...

İslam dünyasının dinlərarası dialoqa ehtiyacı varmı?

Siyasət Materials 28 Noyabr 2014 02:00 (UTC +04:00)
Bu gün Roma Papası Fransisk Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi dəvəti üzrə Türkiyəyə gəlir.
İslam dünyasının dinlərarası dialoqa ehtiyacı varmı?

Ərəb xəbərlər xidmətinin rəhbəri

Rufiz Hafizoğlu - Trend:

Bu gün Roma Papası Fransisk Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi dəvəti üzrə Türkiyəyə gəlir.

Papa Türkiyəyə səfəri zamanı Ərdoğanla və Baş nazir Əhməd Davudoğlu ilə görüşəcək. Görüş zamanı dinlərarası dialoqun vacibliyindən və dindən siyasi məqsədlər üçün istifadə edilməsinə qarşı mübarizə yollarından danışılacaq.

Bu gün dinin insan həyatından uzaq olması ilə bağlı fikirlər səslənsə də, həm Şərqdə, həm də Qərbdə baş verən bir çox hadisələr dinin heç də insan həyatından uzaq olmadığını, əksinə, baş verən bir çox siyasi hadisələrdə dinin aparıcı faktor olduğunu göstərir.

Dini düşüncənin insan həyatında rolu artdıqca şübhəsiz ki, dinlərarası dialoqun da vacibliyi gündən-günə artır. Əslində dindən barışdırıcı amil kimi istifadə etmək mümkün olsa da, əksər hallarda bəzi supergüclərin bu amildən mütəmadi olaraq öz maraqları naminə istifadə etdiyini görürük. Digər tərəfdən isə təəssüfedici olsa da, bu gün bir çox bölgələrdə törədilən cinayətlər "Allah adına" edilən cinayətlərdir.

Təəssüf olsun ki, hər iki tərəfin (xristian və müsəlman) cəhdlərinə baxmayaraq, dinlərarası dialoq tam olaraq öz bəhrəsini verməyib.

Dialoq cəhdlərinin bir o qədər də effektiv olmamasına gəlincə, bunun bir çox səbəbləri var. Dinlərarası dialoqa mane olan amillərdən biri də müsəlmanlar arasında vahid idarəetmə sisteminin və vahid fikir mərkəzinin olmamasıdır. Dolayısilə, Vatikan dəfələrlə müsəlmanlarla dialoqa hazır olduğunu söyləsə də, dialoqun kiminlə - İslamı "inhisarlaşdırmağa" çalışan Səudiyyə Ərəbistanı, yoxsa mötədil müsəlman dövləti olan Türkiyə və ya İranla aparılacağı faktı qarşısında qalıb.

Lakin bu gün Səudiyyə Ərəbistanından fərqli olaraq, xristian dünyası ilə dialoqa daha yaxın olan Türkiyə və İran var və Vatikanın ər-Riyaddan fərqli olaraq, Ankara və Tehranla dini zəmində dialoqu daha effektiv ola bilər. Lakin bu iki ölkədə olan "mötədil İslam" anlayışı dünyanın bir çox müsəlmanları tərəfindən qəbul olunmur. Çünki "mötədil İslam" ilə "İslamda mötədillik" anlayışı bir-birindən əsaslı şəkildə fərqlənir və "mötədil İslam" anlayışına müsəlman ölkələrində münasibət birmənalı deyil.

Hətta öz mötədilliyi ilə seçilən müsəlman siyasətçilər belə, "mötədil İslam" termininin qəti əleyhinədirlər. Belə ki, Ərdoğan 2007-ci ilin avqust ayında çıxışı zamanı "mötədil İslam" ifadəsinin işlədilməsinin qəti əleyhinə olduğunu bildirərək, bu anlayışın çirkin bir iftira və İslama təhqir olduğunu bildirmişdi.

"Mötədil İslam" termininə gəlincə, bu terminə siyasi kontekstdə ilk dəfə olaraq Buş administrasiyasının Yaxın Şərq ölkələri ilə bağlı xarici siyasət strategiyasının əks olunduğu hesabatlarda rast gəlinir.

Vatikanın Tehranla dialoquna əngəl olan amillərdən biri şiə müsəlmanların dünya müsəlmanlarının 1/3-ni təşkil etməsidir. Bu dialoq baş tutsa belə, faiz nisbəti az olduğuna görə bir o qədər də uğurlu olmaya bilər. Dinlərarası dialoqun baş tutması üçün ilk növbədə İslam dünyası məzhəblərarası dialoqu reallaşdırmalıdır.

Dinlərarası dialoqun baş tutmamasına görə sadəcə olaraq İslam dünyasını ittiham etmək doğru olmazdı. Belə ki, Qərbdə də dinlərarası dialoqun olmasına mane olan amillər heç də az deyil. Bunlardan ən başlıcası isə "demokratiya", "fikir azadlığı" və "insan haqları" adı altında İslam dəyərlərinin təhqir olunması və İslamofobiyadır.

Avropada bəzi siyasi dairələr islamofobiyada mühacir müsəlmanları günahlandıraraq onları Avropa mədəniyyətinə inteqrasiya etməməkdə ittiham etsələr də, nədənsə Avropadakı müsəlmanların heç də hamısının immiqrant olmadığı faktına göz yumurlar.

Qərbdə olan sosial və siyasi İslamofobiya İslamdakı radikal mənafelərinə xidmət edir. Çünki onların düşüncəsinə görə, saxta demokratiyaya qarşı ancaq radikal İslamla mübarizə aparmaq olar.

Bu gün dinlərarası dialoqun baş tutması ilə dünyada baş verən bir çox qanlı münaqişələrin qarşısı alına bilər. Dinlərarası dialoq nə qədər siyasi maneələrlə əhatə olunsa da, bu dialoqun gerçəkləşməsi labüddür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti