...

MTN-dən daha bir əməliyyat: 15 nəfər tutuldu (VİDEO)

Siyasət Materials 18 Fevral 2015 17:11 (UTC +04:00)
Ukrayna və İrandan Azərbaycana qaçaq yolla külli miqdarda narkotik maddə gətirməyə cəhd edən dəstə ifşa olunub.
MTN-dən daha bir əməliyyat: 15 nəfər tutuldu   (VİDEO)

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir İlkin İzzət/

Ukrayna və İrandan Azərbaycana qaçaq yolla külli miqdarda narkotik maddə gətirməyə cəhd edən dəstə ifşa olunub.

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimai Əlaqələr İdarəsindən Trend-ə verilən məlumata görə, nazirlik tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ukrayna və İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilərək Azərbaycan Respublikasının ərazisinə ümumilikdə 40 kiloqrama yaxın narkotik vasitənin qanunsuz daşınmasının qarşısı alınıb, bu hüquqazidd əməllərin törədilməsinə görə 15 nəfər şübhəli şəxs qismində tutulub.

MTN və Dövlət Gömrük Komitəsi tərəfindən birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları - Əsgərov Rahət Cəlil oğlu, Məmmədov Vasif Yaqub oğlu, Əzimov Bayram Habil oğlu, habelə Cəfərov Binnət Vidadi oğlu, Əliyev Yusif Kamal oğlu, Mehdiyev Oqtay Muxtar oğlu, Cəfərov Qara Vidadi oğlu, Həsənov Elnur Camal oğlu, Muradov Loğman Şükür oğlu və Ukrayna vətəndaşı Bayramov Əli Yusif oğlu Ukraynadan ölkəmizə narkotik vasitələrin qanunsuz daşınmasında şübhəli şəxs qismində saxlanılıb, onlardan ümumilikdə 24 kiloqram 500 qramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində AR CM-in 206.3.2-ci, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə cinayət işləri başlanılıb.

Bundan başqa, MTN tərəfindən narkotik vasitələrin qanunsuz daşınması ilə bağlı daha bir neçə əməliyyat-axtarış tədbiri keçirilib. Belə ki, İran-Azərbaycan marşrutu üzrə narkotiklərin qanunsuz daşınmasında şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşı - Abuşov Vüsal Mircəfər oğlu saxlanılıb, baxış nəticəsində ondan 3 kiloqram 900 qrama yaxın tiryək aşkar edilərək götürülüb.

Digər əməliyyat-axtarış tədbiri nəticəsində İran-Azərbaycan marşrutu üzrə narkotiklərin qanunsuz daşınmasında şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşı - Abbasov Məmməd Şura oğlu saxlanılıb, keçirilən baxış nəticəsində ondan 600 qrama yaxın heroin aşkar edilərək götürülüb.

Növbəti əməliyyat-axtarış tədbiri nəticəsində İran-Azərbaycan marşrutu üzrə narkotiklərin qanunsuz daşınmasında şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları - İsmayılov Ramil Vahid oğlu, Həsənalıyev İlqar Qurban oğlu və Məmişov Cavid Allahverən oğlu saxlanılıb, onlardan 720 qramdan artıq tiryək və 10 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı MTN İstintaq Baş İdarəsi tərəfindən AR Cinayət Məcəlləsinin 206.3.1-ci və 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı, təkrar törətmə), 234.4.1-ci, 234.4.2-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma, təkrar törətmə) maddələri ilə cinayət işləri başlanılıb. Abuşov Vüsal Mircəfər oğlu, Abbasov Məmməd Şura oğlu, İsmayılov Ramil Vahid oğlu, Həsənalıyev İlqar Qurban oğlu və Məmişov Cavid Allahverən oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işləri üzrə bütün halların araşdırılması, bu qanunazidd əməllərin digər iştirakçılarının müəyyən edilməsi üçün istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti