Azərbaycan, Bakı, 17 avqust /Trend/
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 95-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdə iştirak etmək məqsədilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin dəvəti ilə 2014-cü ilin 16-18 avqust tarixlərində İran İslam Respublikası Sərhəd Qoşunlarının Komandanı general-mayor Qasım Rzainin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.
Trend-in məlumatına görə, avqustun 17-də Dövlət Sərhəd Xidmətinin Aparatında general-mayor Qasım Rzainin təntənəli qarşılanma mərasimi keçirilib. Rəsmi protokola uyğun olaraq, İran İslam Respublikası Sərhəd Qoşunlarının Komandanı şərəf kitabına ürək sözlərini yazıb.
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və İran İslam Respublikası Sərhəd Qoşunlarının Komandanı general-mayor Qasım Rzainin rəhbərlik etdikləri nümayəndə heyətləri arasında geniş tərkibdə keçirilmiş görüşdə Azərbaycan-İran dövlət sərhədində və sərhəd keçid məntəqələrindəki vəziyyətlə bağlı fikir mübadiləsi aparılmış, hər iki qurum arasında əməkdaşlığın mövcud durumu və perspektivləri müzakirə olunub.
Müzakirələr zamanı qurumlar arasında əməkdaşlığın inkişaf dinamikası müsbət qiymətləndirilmiş, dövlət sərhədindən qaçaqmalçılığa, transsərhəd cinayətkarlığa qarşı, eləcə də digər qeyri-qanuni fəaliyyətlərin qarşısının alınması üzrə qarşılıqlı əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb.
Səfər çərçivəsində İran nümayəndə heyəti Bakı şəhərinin mədəni-tarixi yerləri ilə tanış edilmişlər.
Səfər dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.
Trend-in İran səfirliyinə istinadən verdiyi məlumata görə, görüş zamanı İran Sərhəd Qoşunlarının Komandanı Elçin Quliyevi İrana rəsmi səfərə dəvət edib.
Elçin Quliyev İranlı həmkarının dəvətini qəbul edib.
"İran və Azərbaycan sərhədləri dostluq və qardaşlıq sərhədləridir", - E. Quliyev bildirib.