...

Mübariz Əhmədoğlu: Ermənistandakı oktyabr mitinqi həm də 2013-cü il prezident seçkilərinin davamıdır

Siyasət Materials 13 Oktyabr 2014 11:27 (UTC +04:00)
Ermənistanda oktyabr mitinqinə həm də 2013-cü il prezident seçkilərinin davamı kimi də yanaşmaq olar. Bunu Trend-ə açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Mübariz Əhmədoğlu: Ermənistandakı oktyabr mitinqi həm də 2013-cü il prezident seçkilərinin davamıdır

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir İlkin İzzət/

Ermənistanda oktyabr mitinqinə həm də 2013-cü il prezident seçkilərinin davamı kimi də yanaşmaq olar. Bunu Trend-ə açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloqun sözlərinə görə, Ermənistan ictimai-siyasi mühiti hakimiyyətin apardığı siyasətin mahiyyətini başa düşür və buna görə narazıdır: "Ermənistan müstəqilliyini itirmək kursunu götürüb. Əslində, Ermənistan heç vaxt müstəqil olmayıb. SSRİ dağılan ərəfədə Ermənistan, o cümlədən keçmiş SSRİ məkanındakı ermənilər Qərb tərəfindən idarə olunub. SSRİ-nin dağılması prosesi başa çatdıqdan sonra Ermənistan özünü yenidən Rusiyanın "idarəçiliyinə verdi". Bu halda müəyyənedici məsələ Ermənistanın təhlükəsizliyi idi. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və mütəmadı olaraq antitürkiyə fəaliyyəti müharibə ehtimalını daim aktual edib. Qərb müharibə zamanı bu regionda Ermənistanı müdafiə etmək imkanına malik deyil. Rusiyanın isə belə imkanı həmişə olub və indi də var. Ermənistanın uydurduğu miflər gücləndikcə ona qarşı uydurma təhlükənin "neytrallaşdırılması" üçün Rusiyanın da rolu bir o qədər artırdı. Bütün bu dövrdə Ermənistan müstəqillik atributlarına malik olub. İndi Ermənistanın götürdüyü kurs müstəqillik atributlarının da itirilməsilə nəticələnə bilər. Siyasilər də elə bunu nəzərdə tuturlar".

Mərkəzin direktoru hesab edir ki, Ermənistanın müstəqilliyinin itirilməsində hakimiyyəti ələ keçirmiş "Qarabağ klanının" apardığı siyasətin böyük rolu var: "Bu iki parametr də özünü göstərir: Birincisi, "Qarabağ klanının" idarəçiliyi elmi-politoloji əsaslara malik deyil. Bu səbəbdən belə idarəçiliyə verilən informasiya dəstəyi yalnız "nağara effekti" yaradır. İkinci parametr isə "Qarabağ klanı"nın Dağlıq Qarabağın inkişafını prioritet elan etməsidir. Kənardan gələn resursların tükəndiyi, dövlət borcunun ÜDM-in yarısına bərabər olduğu halda Dağlıq Qarabağın inkişafı Ermənistanın çökməsi hesabına baş tutur. "Qarabağ klanının" apardığı siyasət qapalı dairədir. Ermənistan dövlətini çökdürüb Qarabağı "tanıdirlar", Qarabağın tanınması istiqamətində heç bir irəliləyiş əldə edə bilmirlər, bu istiqamətdəki xərclədiyi resurslar yenidən daha neqativ formada Ermənistan dövlətçiliyinə təsir edir".

M.Əhmədoğlunun fikrincə, Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü ilə bağlı qərar qəbul edilmə dövründə ölkə müxalifətinin mitinq təyin etməsi kifayət qədər riskli addım idi. Amma mitinqin təşkilatçısı olan "üçlük" keçirdikləri mitinqin antirusiya və ya antiAİB mahiyyətli olmadığının izahını Rusiyaya veriblər və Rusiyanı buna inandıra biliblər: "Çiçəklənən Ermənistan" partiyasının sədri, multimilyoner Q.Çarukyanın bu mitinqin rəhbərliyində olması Rusiyanı mitinqin Rusiyanın əleyhinə olmadığına inandırdı. Q.Çarukyan 2013-cü ilin fevral ayındakı prezident seçkilərində prezidentliyi ələ almağa hazır idi. O zaman Rusiya buna imkan vermədi. S.Sarkiyan Rusiyanı inandıra bildi ki, Ermənistan Gömrük İttifaqına üzv olacaq. Rusiyanın köməyi hesabına prezident seçildikdən sonra S.Sarkisyan Rusiyanı aldatdı. Aİ ilə assosiativ müqaviləni imzalamağa tam hazır etdi. V.Putinin əlavə "arqumentlərinin" hesabına S.Sarkirsyan Ermənistanın Gömrük İttifaqına üzv olmasını Rusiyadan xahiş etdi və Aİ ilə assosiativ müqaviləni imzalamaqdan imtina etdi. Rusiyanın Ermənistandakı prezident seçkilərindəki köməyi L.Ter-Petrosyan və Q.Çarukyanı prezident seçkilərindən uzaqlaşdırmaqdan ibarət oldu. Yeri gəlmişkən, hətta bu şəraitdə Sarkisyanın qələbəsi mübahisəlidir. Çünki "İrs" partiyasının sədri, ABŞ vətəndaşı R.Ovannisyan çox böyük miqdarda səs toplaya bildi".

Politolqun sözlərinə görə, rəsmi Moskva indiki mitinq dalğası ilə Ermənistandakı ictimai-siyasi mühitin Qərbpərəst oriyentasiyasını zəiflədib Rusiyanın mövqeyini gücləndirə bilər: "Bu kontekstdən 10 oktyabr mitinqinə həm də 2013-cü il prezident seçkilərinin davamı kimi də yanaşmaq olar. Sarkisyanın hakimiyyəti dövründə məqsədinə nail ola bilməyəcəklərini Rusiyada başa düşüblər. Ona görə də mitinqin əsas təşkilatçıları konstitusiya islahatlarının əleyhinədir. Konstitutsiya islahatı ilə prezident idarəçiliyini ləğv edib parlament idarəçiliyinə keçməklə Sarkisyan özünü bu və ya digər formada hakimiyyətdə saxlamaq istəyir. Bütün qonşularına ərazi iddiası olan, hətta onlardan birinin torpağını işğal edən kiçik Ermənistan üçün operativ qərarların qəbul edilməsi bəzən həyati əhəmiyyətli məsələ ola bilər. Sarkisyan özünü hakimiyyətdə saxlamaqdan ötrü ölkəsini bu prioritetdən məhrum edir. Müxalifət isə konstitusiya islahatlarına etiraz edir".

M.Əhmədoğlu qeyd edib ki, bu mitinq Ermənistanın müasir tarixində bir sıra "ilk"lərə imza atıb: "İlk dəfə idi ki, keçirilən mitinq ilk mərhələdəcə çoxminli oldu. Polis 14 min, mitinq təşkilatçıları isə 20 min nəfərin iştirak etdiyini bildirdilər. Hakimiyyətin yaratdığı maneələr fonunda iştirakçı sayının çoxluğu diqqət çəkir. O da nəzərə alınmalıdır ki, Ermənistanı tərk edənlərin sayı artır və tərk edənlərin böyük qismi də hakimiyyətdən narazılardır.

İkincisi, ilk dəfə idi ki, mitinqin rəhbərliyində imkanlı oliqarx təmsil olundu. Multimilyoner Q.Çarukyanın mitinqə rəhbərlik etməsi siyasətçiləri həbsdən qorxmamağa, əhalini iştiraka, digər oliqarxları isə mitinqi maliyyələşdirməyə həvəsləndirəcək.

Bundan əlavə, Q.Çarukyanın iştirakı ilə daha bir "ilk" var. O, baş nazir O.Abramyanın qudasıdır. Bu, Ermənistanda hakimiyyət təmsilçilərinə mühüm psixoloji təsir göstərəcək. Sarkisyan Abramyanı baş nazirlikdən uzaqlaşdırsa, bu, onun baş nazir seçməkdə bacarıqsızlığının ciddi nümayişi olacaqdır. Çünki O.Abramyandan əvvəlki baş nazir T.Sarkisyanın da vəzifədə olduğu dövrdə buraxdığı qüsurlar indi də müzakirə mövzusudur. Lakin bu mitinqlərin ən əsas fərqləndirici cəhəti hakimiyyətə, prezidentə münasibətlə bağlıdır. Ermənistanda həmişə bir neçə mitinqdən sonra istefa şüarı meydana çıxardı. Bu mitinqdə isə ilk mərhələdə bu şüar gündəliyə gətirildi".

Mərkəzin direktoru bildirib ki, "Qarabağ klanının" başçısı, eks-prezident R.Koçaryanın ailə mühafizəçisi olan S.Sarkisyanın hakimiyyəti özünün və "Qarabağ klanının" əlində saxlaması müşkül məsələdir: "Yada salaq ki, R.Koçaryan Sarkisyanı məhz onun ailəsini yaxşı mühafizə etdiyinə görə prezident seçdirmişdi. Lakin burda bir mqəam da var - Rusiya Ermənistanda proseslərə uzun müddət yön vermək imkanını əldən buraxmayacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti