Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir Səbinə Əhmədova/
Kolumbiya BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qətnamələrini tanıyır. Bunu Trend-ə müsahibəsində Kolumbiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Əssəd Xose Xater Pena bildirib.
Müvəqqəti işlər vəkili vurğulayıb: "ATƏT-in Minsk qrupunun fəaliyyətini izləyir və dəstəkləyirik".
Kolumbiya rəsmisi bildirib ki, ölkəsi Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həllinə ümid edir.
Azərbaycan və Kolumbiya arasında siyasi əməkdaşlıq məsələsinə toxunan Əssəd Xose Xater bildirib ki, əməkdaşlıq çox yaxşı səviyyədədir: "Demək olar ki, ölkələrimiz arasında artıq 20 ildir ki, siyasi əməkdaşlıq mövcuddur. Bizim siyasi baxışlarımız da eynidir. Ölkələrimiz arasında iqtisadi əməkdaşlığa gəlincə isə, bu əməkdaşlıq hələ o qədər də güclənməyib. Biz ümid edirik ki, səfirliyin açılışı və fəaliyyəti əsasında iqtisadi əməkdaşlığımızda da yeni addımlar atacağıq və yeni uğurlarımız olacaq".
Müvəqqəti işlər vəkilinin sözlərinə görə, ümumi əməkdaşlıq hər bir sahədə mövcuddur: "Əsas əməkdaşlığımız təhsil sahəsində aparılacaq. Biz artıq bu sahədə əməkdaşlığa başlamışıq. Azərbaycan və Kolumbiya XİN-ləri arasında saziş var və bu sazişə görə, hər iki nazirlik arasında əməkdaşlıq əsasında Kolumbiyadan olan müəllimlər Azərbaycanda ispan dilinin öyrədilməsinə yardımçı olacaqlar. Bu, xüsusən Azərbaycan diplomatları üçün nəzərdə tutulub".
Əssəd Xose Xaterin sözlərinə görə, Azərbaycan və Kolumbiya ekspertlərinin mübadiləsi proqramlarının həyata keçirilməsi də nəzərdə tutulub: "ADA Universitetində də oktyabr ayından bu sahədə planların həyata keçirilməsi nəzərdə tutulur. Digər sahələrdə də əməkdaşlığımız mövcuddur".
Kolumbiya rəsmisi qeyd edib ki, iki ölkə əsasən neft sahəsində çox gözəl əməkdaşlıq edə bilər: "Hesab edirik ki, bu sahə çox vacibdir. Bildiyiniz kimi, hər iki ölkənin neft ehtiyatları var. Biz istərdik ki, Azərbaycanın neft sahəsində çalışan təcrübəli işçiləri Kolumbiyada da fəaliyyət göstərsinlər və təcrübə qazansınlar, eynilə də Kolumbiyanın bu sahədəki işçiləri Azərbaycanda fəaliyyət göstərsinlər. Belə böyük planlarımız mövcuddur".
Əssəd Xose Xate qeyd edib ki, mədəniyyət sahəsində də iki ölkə arasında əməkdaşlıq planları mövcuddur: "Biz artıq mədəniyyət sahəsində Azərbaycanda tədbirlər həyata keçirmişik və çox istərdik ki, yaxın zamanda da bu sahədə müxtəlif proqramlar və mədəni tədbirlər keçirək. Biz istərdik ki, iki ölkənin mədəniyyət xadimləri qarşılıqlı mədəni layihərdə iştirak etsinlər, Kolumbiyanın zəngin mədəniyyəti və tarixi Azərbaycanda tanınsın. Planlarımıza paytaxt Boqotada bir həftə boyunca Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi də daxildir. Həmçinin Kolumbiya mədəniyyəti günlərinin Azərbaycanda keçirilməsini istərdik".
Yaxın zamanda iki ölkə arasında normativ hüquqi bazanın genişləndirilməsi məsələsinə toxunan müvəqqəti işlər vəkili bu istiqamətdə də əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını bildirib: "Kolumbiyanın paytaxtı Boqota şəhərində noyabrda bizim siyasi məsləhətləşmələrimiz keçiriləcək. Bu siyasi məsləhətləşmələrdə planlaşdırılmış sahələr üzrə fikir mübadiləsi aparmaq niyyətindəyik. Bununla yanaşı, təhsil və idman sahələrində əməkdaşlıq etmək fikrindəyik. Ən əsas məqamlardan biri də invesitisiyaların qorunmasıdır. Hesab edirəm ki, bu, həm Azərbaycanda, həm də Kolumbiyada çox vacib məsələdir".
Kolumbiya iqtisadiyyatının hansı sahələrinin Azərbaycan investorları üçün daha cəlbedici ola biləcəyinə gəlincə, Əssəd Xose Xater bildirib ki, Kolumbiya iqtisadiyatının hər bir sahəsi maraqlı ola bilər: "Kolumbiyanın investisiya sahəsində böyük təcrübəsi var. Ölkəm investisiyaların yatırımında yardımçı ola bilər. Neft sahəsində böyük imkanlar mövcuddur. Həm Azərbaycanın, həm Kolumbiyanın böyük təcrübəsi olduğu üçün, idxal-ixrac prosesində əməkdaşlıq uğurlu olar. Kənd təsərrüfatı sahəsində də investisiya imkanları mövcuddur. Eləcə də turizm və otelçilik sahəsində çox böyük əməkdaşlıq edilə bilər. Əksər dövlətlər investisiyaları əsasən bu sahələrə yatırırlar".
Müvəqqəti işlər vəkili qeyd edib ki, Kolumbiya tərəfindən Azərbaycan turistləri üçün viza rejiminin ləğv olunması onlar üçün böyük imkandır.
Qarşılıqlı rəsmi səfərlərə toxunan Əssəd Xose Xater yüksəksəviyyəli səfərlərin həyata keçirildiyini bildirərək Kolumbiyanın xarici işlər naziri Maria Anxela Olqin Kueyarın 2013-cü ildə Azərbaycana və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun 2012-ci ildə Kolumbiyaya səfərini xatırladıb.
Müvəqqəti işlər vəkili Azərbaycanda 2015-ci ildə Avropa Oyunlarının keçirilməsi ilə bağlı çox yüksək fikirdə olduğunu bildirib: "Bu, mühüm tədbirlərdən biridir. Bunun nəticəsində bütün Avropa Azərbaycanın beynəlxalq inkişafına yenidən şahid olacaq. Azərbaycanın iqtisadi inkişafı yüksək səviyyədədir, infrastruktur, turizm inkişaf etməkdədir. Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi edir. Kolumbiya səfirliyi adından Azərbaycana bu işdə uğurlar diləyirik".