...

İlham Əliyev mənzil fondunun özəlləşdirilməsi zaman tələb olunan sənədlərə dəyişiklikləri təsdiq edib

Siyasət Materials 19 Mart 2015 14:19 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikləri təsdiq edib.
İlham Əliyev mənzil fondunun özəlləşdirilməsi zaman tələb olunan sənədlərə dəyişiklikləri təsdiq edib

Azərbaycan, Bakı, 19 mart /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikləri təsdiq edib.

Trend-in məlumatına görə, "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin üçüncü hissəsinin dördüncü abzasına "orderi" sözündən sonra "və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam" sözləri əlavə edilib.

Bununla da Azərbaycanda mənzillərin özəlləşdirilməsi zamanı tələb olunan sənədlər sırasına mənzil kirayəsi müqaviləsi də əlavə edilir.

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1199-IVQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam da imzalayıb.

Sərəncamda qeyd olunub ki, Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

Qeyd edək ki, Milli Məclisin fevralın 24-də keçirilən plenar iclasında qanun layihəsi iclasın gündəliyinə daxil edilib və müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib. Qanun layihəsi mənzil kirayəsi müqavilələrinin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsas kimi müəyyən edilməsi məsələlərini nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti