...

"Freedom House" - insan hüquqları müdafiəçisi, yoxsa təzyiq vasitəsi?

Siyasət Materials 29 Yanvar 2015 10:14 (UTC +04:00)

Azərbaycan xəbərlər xidməti
Elçin Mehdiyev - Trend:

Qərargahı ABŞ-da yerləşən "Freedom House" təşkilatı növbəti ənənəvi illik hesabatını yayıb. Hesabatda Azərbaycana qarşı münasibət əvvəlki hesabatdakından heç nə ilə fərqlənmir. Yenə də Azərbaycanı "qeyri-azad" ölkələr sırasına daxil ediblər. Təbii ki, bu belə də olmalı idi. Azərbaycan haqqında artıq özündə qərəzli stereotiplər formalaşdıran bu təşkilatdan başqa mövqe gözləmək sadəlöhlük olardı.

Hər dəfə "Freedom House" hesabat yayanda onun Azərbaycan haqqında məlumatları haradan aldığı və ya hansı əsaslarla Azərbaycanı "qeyri-azad" ölkə adlandırması suallar doğurur.

Təşkilat Azərbaycanda hökumət tənqidçilərinin, insan haqları fəallarının və jurnalistlərin həbsə atıldığını iddia edir. Ancaq ya "Freedom House"un Azərbaycan mətbuatından, orada hökumət haqqında yazılan tənqidlərdən, hətta təhqirlərdən, böhtanlardan xəbəri yoxdur, ya da bilərəkdən hər dəfə Azərbaycana qarşı qərəzli mövqe sərgiləyir.

Mən daha çox ikinci versiyanın üzərində dayanıram. "Freedom House" təşkilatı Azərbaycanda bütün sahələrdə gedən inkişaf proseslərindən kifayət qədər məlumatlıdır. Ancaq bu prosesləri dilə gətirmək "Freedom House"un ənənə və prinsiplərinə tamamilə ziddir. Çünki ona Azərbaycanı tərifləmək yox, təzyiq göstərmək tapşırığı verilib. Lakin Azərbaycandakı mövcud durum özü "Freedom House"-un yalanını ortaya çıxıarır. Qeyd etdiyim kimi, bu gün Azərbaycandakı bir sıra qəzetlərin, xəbər poltallarının manşetləri təhqiramiz materiallarla doludur. Əgər doğrudan da, "Freedom House"-un dediyi kimi olsaydı, onda gərək Azərbaycanda bu cür mətbuat orqanları ümumiyyətlə, fəaliyyət göstərməyəydi. Ancaq həmin mətbuat orqanları illərdir Azərbaycanda fəaliyyət göstərir və heç kim də onların əməkdaşlarını həbs etmir.

Əgər "Freedom House" ayrı-ayrı cinayət əməllərinə, o cümlədən xarici xidmət orqanlarına işlədiklərinə və dövlətə xəyanət etdiklərinə görə həbs olunan bir neçə insanı nəzərdə tutursa, burada da yanlışlığa yol verir. Çünki jurnalist və ya hüquq müdafiəçisi olmaq heç kimi hansısa cinayət məsuliyyətindən azad etmir. Bu, dünyanın istənilən ölkəsində belədir. Hansı ölkə hüquq müdafiəçisinə və ya jurnalistə cinayət törətmək, ölkəsini satmaq hüququ verir?

İkinci bir məsələ ondadır ki, bir sıra Azərbaycan rəsmiləri dəfələrlə "Freedom House"-un nümayəndələrinin Azərbaycana gəlməsini, vəziyyətlə yerində tanış olmasını təklif etsələr də, nədənsə bu təşkilat Azərbaycana gəlməməkdə israrlıdır. Bəli, "Freedom House"-un bu hərəkəti də onun yalançı bir təşkilat olduğunu aydın göstərir. Gəlmədən, görmədən, okeanın o tayında oturub bu biri tayında baş verən proseslərlə bağlı hesabat, özü də qərəzli hesabat yaymaq heç bir ciddi təşkilata yaraşmır.

"Freedom House"-un daha bir qərəzi özünü onda göstərir ki, təşkilat hesabatında ümumiyyətlə, azad ölkə olmayan, azad siyasət yürüdə bilməyən, kiminsə əlaltısı olan Ermənistanı "qismən azad" ölkələr siyahısına daxil edib.

Bəli, bütün bu faktlar bir daha göstərir ki, "Freedom House" və bu qəbildən olan digər beynəlxalq təşkilatlar əslində insan hüquqlarının müdafiəsi üçün deyil, müxtəlif ölkələrə təzyiq vasitəsi kimi yaradılıb.

"Freedom House" utanmadan bu dəfə də öz hasabatında Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisini mübahisəli ərazi kimi göstərib. Dünyanın bütün dövlətləri və mötəbər təşkilatları, o cümlədən dünyanın ən ali hüquq təşkilatı olan BMT Azərbaycanın ərazi bütövlüyünü və Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıdığı halda, özünü insan hüquqlarının "keçikçisi" kimi qələmə verən "Freedom House" beynəlxalq hüquqa hörmətsiz yanaşaraq əslində təzyiq siyasəti yürütdüyünü aydın şəkildə ortaya qoyur.

Ancaq bu kimi təşkilatların Azərbaycana hər hansı bir təzyiq göstərmək şansları sıfıra bərabərdir. İndiyə qədər bu cür təzyiqləri çox görmüşük və bundan sonra da görəcəyik. Onların heç bir Azərbaycanı öz yolundan, müstəqil, dövlət maraqlarına, xalqın milli mənafeyinə əsaslanan siyasətindən döndərə bilməz. Kobud da olsa, bu məqamda bir atalar sözünü xatırlatmaq yerinə düşərdi: "it hürər, karvan keçər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti