...

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Afinada “Kiklad” İncəsənət Muzeyi ilə tanış olmuşdur (FOTO)

Siyasət Materials 16 İyun 2014 23:08 (UTC +04:00)
Prezident İlham Əliyevin Yunanıstana dövlət səfəri çərçivəsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iyunun 16-da Afinada “Kiklad” İncəsənət Muzeyi ilə tanış olmuşdur.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Afinada “Kiklad” İncəsənət Muzeyi ilə tanış olmuşdur (FOTO)

Azərbaycan, Bakı, 16 iyun /Trend/

Prezident İlham Əliyevin Yunanıstana dövlət səfəri çərçivəsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iyunun 16-da Afinada "Kiklad" İncəsənət Muzeyi ilə tanış olmuşdur.

Muzeydə Mehriban Əliyevanı Yunanıstanın Baş nazirinin xanımı Georgia Samaras müşayiət etmişdir.

Azərbaycanın birinci xanımının diqqətinə çatdırıldı ki, Afinanın ən böyük muzeylərindən olan "Kiklad" 1986-cı ildə Yunanıstanın mötəbər ailələrindən olan Nikolas və Dolli Qulandrislərin Kiklad və qədim yunan incəsənətinin nümunələrindən ibarət fərdi kolleksiyası əsasında yaradılmışdır.

Nikolas və Dolli Qulandrislər kolleksiyanı 1960-cı ildən yunan dövlətinin icazəsi əsasında toplamağa başlamışlar. Kolleksiya qısa zamanda öz nadir eksponatları ilə məşhurlaşmışdır. İlk dəfə bu kolleksiya 1978-ci ildə Benaki muzeyində nümayiş olunmuş, 1979-1983-cü illərdə isə dünyanın ən iri muzey və qalereyalarında təqdim edilmişdir. Nikolas Qulandrisin vəfatından sonra onun həyat yoldaşı muzeyin yaradılması məqsədilə kolleksiyanı yunan dövlətinə təqdim etmişdir.

Muzeyin ekspozisiyası sonradan daha da genişlənmişdir. Muzeyin kolleksiyası üç əsas istiqamətə bölünür. Bunların birincisini bürünc dövrünün əvvəlini - eramızdan əvvəl 3200-2000-ci illəri əhatə edən Kiklad sivilizasiyasına aid olan eksponatlar təşkil edir. Daha bir istiqamət eramızdan əvvəl II minillikdən eramızın IV əsrinə gəlib çatan qədim yunan incəsənəti nümunələridir. Burada qədim Kiprin neolit dövründən xristian dövrünə qədərki eksponatları nümayiş olunur. Nəhayət, üçüncü istiqamət eramızdan əvvəl IV əsrdən eramızın VI əsrinə qədər olan dövrü əhatə edir. Bu, dünyada qədim Kipr eksponatlarının ən dolğun kolleksiyalarından biri sayılır.

Bildirildi ki, Kiklad İncəsənət Muzeyi Egey dənizi və qədim Kipr mədəniyyətinin tədqiqi və təbliği məqsədilə yaradılmışdır. Burada daimi olaraq seminarlar keçirilir. Muzey müxtəlif layihələrdə və tədqiqatlarda iştirak edir. Ümumilikdə muzeydə üç mindən çox müxtəlif eksponat təqdim olunur.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva muzeyin xatirə kitabına ürək sözlərini yazdı.

Sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Yunanıstan Baş nazirinin xanımı Georgia Samaras birgə nahar etdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti