...

Bahar Muradova: "Azərbaycan modeli ATƏT regionunda seçilən modeldir"

Siyasət Materials 17 Noyabr 2014 10:47 (UTC +04:00)
"Azərbaycan ATƏT-lə əməkdaşlığı müddətində bu təşkilatın dəyərlərinin bütün regionda, o cümlədən Azərbaycanda bərqərar olması istiqamətində çox ciddi addımlar atmışdır və ATƏT-dən və ona üzv olan ölkələrdən eyni şəkildə Azərbaycanın müstəqilliyi problemləri ilə bağlı vahid mövqe gözləməkdə haqlıdır".
Bahar Muradova: "Azərbaycan modeli ATƏT regionunda seçilən modeldir"

Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir İlkin İzzət/

"Azərbaycan ATƏT-lə əməkdaşlığı müddətində bu təşkilatın dəyərlərinin bütün regionda, o cümlədən Azərbaycanda bərqərar olması istiqamətində çox ciddi addımlar atmışdır və ATƏT-dən və ona üzv olan ölkələrdən eyni şəkildə Azərbaycanın müstəqilliyi problemləri ilə bağlı vahid mövqe gözləməkdə haqlıdır". Trend xəbər verir ki, bunu Milli Məclisin sədr müavini, ATƏT-n Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova Bakıda "Dini tolerantlığın möhkəmləndirilməsi, Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar" mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.

Onun sözlərinə görə, tolerantlıq və dini dözümlülüyün Azərbaycan modeli haqqında danışanda xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanda dini və etnik tolerantlığın bir neçə aspektdə əsasları mövcuddur. Onlardan biri tarixi aspektdir: "Azərbaycanın bir neçə minilliyə söykənən tarixinə nəzər saldıqda görəcəyik ki, bu ərazidə yaşayan insanlar etnik və dini kimliyindən asılı olmayaraq, bir-biri ilə qarşılıqlı anlaşma şəraitində yaşayıblar. Kənardan bizə yeridilən bir sıra münaqişələr, etnik və dini münaqişələr, ərazi iddiaları, təcavüz aktları bizi bir-birimizə qarşı qisas hissi ilə yaşamağa vadar etməyib, əksinə bu durumdan çıxmağın birgə yollarını axtarmağa çalışmışıq".

B.Muradova qeyd edib ki, uzun minilliklər ərzində yaşadığımız bu tarixin ən müxtəlif mərhələlərində insalığımızı, bəşər övladı olduğumuzu anlamağı qoruyub saxlaya bilmişiksə, ilk növbədə, öz xarakterimizə, öz milli kimliyimizə borcluyuq: "Azərbaycan modelinin ikinci mühüm aspekti milli əsasdır. Azərbaycan burada yaşayan bir sıra müxtəlif millətlərə aiddir, amma aparıcı millət, xalq azərbaycanlılar olub və onların xarakteri, onların milli kimliyi, tolerantlığı və dözümlülüyü burada birgə yanaşı yaşayan digər xalqları da bu ənənələri, dəyərləri qoruyub saxlamağa vadar edib. Odur ki, burada milli əsaslar üzərində heç zaman qarşıdurmalar olmayıb".

Vitse-spikerin fikrincə, Azərbaycan modelinin üçüncü aspekti isə dini aspektdir: "Azərbaycanda yaşayan əhalinin 96%-i İslam dininə sitayiş edir. Digərləri müxtəlif dinlərə aiddir. Amma burada kimdən soruşsanız, görəcəksiniz ki, heç kim ilk dəfə rastlaşdığı insanın milli və dini kimliyi ilə maraqlanmır, ona insan kimi yanaşır. Ondan da insani dəyərlərə görə özümüzə qarşı münasibət gözləmişik. Biz heç zaman insanları milli və dini kimliyinə görə fərqləndirməmişik. Bu, bizim üstünlüyümüzdür. Biz bununla fəxr edirik. Bu, bizim yaşayış tərzimiz, ifadə formamızdır".

O, bildirib ki, Azərbaycanda milli, dini dözümlülük və tolerantlıq özünü mütləq şəkildə siyasi yanaşmalarda da büruzə verir. Azərbaycanda siyasi cəhətdən də tolerantlığın və dözümlülüyün ciddi əsasları var: "Azərbaycan ərazisində tarixən mövcud olan bütün dövlətlər hər zaman dövlət quruculuğunun əsas prioritet istiqamətlərindən biri, burada yaşayan millətlərin, etnik qrupların, dini təmayülllərin birgə yanaşmasını təmin etmək olub".

B.Muradova əlavə edib ki, Azərbaycanda bütün bunları hüquqi aspektdən əks etdirən mükəmməl qanunvericilik bazası və siyasi iradə mövcuddur: "Biz fəxr edirik ki, Azərbaycanın milli, dini, tarixi ənənələrini özündə əks etdirən dövlət sistemimiz var, hüquqi qanunverici bazamız və ən əsası ATƏT regionunda daim nümayiş etdirdiyimiz müstəqil siyasi iradəmiz vardır. Bütün xalqlar, etnik qruplar, dini icmalar harada yaşamasından asılı olmayaraq, sülh və təhlüksəzlik şəraitində yaşamalıdır. Azərbaycan modeli də məhz budur. Azərbaycan modeli ATƏT regionunda seçilən modeldir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti