...

Səfir: Fələstin İsraillə uzunmüddətli atəşkəsə nail olunacağına ümid edir

Siyasət Materials 17 İyul 2014 17:38 (UTC +04:00)
Fələstin İsraillə uzunmüddətli barışığa nail olunacağına ümid edir. Bu barədə Trend-ə Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim bildirib.
Səfir: Fələstin İsraillə uzunmüddətli atəşkəsə nail olunacağına ümid edir

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/

Fələstin İsraillə uzunmüddətli barışığa nail olunacağına ümid edir. Bu barədə Trend-ə Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim bildirib.

Onun sözlərinə görə, iyulun 17-də səhər HƏMAS Qəzza sektorunda beş saatlıq humanitar atəşkəsi dəstəkləyib ki, bunu da problemin həllində ilk addım hesab etmək olar.

Səfir qeyd edib ki, Fələstin Prezidenti yaranmış problemləri həll etmək üçüm hazırda Misirdədir. Çünki böhranın nizamlanması məsələsində Misirin rolu çox mühümdür.

Səfir bildirib ki, İsrail HHQ-nin keçirdiyi hərbi əməliyyatlar humanitar böhranı daha da dərinləşdirir. Ona görə ki, bu əməliyyatlarda zamanı həlak olanların əksəriyyəti dinc sakinlərdir: "Hazırda Qəzzada humanitar vəziyyət kritikdir, içməli su qıtlığı kəskin hiss olunur".

Əbdül Kərimin sözlərinə görə, bəziləri İsrail HHQ-nin Qəzza sektorunda hərbi əməliyyatlar aparmasına səbəbin İslam Müqavimət Hərəkatı (HƏMAS) olduğunu hesab edirlər.

Səfirin sözlərinə görə, hazırda regionda mövcud olan problemə dar çərçivədə baxmaq olmaz. Çünki siyasətdə təsadüflər olmur: "Problemin mahiyyətinə varmaqdan ötrü, regionun tarixinə müraciət etmək lazımdır".

Diplomat hesab edir ki, regionun əsas problemi Fələstin torpaqlarının işğalı və ümumilikdə Fələstin xalqına ədalətsiz münasibətdir.

Əbdül Kərimin sözlərinə görə, Fələstin hökumətinin atəşkəsə nail olunmaq üçün göstərdiyi bütün səylərə baxmayaraq, baş nazir Benyamin Netanyahunun hökuməti buna mane olur.

Səfir bildirib ki, İsrailin baş naziri Fələstin tərəfi ilə sülh danışıqlarının davam etdirilməsini istəmir. Çünki sülh sazişinin bəndlərindən biri fələstinli məhkumların azad olunmasıdır: "Lakin İsrailin baş naziri öz sözünün üstündə durmadı. Bu da vəziyyətə mənfi təsir etdi".

İordan çayının Qərb sahilində üç yəhudi yeniyetmənin oğurlanaraq öldürülməsi mövzusuna toxunan diplomat qeyd edib ki, Fələstin başda Prezident Mahmud Abbas olmaqla bu faktı qətiyyətlə pisləyib. Onun sözlərinə görə, İsrailin Baş naziri sadəcə olaraq bu hadisədən siyasi məqsədlər üçün istifadə etdi: "Bu hadisədən istifadə edən Netanyahu hökuməti İsrail xalqını fələstinlilərə qarşı qaldırmaq istəyir".

Diplomatın sözlərinə görə, yəhudi yeniyetmələrin oğurlanması və öldürülməsi polis tərəfindən araşdırılmalı olan cinayətdir: "Amma ondan siyasi məqsədlər üçün yararlanmaq lazım deyildi. Yeniyetmələrin öldürülməsini təhqiq etmək məqsədilə İsrail dövləti Fələstin ilə hərbi əməliyyatların başlanmasına dair əmr verdi".

Səfirin sözlərinə görə, hələ də İsraildə yəhudi yeniyetmələrə qarşı cinayətin fələstinlilər tərəfindən törədildiyi barədə sübut yoxdur.

Diplomat qeyd edib ki, İsrail hökumətinin düzgün olmayan davranışı ona gətirib çıxardı ki, yəhudi radikallar yeniyetmələrin oğurlanması və qətlə yetirilməsinə cavab olaraq gənc fələstinlini öldürdülər.

Onun sözlərinə görə, Binyamin Netanyahu yəhudi yeniyetmələrlə bağlı insidentdən sonra dövlət başçısı kimi çıxış etməli, bundan hərbi əməliyyatların başlaması üçün bəhanə kimi istifadə etməməli idi: "Fələstinlilər də israillilər kimi dinc şəraitdə yaşamaq istəyirlər və aparılan sorğular göstərir ki, fələstinlilərin və israillilərin 70 faizə yaxını sülh istəyirlər".

Səfirin sözlərinə görə, Fələstin ərazilərində hərbi əməliyyatların keçirilməsi fələstinlilər kimi, israillilər üçün də təhlükədir, amma ümumilikdə, hərbi əməliyyatlardan fələstinlilər əziyyət çəkirlər.

Diplomat qeyd edib ki, regionda yaranmış vəziyyət, o cümlədən Fələstin torpaqlarının işğal olunması, hərbi əməliyyatların aparılması İsrailin xeyrinə olmayacaq və ölkə hökuməti bunu anlamalıdır.

Onun sözlərinə görə, bir çox ərəb ölkələri, İƏT üzvü olan ölkələr məhz Fələstin ərazilərinin işğalı ilə bağlı İsraillə öz diplomatik münasibətlərinə son qoyublar. Fələstinlilərlə sülh İsrailin xeyrinə ola bilər və onun müsəlman ölkələri ilə münasibətlərinin inkişafına yardım edər.

Əbdül Kərim Yaxın Şərq probleminin həllini Fələstin torpaqlarının işğaldan azad olunmasında və paytaxtı Şərqi Qüds (Yerusəlim) olmaqla 1967-ci ildəki ərazilər çərçivəsində Fələstin dövlətinin yaradılmasında görür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti