Azərbaycan, Bakı, 13 mart /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Bərdə şəhərinin mənzil fondunun əsaslı təmiri işlərinin sürətləndirilməsinə və Yeni Daşkənd-Umudalılar kəndlərarası avtomobil yolunun yenidən qurulmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Son illər Bərdədə geniş abadlıq-quruculuq işləri aparılmış, mühüm infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən 14 çoxmənzilli yaşayış binası əsaslı təmir edilmiş, 5 nümunəvi abad məhəllə yaradılmış, 10 park salınmış, şəhərin mərkəzi küçələrinin asfalt örtüyü, işıqlandırma və kommunal təminat sistemi yenilənmiş, Müalicə Diaqnostika Mərkəzi, Olimpiya İdman Kompleksi, "ASAN xidmət" Mərkəzi, Musiqi-incəsənət və 18 ümumtəhsil məktəbi, əlil və şəhid ailələri üçün 96 mənzilli 3 yaşayış binası, 1600 məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksləri və digər sosial yönümlü obyektlər inşa edilərək istifadəyə verilmiş, otuz dörd min nəfər əhalinin yaşadığı 25 yaşayış məntəqəsini birləşdirən və ümumi uzunluğu 38 km olan kəndlərarası avtomobil yolları yenidən qurulmuşdur.
Dövlət başçısı Bərdə şəhərinin mənzil fonduna daxil olan daha 56 çoxmənzilli binanın əsaslı təmirinin və Yeni Daşkənd-Umudalılar kəndlərarası avtomobil yolunun yenidən qurulmasının həyata keçirilməsi məqsədi ilə qərara alıb ki, Bərdə şəhərinin mənzil fondunun əsaslı təmiri işlərinin sürətləndirilməsi və on beş min nəfər əhalinin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirən Yeni Daşkənd-Umudalılar kəndlərarası avtomobil yolunun yenidən qurulması məqsədi ilə Bərdə Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 5 milyon, o cümlədən mənzil fondunun əsaslı təmiri işlərinin sürətləndirilməsi üçün ilkin olaraq 3 milyon, kəndlərarası avtomobil yolunun yenidən qurulması üçün ilkin olaraq 2 milyon manat ayrılsın.
Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.