...

Elmar Məmmədyarov AŞ PA-da Azərbaycanda insan haqları ilə bağlı vəziyyətə aydınlıq gətirib

Siyasət Materials 2 Oktyabr 2014 18:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 oktyabr /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasında (AŞPA) avropalı deputatlara ölkədə inan haqları ilə bağlı vəziyyəti şərh edib.

Trend-in məlumatına görə, AŞ PA sessiyasında avropalı deputatların suallarını cavablandıran Avropa Şurası Nazirlər Komitəsinin sədri E.Məmmədyarov Leyla və Arif Yunusovların saxlanılması və bu iş üzrə digər saxlanılanların məsələsi ilə bağlı yenidən Azərbaycanın mövqeyini çatdırıb: "Bu məsələni Strasburqda və Bakıda müzakirə etdik. Bu məsələ üzrə mövqeyimiz məlumdur, biz də sizin mövqeyinizi bilirik. Gəlin, bir-birimizin mövqelərinə hörmət edək".

Azərbaycanın həbs edilmiş hüquq müdafiəçisi Anar Məmmədlinin Vatslav Havel adına mükafata layiq görülməsinə gəlincə, nazir bildirib ki, bu, Havel Fondu Komitəsinin qərarıdır.

Avropa İnsan Haqları Məhkəməsinin digər həbs edilmiş siyasi fəal İlqar Məmmədovla bağlı qərarına toxunan XİN rəhbəri vurğulayıb ki, Azərbaycan Avropa Məhkəməsinin bu qərarından artıq apellyasiya verib və hər hal üzrə hər dəfə hüquq prosedurları çərçivəsində hərəkət edəcək.

E.Məmmədyarov, həmçinin deputatlara ölkədəki mövcud plüralizm barədə danışıb: "Əgər siz xarici işlər naziri Elmar Məmmədyarovu, o cümlədən mənim şəxsi həyatımı tənqid edən müxalif qəzetlər görürsünüzsə, bu ən yaxşı cavab olacaq... Bu, dözümlülüyün yüksək olduğunu göstərir".

"Siyasi məhbuslar"la bağlı vəziyyətə gəlincə, nazir deyib ki, Avropa Şurası indiyədək "siyasi məhbus" ifadəsinin tərifini müəyyənləşdirməyib: "Avropa Şurası, xüsusilə AŞ PA "siyasi məhbus" ifadəsinin tərifini nə vaxt müəyyənləşdirərsə və bu kateqoriyaya kimlərin daxil olduğuna aydınlıq gətirərsə, mən sizin sualınıza cavab verə bilərəm".

E.Məmmədyarov Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində öz doğma yurdlarından didərgin düşmüş məcburi köçkünlərin hüquqlarına əməl etməyə çağırıb: "Bu insanlar anadan olduqları torpaqlarda yaşamaq hüququndan məhrum olublar. Heç kəs buna göz yuma bilməz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti