...

Allahşükür Paşazadə: Ermənilər XX əsrin əvvəlində bütün türk xalqına qarşı soyqırım törədiblər (ƏLAVƏ OLUNUB)(FOTO)

Siyasət Materials 30 Mart 2015 11:43 (UTC +04:00)
Bu soyqırım illərlə birtərəfli təbliğ olunub. Ermənilər bütün dünyaya bəyan ediblər ki, vurulub öldürülüblər.
Allahşükür Paşazadə: Ermənilər XX əsrin əvvəlində bütün türk xalqına qarşı soyqırım törədiblər (ƏLAVƏ OLUNUB)(FOTO)

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir İlkin İzzət/

"Bu soyqırım illərlə birtərəfli təbliğ olunub. Ermənilər bütün dünyaya bəyan ediblər ki, vurulub öldürülüblər. Sovet dövründə hakimiyyətdəkilər erməni ekstremistlərinin təsiri altında olduğuna görə Azərbaycanda baş verən hadisələri aşkar etməkdə çətinliklər yaranırdı".

Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə idarədə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı keçirilən tədbirdə deyib.

A.Paşazadə bildirib ki, XX əsrin əvvəllərində baş verən soyqırım təkcə Azərbaycana qarşı deyil, bütün türk xalqına qarşı törədilmişdi: "Təkcə Azərbaycanda deyil, Türkiyədə də çoxlu insanlar bu soyqırıma məruz qalmışdı. Bakı, Şamaxı, Lənkəran, Quba, Qarabağ, Zəngəzur və digər bölgələrdə törədilən qırğınların təsiri bu gün də özünü göstərir. Bu hadisələr zamanı 12 minə yaxın insan öldürülüb, minlərlə insan itkin düşüb. Məqsəd isə ermənilərin Qara dənizdən Xəzər dənizinədək "Böyük Ermənistan" dövləti yaratmaq idi".

QMİ sədri daha sonra deyib: "Biz Ermənistanda olanda gördük ki, məscidlərimizin başına nə oyun gətiriblər. Yalnız İrəvandakı bir məscidi saxlayıblar. Onu da İran məscidi kimi qələmə verirlər. Əslində isə o, Azərbaycan məscididir. Amma baxın, Azərbaycandakı erməni kilsələri necə qorunub saxlanılır. Ermənilər özlərini dünyaya məzlum kimi göstərirlər. Amma onlar əslində minlərlə insanı nahaq yerə vəhşicəsinə qətlə yetiriblər".

A.Paşazadə bildirib ki, nə qədər Heydər Əliyev SSRİ-nin Siyasi Bürosunun üzvü idi, ermənilər niyyətlərinə nail ola bilmirdilər: "Lakin Heydər Əliyev həmin vəzifəsində olmayandan sonra Qarabağ məsələsini ortaya atdılar. Lakin biz gec- tez işğal edilmiş torpaqlarımızı Prezident İlham Əliyevin rəhbərliyi altında geri alacağıq. Nə qədər ki, torpaqlarımız işğaldan azad edilməyib, biz soyqırımları unutmamalıyıq. Azərbaycanda və Türkiyədə minlərlə insan ermənilər tərəfindən qətlə yetirilib. Amma biz bunu dünyaya sübut edə bilmirik. Onlar bu gün də öz niyyətlərindən əl çəkmirlər. Onlar hətta Rusiyada Krasnodar, Gürcüstanda Cavaxetiyaya əl atırlar. Onlar başqalarının torpaqlarını ələ keçirmək istəyirlər".

QMİ sədri əlavə edib ki, apreldə ermənilər saxta "soyqırım"ının 100 illiyini qeyd etməyə hazırlaşır: "Özlərini gözüyaşlı kimi göstərməyə çalışırlar. Amma biz ermənilərin özlərinin vəhşiliklərini görəndə dəhşətə gəlirik. Xocalı soyqırımı zamanı şəhid olanları görəndə, onların sinələrinə çəkilmiş xaç şəkillərini görəndə dəhşətə gəlirik. Təəssüf ki, azərbaycanlılara, türk xalqına qarşı ermənilərin törətdikləri soyqırımları dəstəkləyən dövlət başçıları, din xadimləri var. Amma biz inanırıq ki, haqq- ədalət gec-tez öz yerini tutacaq".

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi, Azərbaycandakı dini konfessiyaların rəhbərləri, QMİ-nin bölğələr üzrə səlahiyyətli nümayəndələri, İslam Universitetinin müəllim-tələbə heyəti, din, elm və ictimai xadimlər iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti