...

İsmayıl Alper Coşqun: "Türk axını" heç bir halda TANAP-a rəqib ola bilməz

Siyasət Materials 16 Mart 2015 18:02 (UTC +04:00)
Rusiya ilə həyata keçirilməsi nəzərdə tutulan “Türk axını” qaz boru kəməri layihəsi heç bir halda TANAP-a rəqib ola bilməz.
İsmayıl Alper Coşqun: "Türk axını" heç bir halda TANAP-a rəqib ola bilməz

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir Rufiz Hafizoğlu/

Rusiya ilə həyata keçirilməsi nəzərdə tutulan "Türk axını" qaz boru kəməri layihəsi heç bir halda TANAP-a rəqib ola bilməz. Bu sözləri Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşqun Trend-ə açıqlamasında bildirib.

Hazırda "Türk axını" layihəsinin reallaşdırılmasının fiziki və maliyyə baxımından mümkün olub-olmaması ilə bağlı tərəflər arasında danışıqlar aparılır. Səfir deyib ki, "Türk axını" layihəsi Azərbaycanda çox diqqətlə izlənilir və bu da normaldır: "Lakin bəzi yanlış anlayışlar meydana gəldi və bunlar da aradan qaldırılmalıdır".

Onun sözlərinə görə, Türkiyənin energetika nazirinin Azərbaycana səfəri zamanı Azərbaycan Prezidentinə və ölkə ictimaiyyətinə bu barədə açıqlamalar verildi: "Bunu bilmək lazımdır ki, TANAP Türkiyənin də ortaq olduğu bir layihədir. Yəni Türkiyə "Şahdəniz" layihəsində BP-dən sonra ikinci ən böyük ortaqdır. Digər tərəfdən, TANAP layihəsində BOTAŞ-ın payı artıb, yəni Türkiyə TANAP layihəsinda SOCAR-dan sonra ikinci əsas ortaqdır. Bu baxımdan TANAP-ı hər hansı başqa layihə ilə müqayisə etmək doğru olmaz".

İ.A.Coşqun hesab edir ki, TANAP Türkiyənin siyasi və iqtisadi olaraq bütün potensialını ortaya qoyduğu və Ankaranın sahib çıxdığı bir layihədir.

Səfir qeyd edib ki, bu il martın 17-də Qarsda TANAP layihəsinin təməlqoyma mərasimi keçiriləcək: "Bütün bunlarla yanaşı, TANAP önəm verdiyimiz, işlərin nəzərdə tutulduğundan daha sürətlə irəlilədiyi bir layihədir və "Türk axını" TANAP-ın reallaşmasına mənfi təsir göstərə bilməz".

Diplomat deyib ki, "Türk axını" Rusiyanın Türkiyəyə təqdim etdiyi bir layihədir və bu məsələdə BOTAŞ ilə "Qazprom" arasında gedən danışıqlara əsasən Türkiyə Rusiyaya bildirib ki, Rusiya tərəfi boru xəttini Qara dəniz vasitəsilə Türkiyəyə çatdırsın: "Danışıqlar əsnasında Rusiyaya bildirilib ki, layihənin Türkiyə torpaqlarına çatacağı andan etibarən Türkiyə sizinlə ortaq şirkət quracaq. Lakin Qara dəniz vasitəsilə boru xəttinin Türkiyəyə çatdırılması tam olaraq Rusiyanın üzərinə düşən məsələdir. Nə iqtisadi, nə də hər hansı başqa yöndən Türkiyə bu işə müdaxilə etmir".

O, əlavə edib ki, "Türk axını" ilə Türkiyəyə dörd borunun çəkilməsi nəzərdə tutulur. Bunlardan biri Türkiyənin Rusiyadan aldığı qaz üçün, digər üç xətt isə Avropa bazarları üçün nəzərdə tululub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti