən B. Aslanbəyli mümkün risk faktorlarının və layihənin reallaşdırılması mərhələsində Azərbaycanın üzləşə biləcəyi potensial təhlükəsizlik təhdidlərinin AB tərəfindən də lazımınca dəyərləndirilməsinin vacibliyini vurğuladı. Ekspertin fikrincə, AB, NATO və digər beynəlxalq qurumlar hadisələrə post-faktum münasibət bildirməməli, əksinə mümkün riskləri əvvəlcədən qiymətləndirərək təhdidləri neytrallaşdırmağa çalışmalıdır.

Harvard Universitetinin "Qara Dəniz bölgəsində təhlükəsizlik" təlim proqramı iyunun 7-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti