...

AŞ PA Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin iclasında Azərbaycana dair məlumat memorandumu müzakirə olundu

Siyasət Materials 10 Dekabr 2014 18:43 (UTC +04:00)
Bu gün Parisdə AŞ PA Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin iclası keçirildi.
AŞ PA Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin iclasında Azərbaycana dair məlumat memorandumu müzakirə olundu

Azərbaycan, Bakı, 10 dekabr /Trend/

Bu gün Parisdə AŞ PA Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin iclası keçirildi. İclasda digər məsələlərlə bərabər, Azərbaycan üzrə məruzəçi Pedro Aqramuntun hazırladığı "Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına hörmətlə bağlı nə edilməlidir?" adlı məlumat memorandumu müzakirə edilib. Bu barədə Trend-ə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Elxan Süleymanov bildirib.

O, qeyd edib ki, P.Aqramuntun məlumat memorandumunda hüquq müdafiəçiləri və vətəndaş cəmiyyətinin digər fəallarının son həbsi halları, ifadə azadlığı, sərbəst toplaşma və birləşmə azadlıqları kimi məsələlər öz əksini tapmışdı: "Diqqəti çəkən məqam ondan ibarət idi ki, memorandumda təqdim edilən məlumatlarla bağlı əsasən hakimiyyətin və yerli QHT-lərin mövqeləri əks etdirilmişdi. Bir sıra hallarda məruzəçi beynəlxalq QHT-lərin də iddialarına memorandumda yer ayırmışdı. Onu da qeyd etməliyəm ki, memorandumda təqdim edilmiş məlumatlara dair müxtəlif tərəflərin mövqeləri əks etdirilsə də, həmin məlumatların şərhinə ehtiyac hiss edilirdi. Odur ki, mən memorandumla bağlı izahat sənədi hazırlayaraq Komitə üzvlərinə paylamışdım və beləliklə, Komitə üzvlərinə memorandumda əks etdirilmiş müddəalarla bağlı ətraflı məlumat imkanı yaradılmışdı".

E.Süleymanov bildirib ki, məlumat memorandumu ilkin olaraq Komitənin Madriddə keçirilmiş iclasında təqdim edilmişdi və müzakirələrə başlanılmışdı: "Odur ki, Paris iclasında həmin müzakirələr davam etdirilirdi. Məruzəçi məlumat memorandumunun əsas müddəalarını bir daha Komitə üzvlərinin diqqətinə çatdırdıqdan sonra sənədlə bağlı müzakirələr davam etdirildi. Bəzi Komitə üzvləri çıxış edərək sənədlə bağlı öz mövqelərini bildirdilər. Mən öz çıxışımda Komitə üzvlərinin diqqətinə çatdırdım ki, qondarma siyasi məhbus məsələsi 2012-ci ildə qapanmasına baxmayaraq, bəzi qüvvələr tərəfindən yenidən məqsədyönlü şəkildə şişirdilərək gündəmə gətirilib. Danılmaz faktdır ki, bu məsələ Azərbaycana qarşı siyasi təzyiq vasitəsi kimi istifadə edilir. Məruzənin adı da öz-özlüyündə bunun sübutudur: "Azərbaycanın Avropa Şurasına sədrliyi: insan hüquqlarına hörmətlə bağlı nə edilməlidir?". Həmkarlarıma müraciət edərək soruşdum: "600-dən çox AŞ PA üzvündən heç olmasa bir nəfər Ermənistanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi dövründə "Ermənistan Azərbaycan torpaqlarının işğalı ilə bağlı nə etməlidir" kimi hər hansı bir məsələ qaldırdımı?" Bildirdim ki, bu qüvvələr Azərbaycana qarşı barələrində istintaq tədbirləri davam edən şəxslərin dərhal və qeyri-şərtsiz azad edilməsi tələbləri irəli sürürlər. Belə tələblərin irəli sürülməsi həmin şəxslərin ədalətli məhkəmə baxışı hüququnu pozur və bu istintaqın gedişinə birbaşa müdaxiləyə çağırışdır. Bu tələblər insan hüquqlarının müdafiəsinə dair beynəlxalq konvensiyaların və digər sənədlərin müvafiq müddəalarına qarşı çıxır. Bu tələblər Azərbaycanın hüquq-məhkəmə sisteminin işinə etimadsızlıqdır, dövlət orqanlarının fəaliyyətinin legitimliyini şübhə altına alır və nəticə etibarı ilə dövlət suverenliyinə hörmətsizlikdir".

Onun sözlərinə görə, məruzəçi memorandumda iddia edilən siyasi məhbuslar məsələsinin olduqca həssas və ziddiyyətli məsələ olduğunu bildirir. Məruzəçi bu məsələyə dair hüquqi qərarın verilməsini zəruri sayır və belə bir hüquqi qərarın verilməsinə dair müstəsna səlahiyyətin Avropa İnsan Hüquqları Məhkəməsinə air olduğunu vurğulayır: "Məruzəçi memorandum sənədində eyni zamanda vurğulayıb ki, Azərbaycan enerjidaşıyıcıları ixrac edən dövlətdir və bir qayda olaraq siyasi məhbus olmaları iddia edilən şəxslər qlobal enerji bazarında Azərbaycanla rəqabət aparan ölkələrdə fəaliyyət göstərən təşkilatlar tərəfindən maliyyələşdirilən QHT nümayəndələridirlər. Mən qeyd edilən məsələlərlə bağlı məruzəçi ilə tam razı olduğumu bildirdim. Xüsusi olaraq vurğuladım ki, siyasi məhbus məsələsi hüquqi məsələdir, bu məsələnin həlli siyasi müstəvidə deyil, hüquqi müstəvidə həll edilməlidir. Məsələ ilə bağlı qərarın qəbul edilməsi məhkəmələrin, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin müstəsna səlahiyyətinə aiddir. Odur ki, kimin siyasi məhbus olub-olmamasını və ya saxta ittihamlarla həbs edilib-edilməməsini məhkəmə müəyyən etməlidir".

Millət vəkili qeyd edib ki, həmin qüvvələr öz məkrli məqsədlərinə çatmaq üçün bəzi yerli QHT-lərin fəaliyyətində mövcud olan qeyri-şəffaflığa və qanun pozulmalarına bəraət qazandırırlar: "Belə hüquqazidd çağırışlar edən Human Rights Watch, Amnesty International, Avropa Stabillik Təşkilatı, Beynəlxalq İnsan Hüquqları Tərəfdaşlığı, People in Need, Front Line, Norveç İnsan Hüquqları Evi, Norveç Helsinki Fondu və digər beynəlxalq QHT-lərin xüsusilə fərqləndiyini diqqətə çatdırdım. Vurğuladım ki, bu beynəlxalq QHT-lər əsasən eyni mərkəzdən idarə edilirlər və öz himayədarlarının iradəsini yerinə yetirirlər. Misal üçün göstərdim ki, Açıq Cəmiyyət təşkilatının təsisçisi Corc Soros bir neçə il əvvəl qatı antiazərbaycan mövqeyi nümayiş etdirən Human Rights Watch təşkilatına 100 mln ABŞ dolları məbləğində yardım edib. Beləliklə, Human Rights Watch təşkilatının faktiki olaraq Corc Sorosdan asılı olduğunu və onun məqsədlərinə xidmət etdiyini sübuta yetirir. Bildirdim ki, Human Rights Watch təşkilatının Azərbaycana insan hüquqları ilə bağlı hücum etməyə mənəvi haqqı yoxdur. Belə ki, bu təşkilat onları maliyyələşdirənlərin sifarişlərini icra edir. Avropa məkanında Azərbaycana qarşı açıq-aşkar düşmənçilik nümayiş etdirən Avropa Stabillik Təşkilatı isə 14 noyabr 2014-cü ildə yaydığı hesabatda daha da uzağa gedir və təhlükəli antiazərbaycan çağırışı edir: "Hərəkət etmək vaxtıdır. Həmişəki tədbirlər artıq çıxış yolu deyil". Bu təşkilat bu çağırışla Azərbaycanda iğtişaşlara çağırır, Azərbaycanda Ukraynada olduğu kimi yeni maydan yaratmaq istəyir. Eyni zamanda, konkret misallarla People in Need, Front Line, Norveç İnsan Hüquqları Evi, Norveç Helsinki Fondu və s. beynəlxalq təşkilatların siyasi mühacirətlə bağlı geniş biznes qurduqlarını iclas iştirakçılarının diqqətinə çatdırdım".

E.Süleymanov bildirib ki, bu təşkilatlar Azərbaycana qarşı qərəzlilik və açıq-aşkar düşmənçilik nümayiş etdirirlər, insan hüquqları sahəsində mövcud reallıqları məqsədyönlü şəkildə təhrif edirlər, bununla da Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağa çalışırlar: "Qeyd etdim ki, son vaxtlar beynəlxalq təşkilatlarda belə hallar normaya çevrilməkdədir. Görünür, bu səbəbdən Roma Papası Fransisk Avropa Parlamentində çıxışı zamanı deyib: "Avropa İttifaqının genişləndiyi son illərdə insanlar arasında uzaq və fərdi xalqlara qarşı laqeyd, bəzən isə onların ziyanına qanunların qəbulu ilə məşğul olan qurumlara qarşı inamsızlıq yaranmağa başlayıb. Bir çox sahələrdə Avropa artıq bərəkətini və gücünü itirmiş, yorğun və yaşlı "nənə" təəssüratı yaradır. Nəticədə isə bir zamanlar Avropanı ilhamlandıran böyük fikirlər artıq cazibəsini itirir və yerini qurumlardakı bürokratik məsələlərə verir". Çıxışımı yekunlaşdıraraq vurğuladım ki, müxtəlif bəhanələrlə Azərbaycana qarşı siyasi təzyiqlərin göstərilməsi cəhdlərinin arxasında yeganə bir məqsəd dayanır - bu, Azərbaycanın diqqətini süni şəkildə şişirdilərək gündəmə atılmış məsələlərə cəlb etmək və ərazilərin Ermənistan tərəfindən işğal edilməsi faktından yayındırmaq, işğal faktının yaddan çıxarılmasına nail olmaq və Ermənistanı işğalçılıq fəaliyyətinə görə mümkün sanksiyalardan sığortalamaqdan ibarətdir. Bunu ərazi bütövlüyü pozulmuş Ukraynaya beynəlxalq səviyyədə çoxtərəfli dəstək nümayiş etdirildiyi halda əraziləri 23 ildən artıq müddət ərzində işğal altında olan Azərbaycana heç bir dəstəyin göstərilməməsi bir daha sübuta yetirir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti