...

Dövlət Komitəsi Qərbin İslam dünyası və Azərbaycanla bağlı məkrli planlarını açıqladı

Siyasət Materials 29 Dekabr 2014 13:20 (UTC +04:00)
Azərbaycanın qərəzli təftişçiləri qismində çıxış edən dövlətlərin müəyyən sahələrdə əldə etməyə müvəffəq olmadığı nailiyyətlər var ki, ölkəmiz onların artıq uğurlu modelini yaradıb.
Dövlət Komitəsi Qərbin İslam dünyası və Azərbaycanla bağlı məkrli planlarını açıqladı

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycanın qərəzli təftişçiləri qismində çıxış edən dövlətlərin müəyyən sahələrdə əldə etməyə müvəffəq olmadığı nailiyyətlər var ki, ölkəmiz onların artıq uğurlu modelini yaradıb. Məsələn, multikulturalizm və tolerantlıq sahəsində ABŞ başda olmaqla Qərb dünyası Azərbaycandan çox şeyi öyrənməlidir və ölkələrində bu sahədə mövcud olan neqativ halların həllində istifadə etməlidir. Trend xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Mübariz Qurbanlı YAP-ın rəsmi saytına müsahibəsində deyib.

Xaç yürüşləri bu gün də davam edir

M.Qurbanlı qeyd edib ki, təəssüf ki, artıq bütün dünyanı ağuşuna alan dini zəmində düşmənçilik dalğası yeni dünya düzəninin ikili standartlarının təzahürləri, birqütblü dünyaya transformasiyasının süni şəkildə ortaya atdığı avantüradır: "Açıq etiraf etməliyik, Qərbin məlum dairələrinin "Böyük Orta Şərq layihəsi" deyilən planında radikal islamçı qrupları səhnəyə daha qabarıq çıxarmaq niyyəti aydın görünür. Onların hərbi hazırlığı, silahlandırılması, maliyyələşməsi və istiqamətləndirilməsi prosesində Qərb emissarlarının birbaşa iştirak etməsi barədə yüzlərlə fakt var. Qərbin bu son intriqası nəticəsində "Allahu əkbər" sədası ilə müsəlman müsəlmanı qətlə yetirir. Sünni şiənin məscidini partladır, şiə də sünnilərə eyni cavabı verir, vəhabilər isə hər ikisinin kəndlərini dağıdır. Yəni, bu təriqətlər məhz içlərinə salınmış şeytanın şərinə uyub, məlum şəbəkənin tələsinə düşür və bir-birlərinin qəniminə çevrilirlər. Beləliklə də, yüz minlərlə müsəlman öldürülür, əlil olur, milyonlarla müsəlman isə öz yurdundan didərgin düşür. Və ən dəhşətli məqam odur ki, bu münaqişələrdə qalib gələn heç vaxt nə İslam, nə də hansısa təriqətdir, qalib İslamı düşmən kimi görənlər və bu təxribatı həyata keçirən şəbəkədir! Acı gerçəklik odur ki, Xaç yürüşləri bu gün də davam edir, amma onu XXI əsrdə müsəlmanı müsəlmana qırdırmaqla həyata keçirirlər!"

Onun fikrincə, bu prosesdə Qərbin strateji mərkəzləri "bir güllə ilə iki dovşan" vururlar: "Bir tərəfdən İslam dini dünya ictimai rəyində gözdən salınır, digər tərəfdən "idarə olunan xaos" yolu ilə məqsədə nail olunur - ərəb dünyası, Yaxın Şərq qan çanağına çevrilir. Onsuz da ölənlər onlar üçün yadlardır - üzülməyə dəyməz, dağılanlar isə sonradan Qərb şirkətlərinə veriləcək vəsaitlə bərpa olunacaq. Amma ən böyük mənfəət Şimali Afrikadan Cənubi-Şərqi Asiyayadək böyük coğrafi arealın bütün təbii sərvətləri və insan resursları ilə Qərb dünyasının nəzarətinə keçməsidir".

Dini sahədə mövcud olan "beşinci kolonlar"ı iflasa uğrada bilmişik

Son aylarda Azərbaycanı demək olar ki, qarış-qarış gəzdiyini, bölgələrdə müxtəlif dinlərə etiqad edən icmalarla görüşlər keçirdiyini və hazırda İslami təriqətlərin nümayəndələri ilə sıx əməkdaşlıq edildiyini, onları dinlədiklərini, problemlərini öyrəndiklərini, çətinliklərini həll etdiklərini, normal fəaliyyət göstərmələri üçün şərait yaradıldığını qeyd edən DQİDK sədri müşahidələrinə əsasən deyib ki, Azərbaycanda dini durumu gərginləşdirmək üçün kənar qüvvələrin təsiri hələ tam kəsilməyib: "Bu cəhdlər var. Azərbaycanda da icmalar arasında süni yollarla gərginlik yaratmağa, Yaxın Şərqdəki vəziyyəti ölkəmizə ixrac etməyə məlum şəbəkə tərəfindən təşəbbüslər göstərilir, buna böyük vəsaitlər ayrılır. Ancaq bütün bu cəhdlər uğursuzluğa düçar olur. Əvvəla, ona görə ki, Azərbaycanda düzgün dini siyasət həyata keçirilir. Dövlətlə ruhani kəsim arasında qarşılıqlı anlaşma və etimad mühiti bərqərar olub. Hər bir konfessiya, dini icma daşıdığı hüquqi, mənəvi öhdəliyini dərk edir və buna əməl edir. Digər tərəfdən, aparılan düzgün maarifləndirmə işi dini icmalar arasında yarana biləcək hər hansı bir anlaşılmazlığı aradan qaldırır. Vurğulamağı zəruri saydığım bir məsələ də budur ki, dini icmalarla birgə əməkdaşlığımız nəticəsində bu sahədə mövcud olan "beşinci kolonlar"ı da iflasa uğrada bilmişik. Eyni zamanda, Azərbaycanda dini zəmində hansısa ixtilaf yaratmaq cəhdinin qarşısını almaq gücündə olan mükəmməl hüquq-mühafizə sistemi var. Bu baxımdan, tam əminliklə deyə bilərəm ki, Azərbaycanda siyasi yönümdə gərginlik yarada bilməyən məlum anti-azərbaycançı şəbəkə dini yönümdə də arzuladığı və planladığı təfriqələri həyata keçirə bilməyəcək".

Dünyanı quldarlıq dövrünün prinsipləri ilə təkbaşına idarə etmək məqsədi...

M.Qurbanlının qənaətincə, bu gün birmənalı şəkildə etiraf etmək lazımdır ki, son onillikdə baş verən "rəngli inqilablar" və "ərəb baharı" dalğalarının faciəvi təzahürləri, yəni, parçalanmış dövlətlər, böyük ərazi itkiləri, səfalət, siyasi böhran və digər bu kimi acı gerçəkliklər Qərbin məlum dövlətlərinin və iqtisadi-siyasi güclərinin fəaliyyətinin nəticələridir. "Demokratiya ixracı" adı altında əslində, bu bölgələr savaşa, iqtisadi tənəzzülə, siyasi konfrantasiyaya sürükləniblər. Bu dövlətlərə ixrac olunan isə demokratiya yox, onları siyasi vassala çevirən qaydalar olub. Psixoloji manipulyasiya yolu ilə aqressivləşən və qanuni hakimiyyətlərinə qarşı zorakılığa sövq edilən kütlələr sonda bu "inqilabların" qurbanına çevriliblər.

Komitə sədrinin sözlərinə görə, dünyada baş verən innovativ yeniliklər, kosmosun fəthindən İKT-nin ağlagəlməz inkişafına qədər əldə edilən elmi kəşflər, bəşəriyyətin şüur və düşüncə tərzinin daha da rasionallaşması kontekstində siyasi münasibətlər sistemində heç bir mütərəqqi dəyişikliyin baş verməməsi böyük təəssüf doğurur. Dünyanı az qala quldarlıq dövrünün prinsipləri ilə təkbaşına idarə etmək məqsədi hələ ki, XXI əsrin də siyasi reallığıdır: "Müxtəlif qitələrdə yaşayan milyardlarla insanı bir neçə dövlətə mənsub milyonlarla insanın rifahına xidmət edən təbəqəyə çevirmək niyyəti dövrümüzün ən böyük ədalətsizliyidir. Planetin bütün təbii sərvətlərinə şəriksiz sahib olmaqla kifayətlənməyərək, hətta insan məskunlaşmayan Antraktidadan qalaktikayadək hər bir məkanı öz nüfuz dairəsində görən məlum güclərin bitməyən qovğaları yeni münaqişə ocaqlarının yaranmasının əsas səbəbidir.

Hazırkı proseslər göstərir ki, mövcud savaşlar və siyasi gərginliklər məhz planetin 200-ə yaxın dövlətinin məlum 3-4 ölkənin və 5-6 meqaholdinqin iqtisadi-siyasi maraqları əsasında idarə olunması niyyətinin uğurla bitməsinə hesablanıb. Bu gün qloballaşan terror təhdidi də bu prosesin bir hissəsidir. Bu terror şəbəkələrinin hansı dövlətlərin, qüvvələrin təhriki ilə yaradılmasını və maddi yardımları, silahları ilə təmin edilməsini bilmək üçün elementar siyasi müşahidə qabiliyyətinə malik olmaq kifayətdir".

Azərbaycanı "rəngli inqilablar" silsiləsinə calaq etmək planı

DQİDK sədri bəyan edib ki, Azərbaycanı da "rəngli inqilablar" silsiləsinə calaq etmək planı artıq uzun müddətdir ki, məlum fövqəlgüclərin aktuallığını itirməyən məqsədidir: "Amma dalana dirəniblər: inqilab baş tutmur ki, tutmur və hər ötən gün onun baş tutacağına olan ümidləri daha da öldürür. Bunun konkret səbəbləri var. Əvvəla, Azərbaycanda inqilab 1993-cü ildə baş verib. Və bu inqilab nə narıncı, nə məxməri idi, nə bahar idi, nə də külək. Sırf xalq inqilabı! Bu inqilab heç də postsovet və ərəb ölkələrində olduğu kimi fövqəldövlətlərin iqtisadi ekspansiya niyyətləri və siyasi avantüraları əsasında baş tutmayıb, tam əksinə, məhz bu güclərin Azərbaycanı vassala çevirmək planına qarşı olub. Bu inqilabı xalq hazırlayıb, xalq həyata keçirib, bəhrəsini də xalq görüb, görür və daim də görəcək. Digər tərəfdən, bu gün ölkəmizdə inqilabın baş verməsi üçün nə sosial, nə siyasi, nə də başqa bir zəmin var. Xalqın güzəranı yüksəlir, dünya ölkələri maliyyə böhranı məngənəsində olduğu vaxt Azərbaycanın inkişaf göstəriciləri daha da artır. Bu gün iqtidara alternativ olacaq heç bir siyasi qüvvə yoxdur, xalqın mütləq əksəriyyətinin mövcud hakimiyyətə birmənalı inamı və etimadı var. Cəmiyyətdə demokratikləşmə və hüquqi dövlət quruculuğu uğurla gedir, ictimai ab-hava sabitdir, kəskin narazılıqlar, ziddiyyətlər yoxdur (baş verən siyasi qarşıdurmalar, konfrantasiyalar yalnız elə müxalifətdaxili proseslərdir). Xalqın ictimai şüur səviyyəsi, vətəndaşlıq duyğusu çox yüksəlib, o, dövlətinə və müstəqilliyinə tam sahib çıxmağı, onu qorumağı uğurla bacarır.

Həmçinin, artıq qlobal məkanın nüfuzlu aktorlarından biri olan Azərbaycan bölgənin iqtisadi və siyasi istinad nöqtəsi kimi formalaşdığına, qitələri biri-birinə bağlayan mühüm layihələrin əsas "vintlərindən" olduğuna görə, bir sözlə, tədricən yeni güc mərkəzinə çevrildiyindən burada hansısa "inqilab" etmək mümkün deyil".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti