Azərbaycan, Bakı, 10 mart /Trend/
2015-ci il martın 12-də İstanbulun Kadir Has Universitetində "Türkiyə-Ermənistan sərhədi hansı səbəbdən bağlıdır?" ("Türkiye-Ermenistan sınırı neden kapalı?") mövzusunda konfrans keçiriləcək.
Trend-in Kadir Has Universitetinin saytına istinadən verdiyi məlumata görə, moderatorunun Kadir Has Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin professoru Mitat Çelikpalanın olması gözlənilən "Türkiyə-Ermənistan sərhədi hansı səbəbdən bağlıdır? Sərhədin açılmasının Türkiyə-Ermənistan münasibətlərinə təsirləri" adlı birinci paneldə Ankaranın TOBB İqtisadiyyat və Texnologiya Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin dosenti Sərdar Palabıyıkın "Sərhəd hansı səbəbdən bağlıdır və onun açılmasına kimlər qarşıdır?", Ankaranın Atılım Universitetinin dosenti Hasan Ali Karasarın "Sərhədin açılmasının Ermənistan-Türkiyə münasibətlərinə təsiri nə ola bilər?" və Atatürk Universitetinin (Ərzurum) professoru Kerem Karabulutun "Sərhədin açılmasının Türkiyənin Ermənistanla sərhəd bölgələrinə təsiri nə ola bilər?" mövzularında məruzə edəcəkləri planlaşdırılır.
Moderatorunun Atatürk Universitetinin professoru K.Karabulutun olması nəzərdə tutulan "Sərhədin açılmasının regional və qlobal təsirləri" adlı ikinci paneldə Kadir Has Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin professoru M.Çelikpalanın "Sərhədin açılmasının Türkiyənin Cənubi Qafqaz siyasətinə gözlənilən təsirləri", Abant İzzet Baysal Universitetinin professoru Kamer Kasımın "ABŞ-Aİ hansı səbəbdən Türkiyə-Ermənistan sərhədinin açılmasını istəyir?; Sərhədin açılması erməni diasporunun soyqırım fəaliyyətinə təsir edə bilərmi?" və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Cavid Vəliyevin "Türkiyə-Ermənistan sərhədinin açılmasına Azərbaycanın münasibəti necə ola bilər? Sərhədlərin bağlı olması Dağlıq Qarabağ məsələsinə necə təsir edib və əgər sərhədlər açılsa, nə baş verə bilər?" mövzularında çıxışları nəzərdə tutulub.