...

Prezident İlham Əliyev: Əminəm ki, Avropa Oyunları da böyük idman və dostluq bayramına çevriləcəkdir

Siyasət Materials 11 Aprel 2015 02:06 (UTC +04:00)
“Avropa Oyunlarının keçirilməsinə az vaxt qalır. Biz Nazirlər Kabinetinin növbəti toplantısını ilin altı ayının yekunlarına həsr edəcəyik. Ona görə Avropa Oyunlarına qalan müddət ərzində bütün müvafiq qurumlar daha da fəal işləməlidir. Əslində, biz bütün hazırlıq işlərini artıq başa çatdırırıq. Nəqliyyat, infrastruktur, təhlükəsizlik, texniki-təşkilati məsələlər öz həllini tapır”. Trend-in məlumat
Prezident İlham Əliyev: Əminəm ki, Avropa Oyunları da böyük idman və dostluq bayramına çevriləcəkdir

Azərbaycan, Bakı, 11 aprel /Trend/

"Avropa Oyunlarının keçirilməsinə az vaxt qalır. Biz Nazirlər Kabinetinin növbəti toplantısını ilin altı ayının yekunlarına həsr edəcəyik. Ona görə Avropa Oyunlarına qalan müddət ərzində bütün müvafiq qurumlar daha da fəal işləməlidir. Əslində, biz bütün hazırlıq işlərini artıq başa çatdırırıq. Nəqliyyat, infrastruktur, təhlükəsizlik, texniki-təşkilati məsələlər öz həllini tapır".

Trend-in məlumatına görə, bunu aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda yekun nitqində deyib.
Prezident bildirib ki, Təşkilat Komitəsi çox fəal və səmərəli işləyir: "Beynəlxalq Əməliyyat Komitəsi də fəal işləyir. İdman obyektlərimiz demək olar ki, hazırdır. Keçən ay biz Bakı Olimpiya Stadionunun və Bakı Atıcılıq Mərkəzinin açılışını qeyd etdik. Su İdmanı Sarayında son tamamlama işləri gedir. Heydər Əliyev adına İdman-Konsert Kompleksində təmir işləri başa çatır. Bulvarda yerləşən idman sarayında da işlər yekunlaşır. Bildiyiniz kimi, həm yeni idman obyektləri yaradılır, həm əvvəlki illərdə yaradılan obyektlər əsaslı şəkildə təmir olunur, əslində yenidən qurulur".

Dövlət başçısı qeyd edib ki, Avropa Oyunları Parkı yaradılır: "Bu, əslində müvəqqəti idman qurğuları kimi nəzərdə tutulurdu. Ancaq nəzərə alsaq ki, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları Bakıda keçiriləcəkdir, hesab edirəm, Avropa Oyunlarından sonra Avropa Oyunları Parkı qalmalıdır. Ola bilər İslam Həmrəyliyi Oyunlarından sonra da qalsın. Çünki indi Bakıda yeni gözəl bir istirahət zonası yaradılır. Bayraq Meydanından ta Bibiheybətə qədər gözəl bir park və istirahət zonası, idman zonası yaxın zamanlarda ictimaiyyətin istifadəsinə veriləcəkdir. Biz tədricən bulvarı genişləndiririk. Yadınızdadır, Bayraq Meydanı yaradılandan bir qədər sonra insanların sərəncamına verildi. İndi Bayraq Meydanından Bibiheybətə tərəf olan hissədə böyük tikinti, abadlıq işləri görülür. Beləliklə, "Ağ Şəhər" bulvarı ilə birlikdə bulvarın uzunluğu 16 kilometrə çatacaqdır.

Tofiq Bəhramov adına Stadionda təmir-bərpa işləri artıq başa çatmışdır. İndi orada da müvafiq qurğular tikilir. "Crystall Hall"da bir neçə idman növü üzrə yarışlar keçiriləcəkdir. Orada da işlər hazırdır. Mingəçevirdəki "Kür" avarçəkmə bazasında müvəqqəti qurğular, tribunalar yaradılır. Atletlər Kəndi demək olar ki, hazırdır, Media Kəndi yaradılıbdır. Media Kəndi - deyə bilərəm ki, ümumiyyətlə, ilk dəfə belə bir yer olacaq. Çünki Yay Olimpiya və Qış Olimpiya oyunlarında heç vaxt Media Kəndi olmamışdı, jurnalistlər hərəsi bir yerdə qalırdı. Biz isə jurnalistlərə də diqqət göstərərək onlar üçün də gözəl yaşayış yerlərini müəyyən etdik, düz Atletlər Kəndinin yanında yerləşir".

İlham Əliyevin sözlərinə görə, Avropa Oyunlarına dünyada çox böyük maraq var: "Altmışa yaxın telekanal artıq müqavilə bağlayıb ki, bu Oyunları yayımlasın və beləliklə, "Bakı-2015" birinci Avropa Oyunları dünya ictimaiyyəti tərəfindən də izlənəcək. Yəni, son mərhələdəyik, ona görə şadam ki, çox qısa bir müddətdə - iki il yarım ərzində biz bu işin öhdəsindən gəldik. Əslində mən şübhə etmirdim, çünki bizim başladığımız bütün işlər uğurla yekunlaşır. Əminəm ki, Avropa Oyunları da böyük idman və dostluq bayramına çevriləcəkdir.

Bir sözlə, vəzifələr aydındır. Biz ilin sonuna qədər fəal işləməliyik ki, bütün vəzifələri uğurla icra edək, ölkəmizi daha da gücləndirək".


Xəbər lenti

Xəbər lenti