Azərbaycan, Bakı, 17 mart /Trend/
"Hesab edirəm ki, Yeni Azərbaycan Partiyasının namizədləri seçkilərdə ciddi uğurlar əldə edəcəklər". Trend-in məlumatına görə, bunu YAP-ın saytına müsahibəsində partiyanın icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, parlament seçkiləri ilə əlaqədar hazırlıq işləri də davam etməkdədir: "Biz rayon və şəhər təşkilatları sədrlərinin toplantısını keçirmişik. Namizədlərin irəli sürülməsi prosesi rəhbərlik tərəfindən müəyyənləşdiriləcək və zamanında ictimaiyyətə məlumat veriləcək".
Onun sözlərinə görə, hakim Yeni Azərbaycan Partiyası istənilən vaxt seçkilərə hazır olan partiyadır: "Bunu deməyə əsasımız var. Çünki partiyanın həm üzvlərinin sayı, həm keyfiyyəti, həm də bölgələr üzrə təşkilatanması yüksək səviyyədədir. Eyni zamanda, YAP-ın rəhbərliyi, şəxsən Sədrimiz cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi istiqamətində bütün tədbirlər həyata keçirilir. YAP-ın ideoloji, təşkilati, beynəlxalq əlaqələr və s. istiqamətlərdə gördüyü işlər o qədər çoxdur ki, saymaqla qutarmaq olmaz. Burada tam təşkilatlanmış, güclü mexanizm var. Partiyanın bütün strukturları saat mexanizmi kimi çalışmaqdadır. Belə olan şəraitdə partiyanın seçkilərə getməsi və qələbə qazanması aksiomadır".