...

Vurğun Əyyub: "Özləri də nə etdiklərini bilmirlər"

Siyasət Materials 2 Aprel 2015 16:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir Elçin Mehdiyev/

"Mənim Müsavat Partiyası Məclisinin üzvlüyündən çıxarılmağımı müzakirə etmək sadəcə məntiqsizlikdir". Bu barədə Trend-ə Müsavat Partiyasının üzvü, Azərbaycan Demokratiya və Rifah Hərəkatı sədrinin birinci müavini Vurğun Əyyub Məclisin növbəti toplantısında onun üzvlükdən çıxarılacağı barədə yayılan məlumatlara münasibət bildirərkən deyib.

V.Əyyub qeyd edib ki, o, Məclisi legitim saymadığı üçün özünü Məclis üzvü hesab etmir: "Mən qurultaydan keçən müddət ərzində deyirəm ki, mən özümü Məclis üzvü hesab etmirəm. Özləri də nə etdiklərini bilmirlər. Mən deyirəm ki, özümü Məclis üzvü hesab etmirəm, bunlar deyir ki, yox, onun məsələsinə baxacağıq. Nəyinə baxacaqlar? Bu sadəcə olaraq məntiqsizlikdir".

O, Müsavat Partiyası adından deputatlığa namizədliyinin irəli sürülməsi məsələsinə də aydınlıq gətib: "Müsavat Partiyasının Suraxanı rayon təşkilatı mənim fikrimi soruşub, mən də razı olmuşam. Mən Müsavat Partiyasının üzvüyəm və hər bir partiya üzvü kimi seçkilərdə iştirak etmək hüququm var. Mənim üçün əsas rayon təşkilatının mövqeyi və qərarıdır. Qalan şeylər məni maraqlandırmır".

"Müsavat Məclisini tanımayan adamın Müsavat adından namizədliyini irəli sürməsi məntiqsizlikdir" fikrinə münasibət bildirən V.Əyyub deyib ki, bu fikri deyənlərin özləri məntiqsizlikdən çıxış edirlər: "Onu deyənlərin özlərinin məntiqinə adam heyran qalır. Müsavat Partiyası yalnız rəhbərlikdən ibarət deyil ki. Mən Müsavat Partiyasının rəhbərliyini legitim hesab etmirəm, ümumi Müsavat Partiyasını deyil".

Qeyd edək ki, ötən il sentyabrın 27-də müxalif Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda Arif Hacılı yeni başqan seçilib. Lakin partiyanın bir çox üzvləri seçkilərin saxtalaşdırıldığını iddia edirlər. Bu məqsədlə partiyada narazı üzvlərin fraksiyasının yaradılması təklif edilir. Digər qrup narazı üzvlər isə Azərbaycan Demokratiya və Rifah Hərəkatını yaradıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti