Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir Elçin Mehdiyev/
Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlu və tərəfdarları "Azərbaycan Demokratiya və Rifah" (ADR) Hərəkatının yaradılması haqqında bəyannamə yayıblar.
Q.İbadoğlunun Trend-ə göndərdiyi bəyannamədə bildirilir ki, yeni yaradılan hərəkatın məqsədi Azərbaycanda etnik, dini, siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir ölkə vətəndaşının hüquq və azadlıqlarını və yüksək rifahını təmin edəcək azad, demokratik cəmiyyətin və hüquqi dövlətin qurulmasına töhfə verməkdir.
Bəyannamədə qeyd olunur ki, yeni yaradılan hərəkatın əsas vəzifələri ölkənin ictimai həyatında daha yaxından iştirak etmək, Qarabağın və işğal olunmuş Azərbaycan ərazilərinin geri qaytarılmasına, eləcə də cəmiyyətdə vətənpərvərlik ruhunun yüksəldilməsinə çalışmaqdır.
Sənədi Qubad İbadoğlu, Vurğun Əyyub, Adil Qeybulla, İbrahim İbrahimli, Ellada Məmmədli, Səxavət Əlisoy, Məlahət Mürşüdlü, Ədalət Yusifov, Əhliman Abbas, Taleh Əliyev, Rafiq Abdullalı, İsmayıl Yusifov və Əlövsət Talışxanlı imzalayıb.
Qeyd edək ki, sentyabrın 27-də müxalif Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda Arif Hacılı yeni başqan seçilib. Lakin partiyanın bir sıra üzvləri seçkilərin saxtalaşdırıldığını iddia edirlər. Narazı üzvlər növbədənkənar qurultayın keçirilməsinin vacibliyini vurğulayırlar.