...

"Müsavat Partiyasında fraksiya modeli tətbiq edilməlidir"

Siyasət Materials 11 Noyabr 2014 13:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Müsavat Partiyasının indiki durumunda parçalanmanın qarşısını almaq üçün ən uyğun yol fraksiyanın yaradılmasıdır. Bu barədə Trend-ə Müsavat başqanlığına keçmiş namizəd Səxavət Əlisoy deyib.

S.Əlisoy qeyd edib ki, partiya üçün böyük bir zədə var: "Bu zədəni aradan qaldırmaq üçün fraksiya yaratmadan narazı insanların fəaliyyət göstərməsi mümkünsüz olacaq. Yəni burada 5-10 nəfər narazı deyil ki, hamısını partiyadan qovsunlar. Burada söhbət yüzlərlə insandan gedir. Bu, partiyanın nüfuzuna çox ciddi şəkildə zərbə vura bilər. Yəni hazırkı durumda fraksiyanın yaradılması qaçılmazdır. Başqa bir yol yoxdur".

S.Əlisoy vurğulayıb ki, burada söhbət Müsavat Partiyasını tərk etməkdən getmir: "Onlarla nümunə göstərmək olar ki, Avropa ölkələrində də partiyalarda fraksiya modeli tətbiq edilir və partiyaların inkişafına müsbət təsir göstərir. Fraksiyanın əsas mahiyyəti ondan ibarətdir ki, partiyanın avtoritar qaydada idarə olunmasının qarşısını alır, partiyada fikir plüralizmini inkişaf etdirir, demokratiyanın inkişafına öz bəhrəsini verir. Hazırda yaradılan işçi qrupu bu istiqamətdə öz işini görür, yəqin ki, növbəti toplantımızda fraksiyanın əsasnaməsi hazırlanıb ortaya qoyulacaq".

Müsavat başqanın müavini Elman Fəttahın "Müsavat Partiyasında heç bir fraksiyanın yaradılması baş verməməlidir" fikrinə münasibət bildirən S.Əlisoy qeyd edib ki, bu, onun öz fikridir: "O elə düşünür, biz belə düşünürük. Partiya qurultayda çox ciddi şəkildə "yaralanıb". Biz o yaranı sağaltmaq istəyirik. Əgər onlar çıxış yolunu narazı insanları partiyadan uzaqlaşdırmaqda görürlərsə, yolları açıq olsun. Partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyası, Divanı, Məclisi əllərindədir, yığışıb qərar versinlər, 37-ci ildəki kimi kütləvi şəkildə partiyadan təmizləmə əməliyyatına keçsinlər".

Qeyd edək ki, sentyabrın 27-də müxalif Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda Arif Hacılı yeni başqan seçilib. Lakin partiyanın bir çox üzvləri seçkilərin saxtalaşdırıldığını iddia edir. Bu məqsədlə partiyada narazı üzvlərin fraksiyasının yaradılması təklif edilir. Narazı üzvlər həmçinin növbədənkənar qurultayın keçirilməsinin vacibliyini vurğulayır. Bu və digər təklifləri müzakirə etmək üçün narazı üzvlər işçi qrupu yaradıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti