...

Prezident İlham Əliyev: Azərbaycan və Türkiyə arasında əməkdaşlıq münasibətləri strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlib

Siyasət Materials 11 Avqust 2014 16:49 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Baş naziri cənab Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb.
Prezident İlham Əliyev: Azərbaycan və Türkiyə arasında əməkdaşlıq münasibətləri strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlib

Azərbaycan, Bakı, 11 avqust /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Baş naziri cənab Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli cənab Baş nazir, Əziz Qardaşım, Türkiyənin tarixində ilk dəfə ümumxalq səsvermə yolu ilə keçirilən Prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Heç şübhə yoxdur ki, bu seçkilər qardaş Türkiyənin tarixində yeni mərhələnin başlanğıcı olacaqdır.
Birbaşa səsvermənin nəticəsi xalqın Sizə olan böyük inam və etimadının aşkar təzahürü, qardaş Türkiyənin hərtərəfli inkişafı və çiçəklənməsi yolunda həyata keçirdiyiniz uğurlu siyasətə və əvəzsiz xidmətlərinizə verilən yüksək qiymətdir. Cəmiyyətin demokratik inkişafı yolunda tarixi hadisə olan, açıq, sərbəst və şəffaf şəraitdə keçirilən bu seçkilər, eyni zamanda, qardaş Türkiyə xalqının iradəsinin bariz ifadəsidir. Bu qələbəniz həmçinin Türkiyənin qələbəsidir".

İlham Əliyev məmnunluqla qeyd edib ki, son on il ərzində Türkiyə hərtərəfli inkişaf nümayiş etdirərək beynəlxalq aləmdə güc mərkəzinə çevrilmişdir: "Azərbaycan və Türkiyə arasında əməkdaşlıq münasibətləri isə bu müddət ərzində möhtəşəm yol keçərək möhkəm dostluq və qardaşlıq, strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlmişdir.
Uğurlu ikitərəfli və çoxtərəfli əməkdaşlığımız, birgə səylərimizlə həyata keçirdiyimiz nəhəng layihələr - Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, tikilməkdə olan Bakı-Tbilisi-Qars dəmir yol xətti və yenicə başladığımız TANAP və digərləri ölkələrimizin, eləcə də regionun dünya miqyasında əhəmiyyətini artırır, bölgədə sülhə, əməkdaşlığa və inkişafa xidmət edir.
Əminəm ki, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətləri bundan sonra da davam edəcək və inkişaf edəcəkdir.
Əziz Qardaşım, fürsətdən istifadə edərək Sizi münasib bildiyiniz vaxtda Azərbaycana səfərə dəvət edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Türkiyənin çiçəklənməsi, xalqınızın isə əmin-amanlığı və firavanlığı naminə ali dövlətçilik fəaliyyətinizdə uğurlar diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti