Azərbaycan, Bakı, 9 aprel /Trend/
Bu gün Milli Məclis sədrinin müavini Valeh Ələsgərov Slovakiya Milli Şurasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Madey Robertin başçılıq etdiyi nümayəndə heyətinin üzvləri ilə görüşüb.
Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qonaqları səmimi salamlayan Valeh Ələsgərov dünya və region üçün aktual olan təhlükəsizlik məsələlərinə toxunub. O, bir sıra nüfuzlu beynəlxalq təşkilatların bəzi ölkələrin ərazi bütövlüyü məsələsi ilə bağlı konkret fəaliyyətsizlik nümayiş etdirdiklərini, bunun nəticəsi olaraq dünyada münaqişələrin durmadan artdığını vurğulayıb. Vitse-spiker Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsindəki mövcud durum barədə məlumat verib.
V.Ələsgərov qeyd edib ki, Avropa ölkələri Azərbaycanla iqtisadi sahədə əməkdaşlığın dərinləşməsində maraqlıdır. Ölkəmizə enerji resursları sahəsində sərmayə qoyulmasının daha çox maraq kəsb etdiyini deyən parlament sədrinin müavini Azərbaycanın neft-qaz ixrac edən ölkə kimi nüfuzundan söz açıb. O, TAP, TANAP kimi irihəcmli layihələrin icrasına başlanıldığını xatırladıb. V.Ələsgərov Azərbaycanın ilk dəfə olaraq Birinci Avropa Oyunlarına ev sahibliyi edəcəyinə bəzi qurumların qısqanclıqla yanaşdığını deyib, Slovakiyanın bu oyunlarda fəal iştirak edəcəyinə əmin olduğunu söyləyib.
Slovakiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri M.Robert qonaqpərvərlik və səmimi söhbət üçün minnətdarlığını bildirib. Slovakiyanın Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu, hər iki ölkənin parlamentləri arasında əlaqələrin daha da genişləndirilməsinin günün tələbi olduğunu vurğulayıb. Qonaq bununla Azərbaycana ikinci dəfə səfər etdiyini və aparılan danışıqlardan razı qaldığını deyib. Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həllini tapacağına ümidvar olduğunu bildirib.
Söhbətdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barəsində fikir mübadiləsi aparılıb.
Bu gün Milli Məclisdə, həmçinin Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Slovakiya Milli Şurasının Slovakiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüblər.
Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Şəmsəddin Hacıyev ölkələrimiz arasında mövcud olan tarixi əlaqələrdən söz açıb. Müstəqil Azərbaycanın siyasi, iqtisadi, sosial sahələrdəki nailiyyətlərindən bəhs edib. Slovakiya ilə əməkdaşlığı genişləndirmək üçün kifayət qədər potensialın olduğunu vurğulayıb. Parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi vacibliyini qeyd edib.
Görüşdə Slovakiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri M.Robert həm Azərbaycana dəvətə görə, həm də ölkəmizdə gördükləri qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Bakıya səfərdən böyük məmnunluq və şərəf duyduqlarını söyləyib. Dostluq qrupları səviyyəsində əməkdaşlığın gələcəyinə böyük ümidlərlə baxdıqlarını bildirib. Azərbaycanla ticarət-iqtisadi, mədəniyyət və turizm sahələrində əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.
Söhbət zamanı tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Slovakiya Milli Şurasının nümayəndə heyəti ilə görüşdə deputatlar Sədaqət Vəliyeva, Bəxtiyar Əliyev, Azərbaycanın Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri Qalib İsrafilov, digər rəsmi şəxslər iştirak ediblər.