...

Ərəstun Mehdiyev: Azərbaycan İkinci Dünya Müharibəsində qələbənin qazanılmasına böyük töhfə verıb

Siyasət Materials 2 Aprel 2015 10:51 (UTC +04:00)
Azərbaycan İkinci Dünya Müharibəsində qələbənin qazanılmasına böyük töhfə verıb. Orada Azərbaycanın oğul və qızları iştirak ediblər. 700 min nəfərə yaxın Azərbaycan vətəndaşı bu müharibədə iştirak edib
Ərəstun Mehdiyev: Azərbaycan İkinci Dünya Müharibəsində qələbənin qazanılmasına böyük töhfə verıb

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir Səba Ağayeva/

"Azərbaycan İkinci Dünya Müharibəsində qələbənin qazanılmasına böyük töhfə verıb. Orada Azərbaycanın oğul və qızları iştirak ediblər. 700 min nəfərə yaxın Azərbaycan vətəndaşı bu müharibədə iştirak edib. Demək olar ki, onların yarısı müharibədən geri dönməyib, öz həyatlarını qurban veriblər". Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev Bakıda II Dünya Müharibəsində Böyük Qələbənin 70 illiyinə həsr olunan böyük konfransdan öncə jurnalistlərə açıqlamasında deyib.

Ə.Mehdiyev bildirib ki, Azərbaycan arxa cəbhədə də böyük işlər görüb: "Həm neft, həm də digər təsərrüfat sahələrində qələbənin qazanılmasına öz töhfəsini verib. Ona görə də biz bu gün o qələbəni qazananlar qarşısında öz minnətdarlığımızı bir daha ifadə edərək onların hörmətini uca tutur və bu qələbəni bu günki bizim həyatımızda, azadlığımızın təmin olunmasında və gənclərimizin yetişməsində əlbəttə ki, yüksək qiymətləndiririk. Bu baxımdan da hesab edirəm ki, bu qələbənin qeyd olunması hər il bütün dünyada, MDB məkanında olduğu kimi Azərbaycanda da təşkil olunmalıdır. Biz də bugünki ənənələrə sadiq qalaraq bu böyük konfransı keçiririk. Azərbaycan xalqının göstərdiyi xidmətləri burada qeyd edəcəyik".

Onun sözlərinə görə, konfransda Rusiyadan Federasiya Şurasının nümayəndələri, mətbuat nümayəndələri, elmi mərkəzlərin rəhbərləri, o cümlədən müxtəlif MDB ölkələrindən - Belarusdan, Orta Asiya respublikalarından və Azərbaycanın müxtəlif elmi müəssisələri-akademiyaların, ali məktəblərin professorları, tədqiqatçılar iştirak edirlər: "Bu, əlbəttə ki, Qələbə bayramı ərəfəsində keçirilən mühüm tədbirlərdən biridir. Azərbaycanda hər il Böyük Vətən Müharibəsi, II Dünya Müharibəsi nəticəsində qazanılan qələbə həmişə qeyd olunub. Həm dövlət tədbirləri ilə, həm də ayrı-ayrı təsisatlarda keçirilən müxtəlif yığıncaqlarla, dəyirmi masalarla müşayiət edilib. Bu il də Azərbaycanda qələbənin 70 illiyi dünyada olduğu kimi qeyd ediləcək. Bu günki tədbir də həmin tədbirlər silsiləsindən biridir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti