...

Qulamhüseyn Əlibəyli: Bütün müxalifət partiyalarının bir araya gəlməsi qeyri-mümkündür (MÜSAHİBƏ)

Siyasət Materials 19 Fevral 2015 15:33 (UTC +04:00)
Bütövlükdə bütün müxalifət partiyalarının bir araya gəlməsi, bir təşkilat kimi fəaliyyətini istiqamətləndirməsi mümkün olmayacaq.
Qulamhüseyn Əlibəyli: Bütün müxalifət partiyalarının bir araya gəlməsi qeyri-mümkündür (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir Elçin Mehdiyev/

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəylinin Trend-ə müsahibəsi

- Qulamhüseyn bəy, qarşıdan parlament seçkiləri gəlir. Artıq müxalifət partiyaları seçki blokları yaratmağa başlayıb. Sizin rəhbərlik etdiyiniz partiya da yeni yaradılmış seçki blokuna qoşulub. Ümumiyyətlə, müxalifət partiyalarının seçkilərə hansı formatda getməsini məqsədəuyğun hesab edirsiniz?

- Bəli, biz - ilkin olaraq 8 siyasi partiya seçki bloku yaratmaq barədə razılığa gəlmişik. Həmin blokun tərkibində fəaliyyət göstəririk. Hesab edirəm ki, parlament seçkilərinə həmin blokun tərkibində qatılacağıq. Ümumi müxalifətə gəlincə isə, təbii ki, müxalifət vahid olmadığı üçün müxalifət partiyalarının hamısının bir araya gəlməsi, vahid bir blok kimi çıxış etməsi faktiki olaraq qeyri-mümkündür və bunu ötən illərin təcrübəsi də göstərib. Eyni zamanda, müxalifət daxilində müxtəlif ideologiyaların daşıyıcısı olan, müxtəlif fəaliyyət istiqamətlərinə malik insanlar var. Yəni bu gün bunları ümummüxalifət məqsədləri birləşdirmir. Sadəcə olaraq müəyyən məqamlarda üst-üstə düşən fikirləri ola bilər. Ona görə də bir çox təşkilatlar arasında funksional əməkdaşlıq mümkündür, amma bütövlükdə bütün müxalifət partiyalarının bir araya gəlməsi, bir təşkilat kimi fəaliyyətini istiqamətləndirməsi mümkün olmayacaq. Ona görə də, yəqin ki, müxalifət bu parlament seçkilərində bir neçə seçki bloku ilə iştirak edəcək.

- İqtidarla müxalifət arasında yeni başlanan prosesi, yəni iqtidat-müxalifət görüşlərinin keçirilməsini necə dəyərləndirirsiniz?

- Təbii ki, bu cür görüşlərin olmasına müsbət yanaşıram. Çünki kütləvi informasiya vasitələrində bəyanatlar vermək və hakimiyyət nümayəndəsi ilə görüşdə öz fikrini bildirmək ayrı məsələlərdir. Hesab edirəm ki, bu cür görüşməyin, fikir bildirməyin əhəmiyyəti var və bu, iqtidarla müxalifət arasında sivil münasibətlərin formalaşmasında rol oynaya bilər. Yəni bu baxımdan bu cür görüşləri müsbət qiymətləndirirəm. Çünki bu, Azərbaycanın siyasi həyatına bir yenilik gətirə bilər. Bildiyiniz kimi, razılıq da əldə olunub ki, bu cür görüşlər davam etdirilsin.

- Bildiyiniz kimi, həmişə dialoq istəyən bəzi müxalifət partiyaları, xüsusən də AXCP ilə Müsavat Partiyası iqtidar-müxalifət görüşündən imtina etdi. Siz onların bu hərəkətini nə cür qiymətləndirirsiniz?

- İqtidar-müxalifət görüşündə iştirak edən partiyaların sayının artırılması nəzərdə tutulur. Kim iştirak etmək istəyər, edər, kim iştirak etmirsə, bu, həmin partiyanın öz işidir. Mənə elə gəlir ki, əgər hakimiyyətlə bağlı hansısa problemin varsa, bunu hakimiyyət nümayəndəsi ilə görüşdə demək lazımdır, nəinki qəzetlərdə, sosial şəbəkələrdə onun arxasınca danışmaq. Hər halda bu həmin partiyaların öz işidir. Burada ikili məqam da ola bilər. Birincisi, ümumiyyətlə, müxalifətin missiyasının nə olduğunu bilməməklə əlaqədar ola bilər. Amma hesab edirəm ki, bu iki partiyanın rəhbərləri ən azı müxalifətin missiyasının nə olduğunu bilirlər. İkinci məqam o ola bilər ki, özlərindən başqa müxalifət görmək istəmirlər. Mənə elə gəlir ki, bu məqam daha çoxdur. Çünki uzun müddətdir ki, Azərbaycanın siyasi həyatında hər bir siyasi partiya, o cümlədən adını çəkdiyiniz siyasi partiyalar hesab edir ki, ondan başqa müxalifət yoxdur. Amma bu, yanlış fikirdir.

- Bəzi fikirlər var ki, sizin partiyanızın da təmsil olunduğu Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzi artıq mövcud deyil. Bu fikirlər nə dərəcədə realdır?

- Hələ ki mərkəz rəsmən fəaliyyətini dayandırmayıb. Amma faktiki olaraq son dövrdə tədbirlər keçirməyib. Ola bilsin ki, bu məsələni müzakirə edək və mərkəz fəaliyyətini yenidən davam etdirsin. Bu, mümkün ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti