Azərbaycan, Bakı, 16 mart /Trend/
Bu gün Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov UNICEF-in Mərkəzi və Şərqi Avropa ölkələri və Müstəqil Dövlətlər Birliyi üzrə regional direktoru xanım Mari-Piyer Puaryeni qəbul edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səmimi qəbula görə təşəkkürünü bildirən xanım Mari-Piyer Puarye UNICEF-lə Azərbaycan hökuməti arasında uzun illər davam edən faydalı əməkdaşlıqdan razılığını ifadə edib. Bütün sahələrdə sürətlə inkişaf edən respublikamızda uşaq hüquqlarının təmini istiqamətində də hökümətin səylərinin beynəlxalq müstəvidə yüksək qiymətləndirildiyini nəzərə çatdıran qonaq böyük potensiala malik ölkəmizlə gələcək əməkdaşlığın daha da səmərəli olacağına əminliyini bildirib.
Ə.Əhmədov UNICEF-in ötən illər ərzində ölkəmizdəki fəaliyyətinin, o cümlədən Azərbaycan hökumətinin səhiyyə sisteminin təkmilləşdirilməsi və səhiyyə islahatının həyata keçirilməsi işində bu mötəbər qurumun da dəstəyinin təqdirəlayiq olduğunu qeyd edib. Baş nazirin müavini xüsusən birgə əməkdaşlıq nəticəsində uşaqların sağlamlığının mühafizəsi, ana və uşaqlar üçün xidmətlərin təkmilləşdirilməsi və şəraitin yaxşılaşdırılması, həmçinin uşaqlarda əlilliyin erkən aşkar edilərək profilaktikası istiqamətində müsbət nəticələrə nail olunduğunu vurğulayıb.
Qəbul zamanı 2016-2020-ci illər üçün UNICEF tərəfindən hazırlanan əməkdaşlıq üzrə yeni proqramın prioritetləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.